Okt 22, 2018 10:34 Asia/Baku
  • Tövhid
    Tövhid

Tövhid sözü vəhdət yaratmaq mənasında da işlənə bilər. İslam mənbələrini nəzərdən keçirək. Bu mənbələrdə tövhid dedikdə Allahın yeganəliyi nəzərdə tutulur. Hətta tövhid İslami prinsip olaraq bəyan edildikdə ilahi tövhid nəzərdə tutulur. Bu hər sahədə vəhdətə işarədirmi?

Bəzi cərəyanlar bu fikirdədir ki, İslamda tövhid dedikdə cəmiyyətdə təbəqələşmənin olmaması nəzərdə tutulur. Demək, onlar tövhidi cəmiyyətdə vəhdətin yaranması mənasında qəbul edirlər. Bunun isə Allaha aidiyyatı yoxdur. Bir zaman İranda məqam sahibi olmuş şəxslər yazırlar ki, tövhid İslam maarifi və fəlsəfədə prinsipdir. İslam dünyagörüşündə varlıq vəhdətə doğru hərəkətdədir. Ziddiyyətlər aradan qalxmalı, vəhdət yaranmalıdır. Bu onların fikridir. Ərəblər belə yanaşmaya “ölünün də gülməyi gəlir” məsəli ilə cavab verirlər. Bəli, insan danışanda və yazanda öz fikirlərinə istinad edərsə, bütün mövzular onun üçün oyuna çevrilər. Deyirlər ki, yalanın sümüyü olmadığından boğazda qalmaz. İnsan istədiyini yazmaq, istədiyini danışmaq qərarına gəldikdə bütün mövzularla oyuna girir. 
Bəs Quran baxımından necədir? İslam dünyagörüşünün başlanğıc prinsipi olan tövhid hansı mənanı kəsb edir? Cəmiyyətin birliyi, hamının bir istiqamətə yönəlməsi, yoxsa Allahın yeganəliyi?
Qeyd edək ki, Qurani-kərimdə “tövhid” sözü və onun müxtəlif formaları işlədilməyib. Quranı başdan-başa nəzərdən keçirin, bir dəfə də olsa, tövhid sözü zikr edilməyib. Bu çox qəribədir. Bəs Quran başlanğıc prinsip saydığı bir məfhumu necə bəyan edib? Ayələrə baxsaq buna şahid olarıq. (قُلْ هُوَ اللّهُ اَحَد ـ اِنَّما اِلهُکمْ اِلهُ واحِد ـ اُعبُدُاللّه ما لَکُم مِنْ اِله غَیره ـ لا اِله اِلاّ اللّه ـ لا اِله اِلاّ هوَ
Beləcə, Quranın başlanğıc prinsipi tövhid sözü işlədilmədən bəyan olunur. Şübhəsiz ki, məqsəd tövhid mövzusunda mübahisə yaratmaq deyil. 
Quranın ilkin prinsip kimi təqdim etdiyi budur ki, Allahdan başqa məbud olmadığına inanaq və yalnız Ona pərəstiş edək. Bu bütün peyğəmbərlərin şüarıdır. Allaha pərəstiş, bütlərin inkarı! Demək, tövhid dedikdə Allahın yeganəliyindən, Onu şəriksiz saymaqdan başqa heç bir məna nəzərdə tutulmayıb. “Nəhcül-bəlağə” və hədislərdə də tövhid bir İslami prinsip olaraq eyni mənada bəyan olunur. Demək, tövhidi istənilən bir başqa mənada təfsir etmək çaşqınlıq yaradır, bu işdə məqsəd ya nadanlıq, ya da qərəzdir. Tövhidin yalnız Allahın yeganəliyini bildirməsi ilə bağlı müddəamız söhbətimizin müqəddiməsidir. Digər məsələlər haqq ya batil olmasından asılı olmayaraq bu sözə tətbiq edilmir. Məsələn, cəmiyyətdə təbəqələrin mövcud olmaması tövhidə aid olan mövzu deyil. Əgər sübuta yetirilsə ki, İslamda cəmiyyətdəki təbəqələr arasında fərqləri aradan qaldırmaq nəzərdə tutulur, yenə də bu mövzunun tövhidə aidiyyatı yoxdur. 
