Mart 16, 2017 14:46 Asia/Baku
  • Mədəniyyət və mədəni hücum - 1-ci hissə
    Mədəniyyət və mədəni hücum - 1-ci hissə

İslam mədəniyyəti və Qərbin mədəni hücumları; Təhlükəni bütün əhəmiyyəti ilə görmək lazımdır.

Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə

          1- Mədəni hücumun mənası

          Mədəni hücum siyasi, yaxud iqtisadi bir qrupun öz maraqlarından irəli gələrək bir xalqı istismar etmək üçün onun mədəni təməllərinə hücum etməsidir. Bu hücumda o xalqın milli mədəniyyəti və inamları dəyişdirilir, yeni inamlar zorla ölkəyə daxil edilir.

          Mədəni iş kimi mədəni hücum da sakit və səssiz şəkildə həyata keçir.

          Mədəni hücum gənc nəsli inamsız etmək üçün edilir; həm dinə, həm inqilabi prinsiplərə, həm də bu gün hegemon gücləri təhlükəyə və qorxuya salan azad düşüncəyə inamsız etmək üçün.

          Mədəni hücumda düşmən hücum etdiyi xalqa öz mədəniyyətindən istədiyi hissələri verir və ölkəsinə daxil edir. Düşmənin nə istədiyi də məlum məsələdir.

          Mənim dəfələrlə vurğuladığım, həqiqətən və ürəkdən həssas yanaşdığım mədəni hücum məsələsinin iki əsas və mühüm şaxəsi var. Bu iki şaxənin hər biri sizin üçün əhəmiyyətlidir. Onların biri yerli mədəniyyəti əcnəbi mədəniyyətlə əvəzləməkdən ibarətdir. Bu iş Pəhləvi dövründə azad və ucuz şəkildə görülürdü. İslam inqilabı qələbə çalanda buna son qoyuldu. Bunlar indi həmin vəziyyəti qaytarmaq üçün təzyiq göstərirlər. İkinci şaxə İslam Respublikasının və İran xalqının dəyərlərinə hücumdan ibarətdir. Bu iş bu gün bizim ölkəmizdə əcnəbilərin idarəçiliyi altında film və teatr hazırlamaqla, kitab və jurnallar çap etməklə görülür.

          2- Mədəni hücumun mövcudluğuna inanmağın və ona qarşı tədbir görməyin zəruriliyi

          Biz bu gün düşmənlərimizin mədəni hücumuna məruz qaldığımıza inanmalıyıq.

          Biz dünyada hər tərəfdən əsas və mədəni düşmənlərimizin hücumuna məruz qalmışıq. Onlar bizim məqsədlərimizə mane olmaq üçün həm xalqın ümumi mədəniyyəti, düşüncəsi və mədəni işləri, həm də təhsil və kadr hazırlığı sahəsində bu işi görürlər.

          Məncə, hərtərəfli bir hücum planlaşdırılmışdır. İnqilabın əvvəldə din, iman, ruhani, təqva və bu kimi məsələlərlə maraqlanmayan ziyalı və sənətkarları cəlb edə bilməməsi təbii idi. Əlbəttə, bəziləri inqilaba cəlb olundular. Onların ayıq vicdanları olduğuna görə inqilab onları özünə çəkə bildi. Bəziləri də kənarda qaldılar və inqilab onları cəlb edə bilmədi. İnqilabın ilk illərində bunlar nəfəs almağa cürət etmirdilər. Mənim inqilabdan öncədən yaxından tanış olduğum, xarakter və xüsusiyyətlərini bildiyim bu qrup çətin, ağır və təhlükəli işlərə qoşulan deyil. Əvvəllərdə inqilab seli bunları evlərinə çəkilməyə və uzaqbaşı bağlı qapılar arxasında bir-biri ilə dərdləşməyə vadar etmişdi. Sonra tədricən jurnal buraxdılar, yazdılar, bir yerdə danışdılar, kimsə onların xeyrinə nəsə dedi, bir yerdə şeir oxudular və heç kim etiraz etmədi. Bunlar da gördülər ki, bu şəraitdə təşkilatlanmaq və işləmək olar.

