• Mədəniyyət və mədəni hücum - 4-cü hissə
    Mədəniyyət və mədəni hücum - 4-cü hissə

Mədəni-incəsənət qurumlarının mədəni hücuma qarşı vəzifələri

Birinci hissə: Universitetlərin və ali təhsil mərkəzlərinin vəzifələri

          1- İniqlabçı və İslamçı nəsil yetişdirmək

          İnqilab dünyanın bir nöqtəsində baş verib möcüzəli təsirlər göstərən bir hadisədir. Bu hadisənin davamı və faydaları insanların tərbiyəsi ilə birbaşa əlaqədardır. Əgər inqilabın sözünü dərk edib onu qoyuran, ona əməl edən, o yolu və istiqaməti davam etdirən düzgün və elmli insanlar olsa, inqilab yaşayıb qalacaq, onun faydaları davamlı olacaq. Əgər Allah eləməmiş, inqilabın baş verdiyi bir mühitdə insanlar düzgün formada tərbiyə olunmasalar, tərbiyə prinsipləri məhv edilsə, İslam cəmiyyətində İslamın tərbiyə sisteminin xırdalıqlarına əməl olunmasa, xülasə, həm məlumatlı, həm qayğıkeş, həm məsuliyyətli, həm bacarıqlı, həm yüksək əhval-ruhiyyəli insanlar yetişdirilməsə, şübhəsiz, onun ilkin təməli də təhlükəyə uğrayacaq və tələf olacaq.       Dünyanın bir zaman özünü göstərib çağlamış və sonradan zəifləyib məhv olmuş, yaxud istiqamətini dəyişmiş bütün bəşəri səyləri ayıqlığın, düşüncənin, iradənin, aydınlığın və ruhiyyənin çatışmazlığına görə bu taleyi yaşamışdır.

          Biz 10-15 ildən sonra İslam və inqilab cəmiyyətini qoruyacaq bir nəsil yetişdirmək istəyiriksə, bu gün onun üçün xüsusi öhdəlik və vəzifələr tanımalıyıq. Biz 15 ildən sonra inqilabın əvvəlindən daha 15 il uzaqlaşmış olacağıq. Əvvəldə daha güclü və qızğın olan hər bir şey kimi inqilab alovu, həvəsi də bir o qədər zəifləyəcək. Bu alov zəifləyəndə biz ona uzunömürlü və münasib odunlar hazırlamış olsaq, qələbədən 20-25 il sonra inqilabın istiliyindən cəmiyyətimizə nəsə çatacaq. Lakin bu alovdan istifadə etməsək, tez sönüb bitəcək. Belə olduqda bu gün işə başlayan bir gəncdən 10-15 ildən sonra təbii ki, cəmiyyətin inqilabi və islami istəklərinə cavab verməsini gözləyə bilmərik. Siz həmin nəsli yetişdirmək üçün bu gün nə etməlisiniz? Bu, dərs oxumaqdan və tədqiqat aparmaqdan fərqli və tamam başqa bir şeydir.

          İslam Respublikasının kadr yetişdirmə aparatı düzgün işləməli və İslam Respublikasının məqsədlərinə uyğun kadrlar hazırlamalıdır. Biz xalqın, xüsusən də müsəlmanların malik olduğu müqəddəs arzulardan uzaq bir alim yetişdirmək istəsək, yaxşısı budur ki, tələbələrimizi qrup-qrup elm mərkəzlərinin bizdən daha imkanlı, daha modern olduğu ölkələrə göndərək, gedib oralarda oxuyub gəlsinlər. Halbuki məqsədimiz bu deyil. Məqsəd budur ki, ölkə elm və düşüncə baxımından layiqli insanlar tərəfindən idarə olunsun və öz məqsədlərinə doğru hərəkət etsin. Bu yalnız o zaman mümkün olar ki, insanlar həmin məqsədləri bilib qəbul etsinlər.

