• Həcc - Allahın insan üzərində olan haqqı

Həcc müsəlmanların ən iri toplantısı olaraq dini, siyasi və ictimai baxımdan böyük önəm kəsb edən bir ayindir.

Bütün müsəlman dünyasında və eləcə də, belə demək olarsa, ənənəvi müsəlman toplumu olmayan ölkələrdə də yaşayan müsəlman icmaları indi yeni bir ab-hava yaşayır. Bir mənəvi yenilənmə yaşanır. Böyük İlahi səfərə yollanmaqla bağlı, mövcudatın mahiyyətinə yeni, təravətli nəzərlə baxmaqla səciyyələnən bir durum nəzəri cəlb edir. Beytullaha tərəf yola düşmüş insanları yola salma, onlardan xəbər tutma, onlarla birgə həyacan keçirmə kimi bir mənəvi ovqatla yaşama var dünyada. Və Uca Allahdan diləyimiz budur ki, həccin həm maariflənmə baxımından, həm həyata keçirilmə baxımından hər bir cəhətinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinə (ə) layiq halda olduğu gün tezliklə yetişsin!

Həcclə bağlı yaranan suallar

Dünyanın müxtəlif yerlərindən gələn, irqi, milləti, ölkəsi, sosial vəziyyəti, cinsi, yaşı, sağlıq durumu və daha nələri müxtəlif olan milyonlarla insan Beytullahın ziyarətinə axışır. Misilsiz bir prosesdir bu. Tayı-bərabəri olmayan bir vücudi səfərdir bu. Sanki bütün dünya müsəlmanları bir vəhdət, eynilik, həmahənglik halına gəlib çatarlar. Allah-Təala lütf və inayət etsin ki, həmin bu hal zəvvarlarda həccdən sonra da öz mövcudiyyətini davam etdirsin. 

Müasir dönəmdə həccin əhəmiyyəti haqqında danışmaq xüsusi aktuallıq kəsb edir. Həcclə bağlı bir çox məsələlərə toxunmaq olar. Həccin əhəmiyyəti, fəlsəfəsi haqqında bir çox söz demək olar. Bu, həcclə bağlı ara-sıra edilən çıxışların fonunda daha da önəmli olur. Belə ki, bəzən araşdırma aparmaq istəməyən və ya qərəzli insanların qəribə çıxışları səslənir ki, bəs lhəccin nə əhəmiyyəti vardır ki, bu qədər insan ora gedir, nə qədər səy, müəyyən fiziki və psixoloji gərginlik keçirir, bir neçə gün səhra şəraitində qalır və s. Hələ bir filan qədər pul də xərclənir. Ondansa, filan işə pul xərclənsək daha məqsədəuyğun olardı və s.»

Çox problemli yanaşmadır. Əvvəla, məsələnin mahiyyətində problem var. Xeyir işlərlə ziyarəti qarşı-qarşıya qoymaq, bir növ alternativ kimi yeritmək istəmək özü absurd bir cəhddir. Xeyir işlər görmək lazımdır, dinimizin bu sahədə, bununla bağlı saysız-hesabsız tövsiyələri var. Həcc isə - bir İlahi vəzifədir ki, imkanı olan insana ömründə bir dəfə vacib olur. Və məhz bu İlahi göstərişlərə əsaslanaraq, insan nəyin yaxşı, nəyinsə pis olmasını müəyyən edə bilər. Və bu yaxşı-pisi bilmək, ayırd etmək bazası əsasında insan xeyir işlər görə bilər. 

Yoxsa gördüyü işin xeyir və ya şər, pis və ya yaxşı olmasını insan nəyə əsasən bilə bilər? Bilmədikdə isə, xeyir işi necə yerinə yetirə bilər? Gördüyümüz kimi, İlahi vəzifələri, dini tövsiyələri yerinə yetirməklə, bu tövsiyələrin məhsulu olan əməlləri qarşı-qarşıya qoymaq nə dərəcədə problemli bir addımdır. 