          Onlar inqilabın arxa cəbhəsini tamamilə öz əllərinə keçirmək istəyirlər. İnqilabın arxa cəbhəsi xalqdır. Ön xətdə məmurlar durur, sonra məmurlara möhkəm bağlı olanlar, sonra da ümumi xalq. Onlar düşündülər ki, məmurların arxasında duran ümumi xalqın boynuna kəmənd atsaq, ələ keçirə bilərik və hər şey bitər. Dorğudan da bunu bacarsalar, inqilaba güclü zərbə vurmuş olarlar. Əgər arxa cəbhədə olanların düşüncəsini, fikrini, qəlbini, meylini və bəzən əqli seçimini bir tərəfə yönəldə bilsələr, onları əllərinə keçirmiş olarlar. Bu doğrudur. Amma bunu bacararlarmı?! Məncə bu barədə qənaətləri sadəlövhcəsinədir. Onlar bacaracaqlarını güman edib başladılar. Məqsəd budur. Kinoteatrda, mətbuatda, hətta dövlətin tabeliyində olan radio və televiziyada, mədəni zallarda, festivallarda və müxtəlif mədəni mərkəzlərdə həmin qrupun bir üzvünün çalışdığı hiss olunur. Əvvəlcə sırf mədəni formada hərəkət etdilər, indi isə həm də siyasiləşmişlər; hökuməti və quruluşu tənqid edir, quruluşun keçmişini sual altına salırlar.

          Bu baş vermişdir. Bu çox təhlükəli haldır. Təhlükəli dedikdə məqsəd bu deyil ki, çarəsi yoxdur, yaxud çətindir. Xeyr! Olduqca asandır. Bu şərtlə ki, xəstə və həkim xəstəliyin nə olduğunu bilsinlər. Bunu biləndən sonra müalicəsi çox asan olar. Təhlükəli olan bizim bunu dərk etməməyimizdir. Biz elm və mədəniyyət mənsubu olduğumuza görə belə şeyləri ayırd edirik. Elmi-mədəni çevrədə olan insanın bir şey anlaması üçün əl vurması, yaxud gözlə görməsi lazım deyil. Mən bu gün bunu tamamilə hiss edirəm. Bunu bizim həm jurnalistlərimiz, həm radio və televiziyamız, həm təbliğat qurumlarımız, məsələn Mədəniyyət nazirliyi, İslam Təbliğatı Komitəsi, Təhsil nazirliyi və digərləri bilsinlər. Bu gün problem budur. Qeyd etdim ki, təbiətləri zəifdir, bir pıqq eləsən, geri çəkilərlər. Sözləri gözəldir, amma iman və etiqada söykənmir. Maddi məsləkli qələm adamlarının və ziyalı təbəqəsinin xisləti belədir; danışanda yeri-göyü bir-birinə qatırlar, eşidən elə bilir ki, bu, ruhunun dərinliyindən danışan dərdli bir insandır. Yaxınlaşanda isə görürsən ki, yox, heç bir şey deyil, dildən bir qədər də o tərəfə keçmir. Bunların bir çoxu müstəmləkə, sionizm, zülm və bu kimi məsələlər haqda da yazmışdılar, amma xalqın atıldığı meydana qədəm qoymağa hazır olmadılar, hətta xalqa arxa da çevirdilər. Bunlar pul və nəfs əsiridirlər.