Allahı yeganə bilməyin bir forması budur ki, onun vücudu zatən zəruridir və bütün başqa mövcudlar Ondandır. Bu fəlsəfi bir baxışdır. Demək, ilk yanaşma Allahın vücudunda tövhiddir. 
İkinci yanaşmaya əsasən, Allahdan başqa yaradan yoxdur. Bu da birincinin buna “yaranışda tövhid” deyirlər. Üçüncü baxış tədbir və müdiriyyətdə tövhiddir. Yəni qəbul edirik ki, varlıq aləmində yeganə müdir Allahdır, Onun istək və iradəsi olmadan heç bir iş baş verməz. Əgər bir şəxs Allahı yaradan kimi qəbul edib, dünyanın başqa biri tərəfindən idarə olunduğunu düşünsə, bu şirkdir. Allahın nə yaranışda, nə də müdiriyyətdə şəriki yoxdur. Bu da bir mərhələdir. İnsan inanır ki, Allah varlıq aləmini təkbaşına yaratdığı kimi, onu kimsənin köməyi olmadan idarə edir. 
Digər bir məsələ təşrii (şəri, şəriyətə aid olan) rübubiyyətdə tövhiddir. Bizi yaradan Allahdır və varlığımız Onun ixtiyarındadır. Bütün işlərimiz də birbaşa Onun rübubiyyətinə tabedir. İnanmalıyıq ki, Ondan başqa kimsənin qanun verməyə haqqı yoxdur. Başqa biri yalnız Allahın icazəsi ilə insanlara göstəriş verə bilər. Bütün qanunlarda Allahın imzasına ehtiyac var. Allahın imzası olmadan heç bir qanun qüvvəyə minməz. Allah insanlara qanun tənzimləmək haqqı verməyib. Bütün varlıq aləmi Onundur və Onun izni olmadan yaranmışlara əmr verib, qadağa qoymaq olmaz. Bu tövhid təşrii rübubiyyətdə tövhid adlanır. Sadə dillə, şəriət qanunlarının yeganə Allah tərəfindən tənzimlənməsi və bu qanunlara itaət qeyd edilən tövhiddir. 
Digər bir tövhid mərhələsi uluhiyyət və məbudiyyətdə tövhiddir. Yəni Allahdan başqa pərəstişə layiq olan yoxdur. Bu, məşhur “la ilahə illəllah” şüarında ifadə olunur. Bu tövhid öncəki tövhidin təbii nəticəsidir. Bir halda ki, bizi yaradan Allahdır, ixtiyarımız Onun əlindədir, varlıq aləminə o nəzarət edir, qanun vermək də Onun haqqıdır. Bu halda başqa birinə pərəstişə yer qalmır. İnsan yalnız Allaha pərəstiş etməlidir. Çünki pərəstişin əsil mənası bəndəliyin izharıdır. İnsan qeyd-şərtsiz özünü Allahın ixtiyarında qərar verməli və özünü onun mülkü saymalıdır. Bəndəlik də bu mənadadır. İnsan yalnız həqiqi malikə bəndə ola bilər.
Başqa sözlə, uluhiyyət rübubiyyətə etiqadın nəticəsidir. İnsan o varlığa pərəstiş edir ki, onu özünə ağa sayır. Allahın təkvini və təşrii rübubiyyəti pərəstişə layiq yeganə varlıq olmasından irəli gəlir. 
Tövhidin başqa bir şəkili budur ki, insan Allahdan başqasına pərəstiş etməsin. Bundan öncəki tövhid Allahdan başqasının pərəstişə layiq olmaması idi. İndi isə söhbət əməli olaraq yalnız Allaha pərəstiş etməkdən gedir. 
Əgər diqqətli olsanız ayələrdə ibadətdə şirk bir günah kimi qəbul olunur. Kəbirə günahlar sadalanarkən öncə şirk qeyd edilir. Bu şirk əməl məqamında olan şirkdir. İnsan pərəstişə layiq olmayan birinə ibadət edir. Hətta pərəstiş etdiyini pərəstişə layiq bilməsə, ibadəti şirk sayılır. 