          Müsəlman iranlının öz ayağı üstə dayanması üçün iki-üç əsr boyu boynuna, əlinə və ayağına dolanmış əsarət kəndirlərini açmaq və “iranlı bir şey bacarmır” deyən yanlış müstəmləkə mədəniyyətini məhv etmək lazımdır. Bu məmləkətdə nefti milliləşdirmək istəyəndə Pəhləvi məmurlarından biri dedi: “İranlı palçıq aftaba düzəldə bilmir, neft sənayesini necə idarə edəcək?!” Bu, müstəmləkəçilərin müsəlmanlara, müstəmləkəyə çevirdikləri ölkələrin əhalisinə və bizim xalqımıza təlqin etdiyi mədəniyyətdir. Deyirdilər ki, sənayenizi biz qurmalı, əkinçiliyinizi biz yoluna qoymalı, məktəblərinizə biz proqram hazırlamalı və hökumətinizi biz idarə etməliyik. Pəhləvi və Qacar sülalələrinin bu ölkənin başına açdığı bəla və bu xalqı saldıqları rəzil durum bizi yüz il geriyə atdı. Bu rəzilliyə son qoymaq və parlaq iranlı istedadının İranın və İslamın maraqlarının xidmətində işlənməsi üçün bacarıqlı kadr yetişdirməkdən başqa bir yol yoxdur. Bunu kim yetişdirəcək? Qaralmış bu daşı, paslanmış bu metalı kim sürtüb parıldadacaq və iti bıçağa çevirib bütün işləri görəcək?

          2- Universitetlərə İslam dəyərlərini hakim etmək

          Bizim universitetlərimiz bu gün elə olmalıdır ki, sabahkı məzunları inqilaba və İslama sadiq kadrlar olsunlar. Biz bu inqilabın dəyərləri, birinci növbədə milli istiqlaliyyət, ölkənin azadlığı, beynəlxalq istismarçıların boyunduruğundan qurtuluş dəyərləri, İslama öhdəçi və itaətkar bağlılıq üçün bir şey fikriləşməliyik. Bizim bugünkü tələbəmiz bu devizlərə dəyər tanımalıdır. Bu isə xüsusi vəzifələr tələb edir. Bu, universitet üçün xüsusi bir öhdəlikdir. Bundan ötrü nə etmək istəyirsiniz?

Bu gün universitetə girmək elm hövzəsinə girmək kimi olmalıdır. İnsan elm hövzəsində din, etiqad və dindarlıq öyrəndiyi kimi, hətta İslam və inqilab əsaslarından uzaq bir tələbə də universitetdə təhsil aldığı 4-5 il ərzində bu dəyərləri öyrənməli, İslam və inqilab əsasları ilə tanış olmalı, dindar insana çevrilməlidir. Bu baxımdan, universitetdə dini tərbiyəyə və gənclərin aktiv inqilabçı ruhuna çox əhəmiyyətli yanaşmaq lazımdır. Və bu yalnız sözlə baş tutmur.

          Dini dəyərlərə yad, inqilabın məqsəd və təlimlərinə qarşı biganə və soyuqqanlı olan, inqilabın nəbzi vurmayan, tələbə və müəllimlərinin İran xalqının inqilabçı hərəkətinə qarşı öncüllük vəzifəsi hiss etməyən, qısası, inqilab işində birinci dərəcəli rolu olmayan laqeyd universitet gələcəyə ümid yaradan, onu təmin edən və imamın nəzərdə tutduğu universitet deyil. Buna əsasən, universitet istiqamətli, dindar, inqilab və İslam dəyərlərinə çox meylli olmalıdır. Təbii ki, inqilab dəyərləri İslam dəyərlərindən əsla ayrılmazdır, onlar eynidirlər. Heç kəs deyə bilməz ki, mən müsəlmanam, amma inqilabı qəbul etmirəm. Bu necə müsəlmanlıqdır ki, İslam fəaliyyətinin zirvəsi olan İslam inqilabını qədul etməsin?! Yaxud kimsə deyə bilməz ki, mən inqilabçıyam, amma İslamı qəbul etmirəm. Hansı inqilabçılıqdan söhbət gedir?! Bu gün ən canlı inqilab budur. Müxtəlif inqilablarla dolu olan son bir neçə onillikdə xalqı ən çox səfərbər edən bu inqilabdır. Deməli, islamçı olmayan inqilabçı və inqilabçı olmayan islamçı yoxdur. İnqilab dəyərləri elə İslam dəyərləridir.