Həccə getmək - Yaradanın haqqını əda etməkdir

Təbii ki, bu yanlışdıqların bir çoxu bilməməzliklərdən irəli gəlir. Bilən adam həcclə xeyriyyəçiliyi qarşı-qarşıya qoymaz. Həcc - namaz kimi bir vacibatdır. Kimsə deyə bilərmi ki, namaz qılmaq əvəzinə xeyriyyəçilik et? Əsla! Bu da onun kimi. Necə ki, Aşura günü qan verməklə əzadarlığı qarşı-qarşıya qoymaq istəyənlər də tapılır. Beləsinin məntiqində, indi ki, qan verirsən - kifayətdir, daha əzadarlıq nəyə lazım. Başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, qan vermək - məhz İmam Hüseyni (ə) tanımaq, o Həzrətin (ə) uğrunda canını verdiyi idealları tanımaq məqsədi güdən əzadarlıq məclislərinin məhsuludur, bəhrəsidir həmin bu qanverməklər, öz qanını ehtiyacı olan bir kiməsyə ehsan etmək!

Həcc ilə xeyriyyəçiliyi də qarşı-qarşıya qoymaq - əzadarlıqla qanverməni qarşılaşdırmaq məntiqinin davamıdır. 

Həcclə bağlı səslənən digər fikir var ki, bəs filankəs haram pullarla həccə gedir, yaxud filankəs camaata min bir zülm edib, indi də həccə gedir və s. Tamamilə doğru iradlardır. Amma bunun həccə bir dəxli yoxdur ki! Həcc bir mənəvi səfərdir və kimsə buraya turist kimi və ya digər bir qisimdə qatılmaq istəyirsə, bunun müqəddəs ziyarətə nə aidiyyəti?! Bu nurani səfərin özü məsul ola bilərmi kiminsə hansısa əyri yolla pul qazanıb bu səfərə yollanmaq niyyətinə görə? Təbii ki, belə iddia etmək absurd olardı...

Uca Rəbbbimiz həcclə bağlı Öz müqəddəs Kitabında bizlərə dəqiqi çatdırışını verir. Misal üçün, "Ali-İmran» surəsinin 97-ci ayəsində buyrulur: "Allahın insanların - əlbəttə ki, ora getməyə imkanı olan kəsin - üzərinə düşən haqqı budur ki, o Evə gedərək, oranın həcc əməllərini yerinə yetirsinlər».

Ayədən hansı dərslər çıxır? Allah-Təalanın insanların üzərində həcc kimi bir haqqı var. İnsanlar bir İlahi vəzifələniblər bu məsələdə. Deməli, Həcc - insanın üzərində bir mübarək təhəddüddür, öhdəlikdir, vəzifədir ki, imkanı olduğu təqdirdə insan onu yerinə yetirməlidir.

İstitaət nədir?

Burada imkan təkcə maddi müstəvidə baxılmır. Fiziki imkan, vaxtın kifayət qədər olması, işlə təminlik, ailənin bu ərəfədə təminatı, yolun təhlükəsizliyi - bu və bir çox digər məsələlər mübarək mətnlərdə xırdalıqlara qədər açıqlanmışdır. Kompleks halında imkanlılığa malik insan üçün bu ziyarət həyatı ərzində 1 dəfə vacib olur. Burada İlahi vəzifə ilə imkanın tarazlığı məqamı mühümdür. Güc çatmayacağı təqdirdə, insanının üzərində belə bir vəzifə yoxdur. İstitaət - həccə getmək üçün şərtlərin kompleks halında mövcudluğuna deyilir. Həmin bu istitaət həccin zəruri və kafi şərtidir. İslamın bir ümumi prinsipi vardır - insanın bacarığına, imkanına görə, durumuna, iradəviliyinə görə onun mükəlləfiyyəti müəyyən edilir. Bacarığından kənar, imkanı fövqündə olan işlərin müqabilində insanın bir vəzifəsi yoxdur. 

Digər tərəfdən, həccin hər hansı bir əvəzləyicisinin olmaması bəlli olur. Deyilmir ki, bu işi görməsələr, digər bir işi görə bilərlər. Öz-özlüyündə bir vacib əməldir həcc. İmkanı olduqda, insanın üzərində həcc ziyarətini yerinə yetirməklə bağlı dəqiq vəzifə vardır.

Vurğulanan digər nöqtə ondan ibarətdir ki, həcc gərək xalis niyyətlə, yalnız Allah-Təala üçün yerinə yetirilsin. Digər ibadi məsələlər kimi, bu da Allah üçün edilməlidir. Digər niyyət üçün yerinə yetirilsə, bu, həcc olmur. 