Tövhidin başqa bir nümunəsi “istianət”də tövhiddir. Burada nəzərdə tutulur ki, insan Allahdan başqasından nə isə istəməsin. Əgər qəbul ediriksə ki, həqiqi müdir Allahdır, Ondan başqasının istəyi təsirsizdir, bu zaman yalnız ona ağız açmalıyıq. “Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik” – buyurulur Quranda. Bu da tövhidin bir növüdür. Bu xüsusiyyət kamilləşdikdə, nəfsani sifətə çevrildikdə İslam əxlaqında ona Allaha təvəkkül və etimad deyirlər. 
Bir çox ayələrə diqqət yetirdikdə görürük ki, Allaha pərəstiş əmrindən sonra ona təvəkkül etmək tapşırılır. (وَ عَلَیهِ فَتَوَکَّلُوا اِنْ کُنتُمْ مُؤمِنیِن) Buyurulur ki, əgər imanınız varsa, yalnız Allaha təvəkkül edin. Tövhidin başqa nümunəsinə əsasən, insan yalnız Allahdan qorxmalıdır. Əgər bütün işlər Allahın əlindəsə, nə üçün başqasından qorxmalıyıq? Başqalarında müstəqil qüvvə yoxdur ki, biz onlardan çəkinək. Onlar hər biri bir vasitədir. Kamil müvəhhid o şəxsdir ki, Allahdan qeyrisindən qorxmur. İnsanın yalnız Allahdan qorxmalı olduğunu bildirən ayələr kifayət qədərdir.
Tövhid nümunələrindən biri yalnız Allaha ümid etməkdir. Bu da təkvini rübubiyyətə etiqadın təbii nəticəsidir. Əgər doğrudan da inanırıqsa ki, həqiqi təsirli yalnız Allahdır, nə üçün başqasına ümid bağlamalıyıq? Demək, insan yalnız Allaha ümid etməlidir. 
Tövhidin başqa bir nümunəsi məhəbbətdə tövhiddir. Bütün kamilliklər və gözəlliklər Allaha məxsussa, əsil məhəbbət ünvanı da Allahdır. Bizim ətrafda olanlara sevgimiz onların zahiri kamilliyinə görədir. Zatən kamil və gözəl olan isə yalnız Allahdır. Bütün başqa gözəlliklər davamsız və ötəridir. Həqiqi müvəhhidin qəlbi Allahın girovudur. Başqalarına sevgi Allaha məhəbbət sayəsindədir. Təbii ki, insan birini sevəndə ona bağlı olanları da sevmiş olur. İnsana yaxın dostunun libası, kitabları, evi də əzizdir. Bu sözlə, tövid elə bir dərəcəyə çatır ki, insan bütün varlıq aləminin Allaha möhtac olduğunu görür. Fəlsəfi dillə “varlıq aləmi eynən rabitədir” deyilir. Bu mövzu insanda etiqad şəkilində zahir olur. Amma bundan ötrü bəzən dəlillərə, bəzən kamil mərifətə və imana ehtiyac olur. İnsan elə bir dərəcəyə çata bilər ki, Gerçəklikləri sanki gözlə görər. Bu məqam “şühud” məqamıdır. 