          Universitetdə dini tərbiyəyə və gənclərin aktiv inqilabçı ruhuna çox əhəmiyyətli yanaşmaq lazımdır. Və bu yalnız sözlə baş tutmur, bunun üçün bəzi işlər görülməlidir. Ən mühüm işlərdən biri budur ki, universtetlərdə təsirli kadrlar inqilabı həqiqətən ürəkdən qəbul edən insanlar olmalıdırlar. Biz demirik ki, universitetlərdə tədqiqat aparan, yaxud tədris edən hər bir müəllim və mütəxəssis birinci dərəcəli inqilabçı olmalıdır. Onda inqilaba qarşı düşmən hisslər olmamalıdır. Bu hiss olsa, onun elmi inqilaba xidmət göstərə bilməz. Deməli, həssas mərkəzlərdə çalışanlar, bütün universiteti, yaxud elm və tədris işlərini idarə edənlər, məsul şəxslər və mühüm sahələrə nəzarət edənlər həqiqətən inqilabçı kadrlar olmalı, digərlərində də inqilaba qarşı düşmən hisslər olmamalıdır. Hansı səviyyədə olursa-olsun, inqilaba qarşı çıxan şəxsin universitetdə çalışması zərərlidir; hətta təhsil üçün də zərərlidir.

          Biz inqilabın başlanğıcından uzaqlaşdıqca, İslam inqilabının və İslam Repsublikasının yaşı artdıqca ölkənin müxtəlif sahələri, o cümlədən universitetlər prinsipcə inqilab təlimlərinə daha yaxınlaşmalı, ondan daha çox təsirlənməlidir. Bu təbii bir məsələdir.

          Misal üçün, inqilabın ilk illərində İslam təfəkkürünün sözü və nəzəri olduğu bəzi humanitar elmlərdə kitablarımız az idisə, indi çoxalmalıdır; müəllimimiz az idisə, indi çox olmalıdır; bəzi elmlərin istiqaməti islami deyildisə, yaxud İslam yönümü az idisə, indi daha çox olmalıdır. Əgər universitetlər İslam təlimləri və İslam əməli ilə az uyğunlaşırdısa, indi çox uyğunlaşmalıdır. Yəni inqilab yolunda hərəkətin zəruri nəticəsi budur: biz inqilabın əvvəlindən uzaqlaşdıqca onun məqsədlərinə yaxınlaşmalıyıq. İnqilabın rəhbərliyi ilə hərəkət etdiyimizə görə, prinsip etibarilə inqilabın məqsədlərinə hər gün daha da yaxınlaşmalıyıq. Bu, universitetlərdə, dərs vəsaitlərində və müəllimlərdə özünü göstərməlidir. Bəzi humanitar elmlər yaxşı durumda deyil. Universitetlərin rəhbərləri bu məsələ ilə məşğul olsunlar. Universitetlərin bəzi humanitar sahələrindən bizə xoşagəlməz məlumatlar çatır. Məsələn, deyilir ki, bir fakültədə dini təməlli dərslər bəzi qüvvələr tərəfindən tədricən kənara qoyulur, Qərb təməlli dərslərə daha çox həvəsləndirilir və şərait yaradılır; yaxud fərz edin, humanitar elmlərə İslamın əsasları ilə yanaşan müəllimlər kənara qoyulur, belə dərsləri ləğv edir və ya etməyə çalışırlar; yaxud humanitar elmlərdə islamyönümlü dissertasiya mövzuları etinasızlıqla qarşılanır. Hər hansı fakültədə belə bir şey duyulsa, məncə buna həssas yanaşmaq lazımdır. Bu barədə verilən məlumatlar dəqiq olmaya da bilər, amma əhəmiyyətlidir və bunlarla maraqlanmaq lazımdır. İslam təfəkkürünə və İslam hidayətinə malik elmlərin təcrid olunmasına, kənarda qalmasına şəraitin yaranmasına imkan verməyin. Ümumilikdə humanitar elmlərdə lazımi işlər müşahidə olunmur. Mən kitab yazmağa dair fəaliyyətlərdən müəyyən həddə xəbərdaram, lakin biz inqilabın qələbəsindən 13-14 il ötəndən sonra bu sahədə əsaslı işlər görmüş olmalıyıq. Humanitar elmlər digər elmlərdən fərqlidir. Humanitar mövzuların dini yönümdən araşdırılması fərqli nəticələrə gətirib çıxarır. Müsəlman cəmiyyətində, İslam quruluşunda bir qurumun, təşkilatın, müəllimin və ya rektorun İslamın əksinə hərəkət etməsi, ona rəvac verməsi yolverilməzdir. Bu məsələyə çox həssas yanaşmaq lazımdır. Mənim tövsiyəm budur. Həmçinin humanitar elmləri İslam əsasında, İslam dünyagörüşünə uyğun araşdırıb yazmaq lazımdır. Pul lazımdırsa, verilsin; kadr yetişdirmək lazımdırsa, bu işi görək. İnqilabdan indiyədək az zaman ötməmişdir. Prinsipcə bu müddətdə əsas işləri görməli idik. Bu nə qədər geciksə, bir o qədər pis olacaq. Odur ki, bundan sonra vaxt tələf etmək olmaz.