          Biz mədəni hücumu həqiqi və ciddi bir amil saymalıyıq. İslam təfəkkürünə və İslam quruluşuna qarşı mədəni mübarizənin çoxlu şaxələri var. Onları araşdırıb saysaq, çox geniş bir dairəni əhatə etdiyini görərsiniz. Misal üçün, mətbuatda, müxtəlif kitablarda, tərcümələrdə və hətta tarixi araşdırmalarda İslamın siyasi təfəkkürü sual altına salınır. Bu inqilab İslamın siyasi təfəkkürü üzərində dayanmışdır. İslamın siyasi təfəkkürü olmasaydı, onun əsasında inqilab baş verməz və quruluş yaranmazdı.

          Hər halda, bu quruluş İslamın həmin siyasi təfəkkürü ilə formalaşmışdır və hərəkət etməyi planlaşdırır. Odur ki, müxalifsiz siyasi təfəkkür deyil, qarşısında digər siyasi düşüncə və fikirlər vardır. Biz indi şahid oluruq ki, İslam Respublikası quruluşuna hakim olan siyasi təfəkkür tərzini rədd etməyə köklənmiş çoxlu məqalə, kitab, bioqrafiya və tarixlər yazılır. Biri var ki, bir nəfər bir fikrə müxalif olsun və bu məqsədlə məqalə və ya kitab yazsın. Biz belə bir hala qarşı çıxmırıq, çünki gözlənilməz deyil və mühüm reaksiya tələb etmir. Kimsə tövhid əleyhinə də kitab yaza bilər - bunun eybi yoxdur. Onlar əleyhinə yazarlar, biz də xeyrinə yazarıq. Amma biri də var ki, insan bu işləri bir-birinin yanına qoyub kompleks şəkildə nəzər salanda onların təsadüfi olmadığını, arxalarında niyyət və iradə dayanan düşünülmüş bir planın tərkib hissələri olduğunu anlayır. Bunlar İslamın siyasi təfəkkürünə qarşı görülən işlərdir. Uyğun təfəkkürə qarşı mübarizənin başqa bir forması kitablarda, dərs vəsaitlərində və mühazirələrdə görünür, bəzi qüvvələr İslamın təməl inanclarını hiyləgər şəkildə sual altına salır və rədd edirlər. Mədəni hücumun əsas hissələrindən biri  və bu mübarizənin daha mühüm forması gənc nəsli fəsada və pozğunluğa sövq etməkdir.

          Təəssüf ki, mədəni hücumdan, onunla mübarizənin zəruriliyindən və pis işlərdən çəkindirməkdən danışanda nədənsə çox vaxt kiçik nümunələr üzərində dayanırlar. Bunun iki mənfi nəticəsi var: biri budur ki, sadə düşüncəli bir qrup məsələni belə nümunələrdə məhdudlaşdırır və bütün güclərini heç bir əhəmiyyəti olmayan bu kiçik hallara qarşı səfərbər edirlər; ikincisi budur ki, cəmiyyətin mütəfəkkir insanları məsələnin belə məhdud çərçivədə xülasə olunduğunu gördükdə problemin az əhəmiyyətli olduğunu düşünürlər. Bu isə nigaranlıq doğurur. Mədəni hücum küçədə bir neçə qadının üzündə və geyimində görünə və bunu heç kim mühüm hesab etməyə bilər. Lakin məsələ bununla bitmir. Həqiqət budur ki, düşmən İslam Respublikasına qarşı mədəni hücuma keçmək üçün özünün təsirli və təhlükəli vasitələri ilə, elm və texnologiyadan istifadə edərək geniş cəbhə açmışdır. Bu mübarizəyə qarşı tədbir görülməsə, heç şübhəsiz, qələbə də çalacaq. Məncə bu hücumun qarşısına ağıllı şəkildə və düzgün metodlarla çıxmasaq, çox təhlükəli və məhvedici olacaq. Bununla məşğul olmaq lazımdır. Bu sahədə hansısa mədəniyyət məmurunun üslubu meyar götürülməməlidir. Təhlükəni bütün əhəmiyyəti ilə görmək lazımdır.

