Noy 12, 2017 09:14 Asia/Baku
  • Ruslar

Rusiyanın müdafiə naziri şənbə günü axşam "Əbu Kəmal" şəhərinin İŞİD-in işğalından azad edilməsi münasibəti ilə Suriya ordusunu təbrik edib və şəhərin rusiyalı mütəxəssislər tərəfindən minalardan təmizlənməsi əməliyyatına başlanmasından xəbər verib.

Suriya ordusu və müqavimət qüvvələri çərşənbə günü axşam Deyrəzzurun cənubunda yerləşən Əbu Kəmal şəhərini İŞİD terrorçularının işğalından azad ediblər. 

Əbu Kəmal şəhəri Fərat çayının sahilində və İraq-Suriya sərhədlərinin yaxınlığında yerləşir. Bu şəhər İŞİD-in Suriyadakı sonuncu əsas bazası sayılırdı. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriya ordusu və müqavimət qüvvələrinin çərşənbə günü Əbu Kəmal şəhərinin azad edilməsi əməliyyatı zamanı çoxlu sayda terrorçunun məhv edilməsinə işarə edərək, deyib: Bir qrup terrorçu Fərat çayını keçərək, Suriyanın şimalına doğru irəliləməyə çalışır.  

Rusiyanın müdafiə naziri daha sonra kinayə ilə belə deyib: Ümidvaram getdikləri yerdə onları layiq olduqları şəkildə qarşılasınlar. 

Şoyqu həmçinin, Əbu Kəmal şəhərinin azad edilməsində Suriya ordusuna havadan dəstək verən Rusiyanın aviasiya qüvvələrinə də təşəkkür edib. 

Əbu Kəmal şəhərinin azad edilməsi ilə İŞİD terrorçularının Suriyadakı iştirakı sadəcə Deyrəzzur və Homs vilayətinin düzənlik əraziləri ilə məhdudlaşmış olub.