          Təəssüf ki, bəzi sahələrdə kitablar lazım olduğundan çox fərqlidir. Misal üçün, hüquq fənni belədir. Əslində çoxlu sahələr belədir, lakin biz bəzi elmlərdə geridəyik və lazımi təcrübəmiz yoxdur. Keçmişdə bizim psixologiyada, sosiologiyada tədqiqatçı və mütfəkkirlərimiz olmayıb. Odur ki, bu fakültələrdə öz kitablarımız olmasa, bəlkə də heç kim bizi qınamaz. Bəs hüquqda necə?! Cinayət hüququnda necə?! Bu gün bizim hüquq mütəxəssislərimiz burada iştirak edirlər. Müxtəlif hüquq sahələrində dəyərli fəqihlərimiz kimi elmli olan varmı?! Hüquqşünasların arasında hüquqi məsələlərdə bir müctəhid qədər güclü bir alim həqiqətən az tapılar. Mən Cəvahir kitabının müəllifini demirəm. O bütün bunların fövqündə durur. Bütün fiqhi işləmiş Cəvahir sahibi kimi birisini tapmaq çətindir.

         

          3- Qərb mədəniyyətinə qarşı mübarizədə tələbə və müəllimlərin rol və vəzifələri

          Siz əziz tələbələr bilməlisiniz ki, inqilabın hərəkət və inkişafında tələbənin çox aktiv rolu var. Siz inqilabın bitdiyini düşünməyin, o davam edir. Əgər inqilab düşmənləri təhrik edən, məhrum və məzlum təbəqələrə qurtuluş, səadət müjdəsi verən əsaslı dəyişiklik deməkdirsə, bəllidir ki, bitməyib və hələ də davam edir. Bunun dəlili dünyada bizə qarşı olan düşmənlik və ədavətlər, eləcə də dünyanın məzlum xalqlarının bu inqilaba və onun rəhbərinə qarşı sevgi, səmimiyyət və dəstəkləridir. Siz bu günlərdə bunu aydın görürsünüz ki, əcnəbi bir ölkənin bizim dilimizi bilməyən, bəzisi hətta əlifbamızla tanış olmayan əhalisi rəhbərimizin vəfatına görə başına vurur, ürəkdən ağlayır, yürüş zamanı İslam Respublikasının bayrağını qaldırır, onunla fəxr edir və mehriban bir atanı əldən verdiklərini düşünürlər. Bu, inqilabın səciyyəsidir; düşmənliklər və dostluqlar qalır.