          Bizim dəfələrlə təkidlə vurğuladığımız mədəni hücum məsələsi aydın bir məsələdir. Onu inkar etməklə hücumun özünü dəf edə bilmərik. Mədəni hücumu inkar etmək lazım deyil - bu var. Əmirəlmömininin (ə) sözü ilə desək, səngərdə səni yuxu aparmışsa, bu, qarşı səngərdəki düşmənin də yatması anlamına gəlmir; səni yuxu tutub, çalış yuxudan oyan. Biz milli və İslam mədəniyyətimizin özü kimi, mədəni inqilabın da düşmənlərin təhdidi altında olduğunu anlamalıyıq.

          Biz aydın bir məsələni inkar etməməliyik: Universitetdə, universitet xaricində, hətta bizim kütləvi informasiya vasitələrimizdə, yazılan kitablarda, tərcümələrdə, şeirlərdə, dünyada zahirən bizimlə əlaqəsi olmayan və yəqin ki, mədəni işçilər kimi siz cənabların eşitdiyi mədəni proqramlarda - hər yerdə inqilab əleyhinə çox təhlükəli mədəni müharibə başlanmışdır. Bu, yüz il öncədən olan bir məsələ deyil. Bəli, yüz il öncə də İslam əleyhinə mədəni hücum vardı, amma insan yuxulu bir düşmən qarşısında olanda bir cür hərbi vəziyyətdə olur, ayıq düşmən qarşısında olanda bir cür. O zaman İslam dünyası yuxulu, hətta kefli və məst halda idi. Bəzən düşmən ona zərbə endirirdi, damarına bir iynə vururdu və məsələ bitirdi. İndi isə İslam oyaqdır. Qərb dünyasının düşməni bu gün oyaq və pəhləvan kimi meydandadır. İmam kimi bir şəxsiyyətin dəyərli xatirəsi, bu qədər inqilabi resurs və bu qədər yaxşı gənc var. Bunlar zarafat deyil.

          Bu gün İslam əleyhinə böyük bir mədəni hücum həyata keçirilir. Bu hücum birbaş inqilabla əlaqədar olmasa da, ondan daha geniş hədəf olan İslam əleyhinə yönəlmişdir. İslam əleyhinə, hətta məsələn, Əlcəzairdə mövcud olan İslam əleyhinə çox genişmiqyaslı mədəni, ictimai və siyasi bir hücum həyata keçirilir. Burada yalnız bir istisna var, o da müstəmləkə rejimlərinə bağlı və Fəhd formasında olan İslamdır. Birbaş bu İslama bağlı yerlər uyğun hücumdan uzaq qalırlar. Bundan başqa hətta avam etiqadlara da hücum edilir, o ki qala əsl İslama, inqilab İslamına və öz sözləri ilə desək, İranın təfsir etdiyi İslama. Qəribə hücum mövcuddur. Sizin Fransada hicablı qızlara qarşı mübarizə haqda eşitdikləriniz kül altındakı oddan görünən qığılcımlardır və pərdə arxasındakı böyük işlərdən xəbər verir. Məsələ təkcə misal üçün, laik bir dövlətin hicabı istəməməsindən ibarət deyil. Xeyr! Bunlar ümumiyyətlə İslam sarıdan ciddi təhlükə hiss etmişlər. Əlbəttə, bu yeni məsələ deyil, əvvəllər Hindistanda da olmuşdur.

