May 21, 2018 18:38 Asia/Baku
  • İran millisi
    İran millisi "Rusiya-2018" dünya çempionatına yola düşür

Rusiya-2018 dünya çempionatında iştirak edəcək İran millisi üçün dünən Tehranın Vəhdət sarayında rəsmi yolasalma mərasimi keçirilib. Siyasət, mədəniyyət, incəsənət və idman dünyasından gələn qonaqların iştirakı ilə keçirilən bu mərasim unudulmaz mənəvi anlarla yadda qalıb.

Dünən TehranınVəhdət sarayı iranlı futbolçuların yola salınması mərasimində iştirak etmək istəyənlər ilə dolub-daşdı.

İranın Futbol Federasiyasının prezidenti Mehdi Tac bu barədə deyir: “Vəhdət sarayı bu gün həqiqətən vəhdətin şahidi idi. İncəsənət xadimləri, musiqiçilər, futbol komandasının hazırkı heyəti, keçmiş heyəti və veteran futbolçular. Hamı burdaydı.”

Komandanın baş məşqçisi Karlos Keyruş bu mərasimdə çıxış edərək dedi: “Sizin burda bir araya gəlməyiniz dünya çempionatında bizim üçün böyük ruh yüksəkliyidir və əmin olun ki, öz gəlişinizlə komanda üzvlərinə güc vermisiniz.”

İranın mədəniyyət və islami irşad naziri seyid Abbas Salehi də bu mərasimdə dedi: “Milli komandamızın üzvləri bir oyunçu olmaqla yanaşı, İranın və iranlıların sülh, dostluq və həmrəylik müraciətini dünyaya çatdıracaq səfirlərimizdirlər.”

İmam Rza(ə) hərəminin xadimləri də İranlı futbolçuları özləri ilə gətirdikləri Rəzəvi hərəminin yaşıl bayrağı ilə dünya çempionatına yola salıblar.

Futbolçulardan biri deyir: “Vəsfə gəlməz bir hissim var. Boynumdakı bu parça mənə güc verir. Ümidvaram bayrağımızı daim yüksəklərdə dalğalandıra bilək. Və mən buna əminəm.”

Üzlərindəki ifadədən komanda üzvlərinin böyük mübarizəyə tam hazır olduqlarından xəbər verir.

Komanda üzvlərindən biri deyir: “Məqsədimiz yüksək nəticə əldə etməkdir. Artıq dünya çempionatına bir aydan belə az zaman qalıb.”

Bu gündən etibarən Dünya Çempionatında Mərakeş yığması ilə ilk qarşılaşmaya cəmi 25 gün qalıb.