          Siz tələbələr öz rolunuzu unutmayın. Sizin təbəqənizə uyğun siyasi ayıqlıq və inqilabi gənclik coşqusu quruluşun məqsədlərinə xidmət göstərməlidir. Bəzi sadəlövh uşaqlar elə bilirlər ki, tələbənin inqilabda iştirak etməsi məsul şəxslərin başlarına çığırmaqdır. Xeyr! Bu, inqilabçılıq deyil. Tələbələrin məsul şəxslərin başına çığırdıqları yerlərdə məsul şəxslər tələbələrlə eyni istiqamətdə hərəkət etmirlər. Onlar Amerikaya muzdur olduqlarına görə gənclər dözmür və etiraz səslərini ucaldırlar. Keçmiş rejimdə bizdə də elə idi. Tələbələr, xalq, sağlam və qorxmaz insanlar vəzifəli şəxslərin başlarına çığırırdılar. Hansısa bir qrup hiyləgərliklə və müxtəlif planlarla bir neçə sadəlövh gəncə tələbənin fəryad çəkməli olduğunu başa salmasın. Bəli, fəryad çəkilməlidir, lakin Amerikanın başına, quruluşun məsul şəxslərinə və onu idarə edənlərə maneçilik törədən qüvvələrin başına. Hansı universitetdə təhsil alsanız, düzgün xətdə tələbə iştirakını güclü şəkildə qoruyun.

          Tələbə əzizlər! Yaxşı, səmimi və sağlam gənclər! Bacardığınız qədər birliyinizi qoruyun, müxtəlif adların müxtəlif istiqamətlər kimi başa düşülməsinə imkan verməyin. Düşmənə qarşı çevrilməli olan qüvvələrin bir-birinə qarşı dayanmasına qoymayın. Bu nazirliyin tələbəsi-o nazirliyin tələbəsi, bu universitetin tələbəsi-o universitetin tələbəsi, dövlət universitetinin tələbəsi-özəl universitetin tələbəsi, buranın İslam birliyi-oranın İslam birliyi kimi adlar divar yaratmamalı və sərhəd çəkməməlidir. Bundan ehtiyatlı olun.

          Tələbələr inqilab məsələlərində heç zaman soyuqluq hiss etməməlidirlər. Təbii ki, bunun yolları var, bunu fərman və sərəncamla qorumaq olmaz.

          Universitetlərinizdə İslamı yüksək səviyyədə qoruyun. Elə edin ki, özgələr, yəni inqilaba və İslama yad olanlar işləri öz əllərində hiss etməsinlər. Mühiti elə düzəldin ki, hizbullahçı orada inkişaf etsin. Bizim düşmənlərimiz dünya mediasında hizbullahçını pis simada göstərməyə çalışırlar. Hizbullahçını alçaq bir insan və bir quldur kimi təsvir edirlər. Halbuki belə deyil. Hizbullahçı - Allahın xidmətində olan, inqilabdan və ilahi iradədən başqa heç bir siyasi və təşkilat bağlılığı olmayandır. İnqilabın əvvəllərində liberallar bu adı bədnam etməyə çox çalışdılar. Mənim yadımdadır, o zaman təsadüfən Dövlət Şurasındakı bir həkim mənim gördüyüm ilk şəxs idi ki, fəxrlə belə dedi: "Bu qədər deyirlər hizbullahçı, mənim özüm bir hizbullahçıyam". O, yüksək vəzifəli bir həkim idi. Ölkənin hizbullahçı cinahının, özünü bu inqilabınkı bilən, inqilaba ürək yandıran, özünə bu ölkəyə və bu inqilaba xidmətdən başqa bir vəzifə tanımayanların özlərini doğma universitetlərdə hiss etmələrinə çalışın.