          Mən öz kitabımda da bunu yazmışam; Hindistanın müstəqilliyindən, yəni 1947-ci ildən öncə, ingilislərin Hindistana yeni daxil olub hakimiyyəti ələ keçirdikləri zaman bu ölkədəki naibüssəltənələrdən biri demişdi ki, Hindistanda bizim problemimiz müsəlmanlarladır, ən böyük məqsədimiz onları məhv etmək olmalıdır. Bunu o zamanın naibüssəltənəsi demişdi. Bildiyiniz kimi, Qladston da demişdi ki, bu Quranı ortadan götürmək lazımdır. Onlar qədimdən İslamdan təhlükə duymuşlar. Bu da İslamdan gördükləri bəzi məsələlərdən irəli gəlir. Misal üçün, Tənbəki hadisəsini, Hindistanda, Əfqanıstanda, İranda və Misirdə baş verən müxtəlif hadisələri eşitmişdilər, lakin onların üstündən bir müddət ötdüyünə görə öz maraqlarına yönəlik bu təhlükəsini yaddan çıxarmışdılar, qlobal hegemonizm və müstəmləkəçilik daha İslama qarşı elə də həssaslıq göstərmirdi. Səbəbi bu idi ki, o zaman İslam özündən heç bir əksüləməl göstərmirdi. Buna görə də onlar bir qədər diqqətsizlik etmişdilər. Bir neçə onillikdən sonra İslam inqilabı qələbə çalanda müstəmləkəçiliyin uzun illər mütəfəkkir və casusları vasitəsi ilə İslama dair toplayıb arxivlərdə saxladığı bütün materiallar müasir tədqiqatlarla birgə yenidən gündəmə gəldi. Eşidirsiniz ki, İsraildə məsələn, İslama, yaxud İrandakı İslama, yaxud şiəliyə dair bir seminar keçirilir. Bu işlər sözügedən məqsədlə görülür. Dünyanın bir çox yerlərində İslamı yenidən öyrənmək üçün seminarlar, elmi toplantılar keçirilir və dissertasiyalar yazılır. Kapitalist və hegemon Qərb dünyası bütün vücudu ilə qorunmaqdan ötrü düşünülmüş şəkildə öz idealı istiqamətində hərəkət edir və dünya hadisələrini yönəldir. Bilir ki, düşünməsə, əlində statistika olmasa və gələcəyə dair proqnoz yürütməsə, ziyan görəcək. Ən mütərəqqi və peşəkar beyin mərkəzləri hegemon güclərin ixtiyarında olub kapitalizmin uzunmüddətli problemləri üçün 15-20 il və bəlkə daha artıq öncədən oturub düşünür, fikir yürüdür, plan cızırlar. Bütün bu qurumlar birdən-birə hiss etdilər ki, İranda çox qüdrətlə baş qaldırmış bu İslam müstəmləkəçilərin bir zamanlar qorxduğu qədim İslamdır.

          1958-ci ildə İraqda çevriliş baş verdi və padşah Feysəl Baş nazir Nuri Səidi devirdi. O zaman Böyük Britaniyanın Baş naziri İden xatirələrində yazırdı: “Mən həftəsonu bir adada istirahət edərkən İraqda çevriliş xəbərini aldım. Bu zaman beynimə çox böyük zərbə toxundu və birdən hiss etdim ki, dünya tərpənir” (Onun sözləri indi dəqiq yadımda deyil). İraq çevrilişi İngiltərə və müstəmləkəçilik üçün hədsiz dərəcədə əhəmiyyətli idi. Bu nigaranlıq çevrilişdən sonra nəşr olunan bütün yazı və xatirələrdə əks olunmuşdu və zərbənin böyüklüyünü göstərirdi. Sonradan bəzi müstəmləkəçi rejimlərin onda əlinin olduğu, bəzilərinin də sonradan ondan istifadə edib əllərində saxladıqları bəlli oldu. Siz təxminən 30 il ötdükdən sonra indi də o çevrilişin təsirlərini görürsünüz. Bir ölkədə adi bir çevriliş baş verdi. Yalnız İraqın İngiltərə müstəmləkəsi olduğuna və İngiltərənin İraqı zəbt və istismar etdiyinə görə onlar üçün bu qədər ağır idi. İndi siz o çevrilişi İslam inqilabı ilə müqayisə edin; ümumiyyətlə müqayisəolunmazdır.