İslam baxımından müvəhhid olmaq istəyən və axirət səadətinə çatmaq arzusunda olan şəxs bütün bu mərtəbələrə malik olmalıdır, yoxsa bir mərtəbə bəs edir? Bəlkə “nisab” həddi, zəruri orta hədd var? Şübhəsiz ki, zəruri bir hədd var və həmin həddə çatmayan müsəlman sayılmır. Belə bir adam axirətdə xoşbəxt ola bilərmi? Sadaladığımız tövhid məqamlarının son həddinə çatan insan tarix boyu az olub. Şühud məqamına çatanlar nadir insanlardır. Əlbəttə ki, son həddə çatmayanların dərəcəyə uyğun mükafatı var. Görəsən, Allahın varlığını qəbul edib, Onun müdiriyyətini və başqa ləyaqətlərini qəbul etməyən insan müsəlman sayılırmı? Əslində Allahın varlığını qəbul edib, Onun rübubiyyətini qəbul etməmək arasında ziddiyyət var. Amma Allahı yaradan kimi qəbul edib, sonradan varlıq aləmindəki işləri başqalarının idarə etməsinə inananlar qınaq hədəfidir. Bu fikirdə olanlar var ki, Allah var, amma varlıq aləmini insanlar idarə edir. Unutmayaq ki, Quranın hədəfə aldığı müşrik ərəblər yeganə yaradanı qəbul edirdilər. Sadəcə inanırdılar ki, dünyanın işlərini mələklər idarə edir. Onlar mələkləri Allahın qızları sayırdılar. Bütləri də həmin mələklərin simvolu ki, düzəldirdilər. 
Onlar inanırdılar ki, Allah öz qızlarını çox sevir və onların sözünü qəbul edir. Demək, bu mələklər şəfaətçi olaraq qəbul edilirdi. Bir sözlə, müşrik ərəblər Allahın varlığını qəbul edir, müdiriyyətində azğınlığa düçar olurdular. Həzrət Yusifin dövründə də bu sayaq şirk vardı. Həmin şirk də rübubiyyət məsələsinə münasibətdə şirk idi. Yeganə Allahın varlığını qəbul edib. Yer üzündə ixtiyar sahiblərinin çoxluğuna inanan şəxs İslam baxımından müvəhhiddir, yoxsa müşrik? Allah var deyib yeri birinin, təbiəti birinin, ulduzları birinin ixtiyarında sayan insan müşrikdirmi? Şübhəsiz ki, rübubiyyətdə yolunu azanlar müşrikdirlər. Allahı təkcə yaradan kimi qəbul etmək bəs etmir. Varlıq aləmini onu yaradan Allah idarə edir və buna əqidə zəruridir. Varlıq aləmində çoxsaylı müdirlərin mövcudluğuna inananlar təşrii rübubiyyətdə şirkə yol verir. Bəziləri bunu Allahın adından həyata keçirir. Məsələn, katolik kilsə, bir şeyi halal və ya haram etmək ixtiyarına malikdir. 
Bir müddət bundan öncəyədək katoliklər boşanmanı haram sayırdılar. Nikah heç vaxt pozula bilməzdir. Amma son zamanlar kilsə şurası boşanmaya icazə verib. Demək, kilsə öz rəyi əsasında dini dəyişir. Bu qəbil şirk təşrii rübubiyyətdə şirkdir. Quran bu mövzuya işarə ilə buyurur ki, yəhudi və məsihilər özlərini rəbb qərar verdilər. Zahirən məsihilikdə və kəlimilikdə belə bir etiqad olmayıb. Onlar ilahi kitabdakı qanunları əsas sayıblar. Amma zaman keçdikcə vəziyyət dəyişib.
Biz Quranı araşdırdıqda görürük ki, qeyd olunan məqamadək müvəhhid olmaq zəruridir. Quran baxımından müvəhhid insan həm Allahın yeganəliyini qəbul edir, həm də Onu təkvini və təşrii rəbb sayır. Üluhiyyət məqamına çatmaq sonrakı mərhələlərdəndir. Bu səbəbdən də “la ilahə illəllah” şüar seçilib. Təkcə xaliqliyə və ya rəbbliyə inanmaq bəs etmir. Orta zəruri hədd budur ki, insan Allahın həm yaradan, həm də müdir olmasına inansın. Yalnız bu halda tövhid qəbuldur. Axirət səadətinə də bu əqidə ilə çatmaq olar. Əgər insan bundan yuxarı mərtəbəyə qalxa bilirsə, çox gözəldir. İnsan kamilləşdikcə onun tövhid mərtəbəsi yüksəlir. İnsanların fəziləti onların yüksəldiyi tövhid mərtəbəsi ilə ölçülür. 

 

Teqlər