          Siz tələbə və şagirdlərin, oğlan və qızların üzərinə dərs oxumaqdan əlavə, ağır vəzifələr düşür; universitet və məktəbdə inqilabi və dini vəzifələr. Bu mübarizə bir günün, iki günün, bir ilin və iki ilin mübarizəsi deyil, nəsillərin mübarizəsidir. İnqilabın başlanğıcından uzun müddət sonra meydana çıxmış nəsil İranı qurmaq, qüdrətləndirmək, ucaltmaq, digər xalqlar qarşısında canlı örnəyə çevirmək və hegemonizmin burnunu ovmaq istəyirsə, inqilabçı, islamçı və dindar bir nəsil olmalıdır. O nəsil sizlərsiniz. Bu gün tələbə və şagird olan sizlər sabah ölkəni idarə edəcəksiniz. Bu gün özünüzü yetişdirin, universitet və məktəbləri inqilabçı və islamçı edin. Görmürsünüz ki, düşmən bu mərkəzləri hədəf seçmişdir?! Bu nədən ötrüdür? Onlar bu yerlərdən qorxurlar. Universitetlərdə inqilabçı və müsəlman gənclər əlbir olub həmrəyliklə və bir düşüncə ilə hərəkət etməlidirlər. Bu düşüncə İslam və inqilab düşüncəsidir. Təhsil ocağınızı islamçı və inqilabçı edin, Allah və inqilab yolunda birliyə mane olan hər şeydən çəkinin. Beləliklə İranın sabahını təmin edib İslam Respublikasını düşmən və bədxahlar qarşısında qalib, İran xalqını dostları və dünyanın ümidliləri qarşısında üzüağ edəcək bir univeristet qura bilərsiniz.

          Məktəblər də belə olmalıdır. Bizim müsəlman gənclərimiz və mömin uşaqlarımız bu inqilabda rol oynamışlar.

          Əziz və inqilabçı övladlarıma, qardaşlarıma, gənclərə, şagird və tələbələrə deyirəm: İstər indi, istər gələcəkdə inqilabın əsas yükü sizin çiyinlərinizə düşür. Əziz İslam, şəhidlərin valideynləri, Böyük İmam və xalqın saleh insanları sizə baxır, bel bağlayır və sizdən umur. Çalışın Böyük İslam İnqilabının kamilliyə və məqsədlərinə çatması üçün fürsətlərdən əlverişli istifadə edin, beyinlərinizdə və qəlblərinizdə dini inancı gücləndirin, mənəvi saflıqla və məsuliyyət hissini artırmaqla inqilabı, inqilabi dəyərləri, mədəniyyəti və əhval-ruhiyyəni qoruyun, cəmiyyətlə, müxtəlif təbəqələrlə, xüsusən də hörmətli ruhanilərlə əlaqələrinizi gücləndirin, xeyirxah və qayğıkeş görünən şeytan hiylələrindən və iblis təxribatlarından ehtiyatlı olun. İran xalqının şərəfli mübarizə yolunda gənclər həmişə öndə olmalıdırlar. Özünüzü düzgün xətdə öncüllüyə hazırlayın, sayıqlıqla doğru və düzgün xətti yanlış xətlərdən ayırın, ilahi rəngləri təbliğ edin və İslam şüarlarını uca tutun.

          Tələbə və şagirdlər elm öyrənməkdən ibarət olan vacib əməli peşə və təcrübə öyrənməklə yerinə yetirməli, inqilab hərəkətlərinin öncülü kimi İslamın uca məqsədləri istiqamətində, qlobal hegemonizmin, ABŞ, sionizm və mürtəcelik üçbucağının təxribatlarına qarşı ürəkdən mübarizə aparmalıdırlar.