          İslam inqilabı qəfildən Qərbin və kapitalist dünyanın müstəmləkə sisteminin bütün varlığını və dəyərlərini şübhə altına saldı; yəni gələcəklərini bütünlüklə təhdid etdi. Bu inqilab İslama əsaslandığından, harada müsəlman varsa, orada bu inqilab potensial şəkildə mövcuddur. Sonra bunun nümunələrini bir-birinin ardınca Əfqanıstandan tutmuş İndoneziyaya, Malayziyaya, Misirə, Tunisə qədər hər yerdə və hətta dırnaqarası inqilabi quruluşlarda, məsələn, Əlcəzairdə və Liviyada da müşahidə etdilər; gördülər ki, həmin İslam oralarda da baş qaldırmışdır, meydan sulayır və xalqın gələcəyini müəyyənləşdirir. Onlar vahiməyə düşdülər, bütün kapitalist və hegemon dünya buna qarşı əlbir oldu. Düzdür, sosialist dünya başqa formada çalışdı, lakin onun qərblilər kimi lazımi düşüncə institutları və proqnoz imkanları yox idi. Statistika, arxiv və təxminlər sənaye sivilizasiyanın bir sahəsinə çevrilmişdir. Şərqlilər sənaye qədər bu məsələlərdə də qərblilərdən geri qalırlar. Onlar bu qədər diqqətli deyillər. Bundan əlavə, onlar Qərbin bu inqilabdan ziyan çəkdiyini görüb inqilabla ortaq maraqlarının olduğunu düşünüb, onu özlərinə faydalı sayırdılar. İndi daha hamısı birdir, Şərq və Qərb yoxdur. Şərq və Qərb blokları da mənasızdır. SSRİ və Şərq bloku bitdi, marksist və sosialist arzu və ideallar da tükəndi.

Sözügedən təfəkkür əsl İslama, yaxud daha dəqiq desək, əsl dinə ziddir. Əsl din isə İslam inqilabından daha geniş bir məsələdir. Çünki yalnız inqilaba aid deyil, bütün İslama və hətta bir mənada prinsipiallıq duyduğu hər bir dinə aiddir. Bu baxımdan Latın Amerikasının məsihi kardinalları da Misirin, yaxud, Tunisin inqilabçı din alimləri qədər qəzəbə tuş gəlirlər. İndi bütün dünya belədir, lakin əsas mərkəz İrandır. Bunu da bilirlər.

          Siyasət, sənaye, pul və müxtəlif imkanlarla təchiz olunmuş böyük bir mədəni cəbhə indi bir sel kimi üstümüzə gəlib bizimlə vuruşmaqdadır. Bu, hərbi vuruşma deyil. Onda ümumi səfərbərliyin heç bir təsiri yoxdur, xüsusiyyəti də belədir ki, biz özümüzə gəlincə gec olacaq; hiss olunmayan və səssiz kimyəvi bomba kimidir. Fərz edin, bir yerə kimyəvi raket atılır və heç kəs raketin düşdüyünü hiss eləmir, 7-8 saatdan sonra isə hamının üz və əllərinin suluqladığını görürlər. Düşmənin mədəni hücumu da belədir: siz birdən-birə məktəblərimizdə, küçələrimizdə, cəbhələrimizdə, hövzələrimizdə və universitetlərimizdə onun əlamətlərini görürsünüz. İndi də bir qədər görünür, amma sonra daha çox olacaq. Bir kitab çap olub, bir film istehsal edilib ölkəyə gəlir, hədəfi də bizik, İslam və inqilabdır. Şübhə yoxdur ki, bu hücuma qarşı tədbir görmək üçün pul, büdcə və digər dövlət dəstəkləri lazımdır. Dövlət bir düşüncənin yayılması üçün pul ayırmalıdır, bəs o düşüncə harada istehsal olunmalıdır?