Allah öz qonağına nə hədiyyə edir?

Həcclə bağlı Məsumlarımız (ə) bir çox məqamları vurğulamışlar. Bu mətnlərdə həccin mübarəkliyinin müxtəlif çalarları açıqlanır. İmam Əlidən (ə) nəql edirlər: "Həcc və ümrə zəvvarı - Allahın qonağıdır. Və Allah ona bağışlanmağı hədiyyə edər».

Mübarək Ramazan ayında İlahi ziyafət haqqında çox bəhslər olmuşdur. Ziyafətdə iştirakçılıq, qonaq olmağın mənəvi durumu haqda xeyli söhbətlər edilmişdir. Əsas nöqtə odur ki, qonaq - bir əziz insandır, ev sahibi ona xüsusi ehtiram göstərir, onu məxsusi qayğı ilə əhatə edir.

Həcc də bu cür İlahi qonaqlıqdır. Və burada qonaq olan insan üçün bir Allah hədiyyəsi vardır. O da ondan ibarətdir ki, insanın ruhu günah və xətaların vurduğu yaralardan təmizlənə bilir. Allah Təala zəvvara bağışlanma hədiyyə edir. Həqiqi həcci yerinə yetirmiş kəsi Allah bağışlamış olur. 

İmkanı və gücü çatanlar üzərində bir vəzifədir həcc. Eyni zamanda, həccə getmək insanın imkanlarını artırar, onun yetərliliyini gücləndirər. İmam Səccaddan (ə) nəql edirlər: "Həcc və ümrəni yerinə yetirin ki, bədənləriniz sağlam olsun, ruziniz bol olsun, imanınız güclənsin, xalqın və öz evinizin xərcini təmin edə biləsiniz».

Görürük ki, burada bədən sağlamlığı, ruzi artımı, imanın güclənməsi, xərci təmin etmək imkanı kimi nöqtələr vurğulanır. Həccin ana fəlsəfəsi - insan üçün İlahi beyəti təzələmək, Yaradanı ilə əhd-peyman bağlayıb, yenilənmiş bir həyat yaşamaq imkanı təqdim olunması ilə yanaşı, digər fəzilət və nemətləri də öz daxilində daşıması məlum olur. 

Həcc qəlblərə rahatlıq gətirər

Həccin hədəflərini açıqlayan digər hədisdə isə İmam Rzadan (ə) nəql edirlər: “Həcc nəyə görə əmr olunmuşdur?» soruşulanda, cavabında deyilməlidir: "Bunun səbəbi - Allaha yaxınlaşmaq və Ondan ruzinin artmasını istəmək, eləcə də dini məsələlərdən agah olmaq və İmamların (ə) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır»”.

Gördüyümüz kimi, həccin ilkin məqsədi olaraq qurbi-İlahi, Allaha yaxınlaşmaq göstərilir. Həccin ana fəlsəfəsi odur ki, insan Allaha yaxınlaşsın. Bununla yanaşı, bir daha həccin ruzinin artırılma vasitəsi olmasına diqqət çəkilir, dini maarifçiliyin güclənməsində, İlahi hökmlərin əxz olunmasında və yayılmasında əvəzsiz rolu olmasına diqqət yönəldilir.

İmam Muhəmməd Baqirdən (ə) nəql olunan digər hədisdə həccin daha bir neməti vurğulanır: "Həcc, qəlblərə rahatlıq gətirər».

Bu günün insanının stress dənizində yaşamasını nəzərə alaq. Çağdaş dünyanın ən böyük problemlərindən biri - qəlbi aramlığa nail olmaq, rahatlıq əldə etməkdir. Baxırsan, bir kəs olur ki, maddi imkanı da var, hər cür məsələlərdə zahiri uğurları da var. Amma qəlbi narahatdır. Ümumiyyətlə, İslam dininin bütün ibadi məsələləri qəlbə bir aramlıq, rahatlıq gətirir. Və əslində bu, Allaha bağlantının bərəkətlərindəndir. Allaha bağlı olanın qəlbi rahat olar. Hər nə baş verəcəksə, onda narahatlıq yaratmaz. Çünki Allaha bağlıdır. Bu, böyük bir səadətdir. 