          Bu gün düşmən özünün əsas səyini mədəni hücum üzərində toplamışdır. Mən bunu mədəniyyət və siyasət adam kimi deyirəm. Döyüş səhnəsinə baxdıqda bir tərəfdə İslamın və məzlumların xilasının tərəfdarı və dünya hegemonlarının düşməni olan siz İran xalqını, digər tərəfdə isə sizin düşmənlərinizin – yəni hegemon və antiislam cəbhə başçılarının, onların davamçılarının və bu arada şəxsi maraqlarına və nəfsi istəklərinə görə hegemonizm izdihamının arxasınca düşmüş rəzil adamların dayandığını görürük. İndi müharibə gedir, zarafat deyil. Hərbi müharibə bitdi. Üstəlik, düşmən – yəni qlobal hegemonizm bacarsa, yenə də hərbi müharibəyə başlayar, amma bu onun üçün asan deyil. İndi elmi, mədəni və siyasi bir müharibə gedir. Kim bu döyüş səhnəsini aydın görsə, xəbərləri anlasa, dəqiq məlumatı olsa, səhnəyə bir nəzər salmaqla indi düşmənin ən çox mədəni yollarla təzyiq göstərdiyini bilər. Muzdur qələm sahibləri, dinini, qəlbini və vicdanını satmış elm və mədəniyyət mənsubları az deyil. Əksəri ölkə xaricində və tək-tük ölkə daxilində olan bu adamlar qoyun hegemonizmin fəsad dolu süfrəsində əyləşib onların məqsədləri üçün qələm işlətsinlər, şeir də yazsınlar, iş də görsünlər; elə görürlər də.

          İndi Amerikadan, Səddamdan pul alıb İslam Respublikası əleyhinə fəaliyyət göstərirlər. Bunun üçün lazım olan mədəni şəbihgərdanlığı da jurnal və roman kitabları edir; yəni mədəni bir iş formasında onlara yol açır. Buna sırf mədəni bir iş kimi baxanlar səhvdədirlər. Baxmayaraq ki, möminlər mədəni pozuculuqla məşğul olan sırf mədəni iş qarşısında da səfərbər olmalıdırlar. Bu isə yalnız mədəni deyil, mədəni-siyasi işdir. Müəyyən mənada iqtisadi iş də sayılır və arxasında bəlli kompaniyalar, hegemon və müstəmləkəçi düşərgə dayanır. İşlər oradan başlayıb önə çatana qədər bu formaya düşür. Xalqın qarşısına çıxan ön xəttin xüsusiyyəti belədir. Xalqın qarşısına topla, tankla, tüfənglə çıxmaq olmaz, kitab, jurnal və qələmlə çıxılar.

          Bu gün dünyada inqilabi təfsiri olan düzgün İslam, böyük imamımzın sözü ilə desək, əsl Məhəmməd (s) İslamı bütün bu zorakılıqların qarşısına çıxır və düşmənlər ondan qorxurlar. Xalqları hələ də özünə cəlb edən budur. Siz bu gün dünyanın hər hansı bir yerinə - müsəlman və ya qeyri-müsəlman ölkəsinə getsəniz, uzaqdan-uzağa eşitdikləri bu İslama ümid bəsləyən çoxlu insanlar və gənclər görərsiniz. Çünki hegemonizmin, şeytanın və şeytanlığın qarşısında qüdrətlə dayanmış yeganə səngər İslam səngəridir. Bunun nəticəsi olaraq bu gün İslamla, bu məktəbi təbliğ edən və bayrağını ucaldan quruluşla düşmənlik əvvəlkindən güclüdür. Bu da məsələnin digər tərəfidir. Yəni biz bu gün hegemonizmin çox dərin və mürəkkəb düşmənliyini gözləməliyik. Keçmiş təcrübələrə əsasən, bu düşmənliyin hərbi formada olma ehtimalı azdır. Böyük ehtimalla bu iş üçün digər yollar seçirlər. Bu yolların biri iqtisadi blokadanı gücləndirmək, siyasi təzyiqləri artırmaq və daxildə fəsad yuvaları açmaqla yeni problemlər yaratmaqdır. Biz dəfələrlə demişik, yenə də deyirik ki, mədəni təxribat hazırlanır və mən onu öz gözlərimlə müşahidə edirəm. Bu, şüarçılıq deyil, buna dair dəlillər var, mən bunu görürəm. Bu müqəddimə bu gün düşmənin daxildə çox zirək üsulla bizim əleyhimizə güclü mədəni bir müharibə aparmasına dair iddiamızın izahı idi.

          Mən ona görə mədəni hücum üzərində bu qədər təkid göstərirəm ki, mədəni hücum düşmənin tanınmaz səngəri və cəbhəsidir. Odur ki, onu tanımaq lazımdır. Düşmən cəbhəsini, düşmənlərin toplandığı yeri və hücum nöqtəsini öyrənməsək, necə müdafiə oluna bilərik?! Hər halda, bu şəraitdə cəmiyyət miqyasında lazım olan amil əvvəla istiqamətləri, ikincisi imanları qorumaq, üçüncüsü isə düşmənləri unutmamaqdır.

          Bəzən bir söz çox təkrar olunduğuna, lazımi diqqətdən kənarda qaldığına, ona dair bir işin görülmədiyinə və yanından ötəri şəkildə keçildiyinə görə tərk olunur və təkrarının yorucu olduğu duyulur. Bu baxımdan mədəni hücum sözünü təkrarlamamaq kimin üçünsə lazımsız görünə bilər. Halbuki məncə bu məsələ yanından asanlıqla ötəsi məsələlərdən deyil.

          Mənim vaxtım az olsa da, əksərən jurnalları vərəqləyir, çap olunan kitablara, xüsusən də ədəbi və mədəni əsərlərə, yaxşı məqalələrə baxıram. Mən onlarda mədəni mübarizəyə az diqqət ayrıldığını görürəm. Halbuki mütəşəkkil və sistemli şəkildə bizə hücum edən bir cəbhə var. Bu tərəfdə çoxlu işlər görülsə də, müdafiə üçün mütəşəkkil və müntəzəm hərəkət yoxdur. Bu baxımdan insan təhlükə duyur. Hər halda, bu məsələlərlə həqiqətən ciddi məşğul olmaq gözləntisi var.

          Bu gün düşmən İslam Respublikasına hərtərəfli mədəni yürüş etmək üçün güclü və təhlükəli vasitələrdən, həmçinin elm və texnologiyadan istifadə edərək geniş bir cəbhə açmışdır. Çox təhlükəli və dağıdıcı olan bu hücuma qarşı tədbir görmək üçün sayıqlıq, düşmənin üsullarına bənzər, yaxud əvəzedici üsullardan istifadə etmək lazımdır.

          Mədəni hücuma özü kimi qarşılıq vermək lazımdır, ona tüfənglə cavab vermək olmaz. Bu döyüşün silahı qələmdir.

          Mən yazıçılara, düşüncə adamlarına, qələm və tribuna sahiblərinə tövsiyə edirəm ki, müxalif sözdən təşvişə düşməsinlər. Biz nə üçün təşvişə düşməliyik?! Bizim məntiqimiz və əsaslandırmamız var. Bizim sözümüz təkcə öz xalqımız üçün yox, hətta dünyanın yüz milyonlarla müsəlman və qeyri-müsəlman insanı üçün məqbuldur. Bizim məntiqli sözümüz olduğu halda nə üçün kiminsə danışmasından təşvişə düşməli və iztirab keçirməliyik?! Bəli, heç bir səhv sözü cavabsız qoymaq olmaz; səhvdirsə, cavab vermək lazımdır, lakin əxlaq normalarından kənara çıxmamaq şərtilə.