Allaha bağlantı yoxdursa, insan nəyə istəyir bağlansın, aramlıq tapmaz. Axı, hər bir halda, insan nə isə asılı, müvəqqəti, zəif nələrəsə bağlanacaq. Streslər, narahatlıqlar, nigarançılıqlar burada yaranır, insanın bütün psixoloji problemləri buradan irəli gəlir - qeyri-müəyyənlik hissinin qəlbini ələ almasından. 

Həcc iki növdür

Biz ötəri toxunduq ki, həccə gedən insanlar çox müxtəlif olur. Onların niyyətləri də, ibadi durumları da, dünyagörüşləri də çox fərqlənə bilir. Amma əksəriyyət bir amal ətrafında - Allahın razılığını əldə etmək, Allah-Təala ilə qəlb bağlantısına nail olmaq niyyətilə bu mübarək səfərə yola düşür. 

Amma bir sıra insanlar da vardır ki, həccin gözəllikləri onların gözünə görünmür, bu mübarək səfərdə onlar özlərini göstərmək niyyətini güdürlər. Belələri ilə bağlı dinimiz öz xəbərdarlıqlarını etmişdir. Nəql edirlər ki, həcc səfərində İmam Cəfər Sadiq (ə) dağ yüksəkliyindən camaata baxıb buyurmuşdur: "Nə çox hay-küy, nə az hacı var!».

Digər yerdə İmam Cəfər Sadiq (ə) özünü göstərmək üçün həccə gedənlərin acı aqibəti haqda ciddi xəbərdarlıq edir:"lHəcc iki növdür: Allaha xatir həcc və camaata xatir həcc. Allaha xatir həcci yerinə yetirənə Allah Təala cənnəti mükafat verər. Camaata xatir həccə gedənin Qiyamət günü mükafatı və savabı həmin camaatın öhdəsinə qalar».

Burada acı bir kinayə sezilir. Özü ehtiyaclı olan insan Qiyamət günündə digərinə nə ilə həyan ola bilər? Təbii ki, heç nə ilə. Dinimiz ayıldıcı bir mesaj verir ki, özü üçün bir gün ağlaya bilməyən, sənin üçün nə edə biləcək?! İndi ki, camaata özünü göstərmək üçün həccə səfər etmisən, mükafatı da elə bu camaatdan al. Beləliklə, həcci nə üçün edirsənsə, mükafatı da oradandır. 

Ayıldıcı çatdırış

Öncə toxunduğumuz, haram yolla qazanaraq, həccə gedənlərlə bağlı ağrılı mövzuya aid də dinimizin çox ayıldıcı bir çatdırışı vardır. Böyük islam Peyğəmbəri (s) buyurmuşdur: "Haram yolla həccə gedən şəxs "Ləbbeyk, Allahummə, ləbbeyk (Əmrinə müntəzir durumdayam, çağırışınla gəlmişəm, ey Allahım)» deyəndə, Allah Təala ona buyurar: "La ləbbeykə və la səədeykə»». Yəni həccin özünə qalsın! Allah Özü saxlasın belə cavabdan! 

Halallıqsız, Allaha xatirliksiz həccin keyfiyyəti olmaz. Haram pula həccə gələnin həcci özünə qaytarılar. Beləsi özünü aldatmış olur.

O qədər mübarək vəziyyət var ki, hacının durumunda, hətta ehram halında dünyadan köçmək belə insanın nicatına səbəb olar. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Ehram halında ölən şəxsi Allah-Təala "Ləbbeyk!» deyən halda dirildər».

Həcc hər mənada önəmli, mühüm bir səfərdir. İnsanların bir çox vəziyyəti orada daha çox qabarır, üzə çıxır. Tək olurlar, müxtəlif vəziyyətlərdə, öyrəşmədikləri hallarda olurlar. Burada insanın özünü necə kontrol etməsindən tutmuş, digər zəvvarlarla ünsiyyətə qədər bütün məsələlər hər an qarşıya çıxır. İnsan sanki həmişəkindən daha çox özünü Allah dərgahında hiss edir. 

Allah-Təala cəmi zəvvarlara bü imtahanlardan şərəflə çıxmağı, həqiqi hacılardan olmağı nəsib etsin! Amin!

Aug 05, 2017 18:02 Asia/Baku
Şərhlər