          İnsanın elmi sevmədən, təhsilə əhəmiyyət vermədən, yalnız bir kağız parçası əldə etmək və onun sayəsində işləmək üçün yox, pul qazanmaq üçün işə düzəlmək məqsədi ilə universitetə girmək, xalqın imkanlarından və dövlət büdcəsindən istifadə etmək İslam işi deyil; tələbə belə dərs oxusa, İslamdan deyi; müəllim belə dərs desə, İslamdan deyil. Çünki bizim gənclərimiz, qız və oğlanlarımız Allaha şükür olsun ki, onsuz da müsəlmandırlar. Bizim universitetlərimizdə mühüm məsələlərdən başqa birisi gənc təbəqənin inqilaba qarşı məsuliyyət hiss etməsi, özünü bu məsələlərdən uzaq bilməməsi və inqilabın bu gün ondan hansı vəzifəni tələb etdiyinə baxmasıdır: o, inqilabın inkişafında hansı rolu ifa edə bilər və vəzifəsi nədir? Tələbə Allahın lütfü ilə həmişə inqilab işlərində hazır olan böyük xalqımızdan ayrılmamalı, xalqın inkişafına və ayıqlığına kömək etməli, savadlanmasına yardımçı olmalıdır. Universitetin qapısı xalqın üzünə açıq olmalı, tələbə universitetdə məhdud olmamalı, ölkə və cəmiyyət məsələlərində ailə üzvləri və dostları arasında maarifləndirmə aparmalıdır. Bizim gənclərimiz bilməlidirlər ki, ölkəmizin tarixində istedadlı və elmli gənc üçün ən azı son 7-10 əsrdə bugünkü kimi fürsət yaranmamışdır. 

          Bizim universitetimiz İslam universitetidirsə, onun ən böyük səciyyələrindən biri müəllimlərə dünyada mövcud olandan artıq hörmət etmək olmalıdır; xüsusən şagirdlər tərəfindən. Müəllim pis də olsa, şagird qeyd-şərtsiz olaraq, ona hörmət göstərməlidir. Fərz edin, kafir bir müəllimi gətirib hizbullahçı bir sinfə qoydular. Bu hizbullahçılar o kafirə hörmət etməlidirlər, yoxsa hörmətsizlik? Ona hörmət etməli, onu uca tutmalı və özlərindən üstün bilməlidirlər. Çünki onların müəllimidir, başqa heç bir dəlil lazım deyil. Qeyd etdiyimiz kimi, həmin müəllim onlarla eyni etiqadları bölüşməyəndə də belə olmalıdır, mömin və müsəlman olanda isə daha heç. Hər halda, universitetlərdə və elm mərkəzlərində müəllimin hörməti çox qorunmalıdır.

          Universitetlərin rektor, müəllim və tələbələri birinciliyi İslama verməli və İslam hökmlərinə əməl etməlidirlər. İslam dəyərləri universitetdə yarış formasına düşməlidir.

          Dəyərli və qayğıkeş müəllimlər istedadlı qüvvələrin tərbiyəsi üçün əlverişli inqilabi şəraitdən istifadə etməli və tələbələr müəllimlərə hörmətlə yanaşı, - bu, İslam baxımından vacib əməldir – kiminsə bədxahlıqla elm və ixtisası müstəmləkə mədəniyyətinin təbliğinə vasitə etməsinə, əcnəbilərin istismarı dövründəki kimi universiteti özünə yad olan əcnəbipərəst beyinlərin tərbiyə mərkəzinə çevirməsinə icazə verməməlidirlər.

          Elm və tədqiqat mərkəzlərinin müəllim və rəhbərləri ölkə inkişafının əsas sütunu sayılan elm və tədqiqat səviyyəsinin yüksəldilməsinə dair yetərli diqqətlərinin yanında, təhsil mərkəzinin İslama uyğunlaşdırılmasına, idxal olunmuş mədəniyyətin pis təsirlərinin silinməsinə, ölkənin gələcəyinin ümidləri olan tələbə və şagirdlərin dini və siyasi bünövrəsinin gücləndirilməsinə də çalışmalı, kreativ, sürətli və güclü proqramlarla savadsızlığın kökünü kəsmək və cəmiyyəti savadlandırmaq işinə müqəddəs məqsəd kimi baxmalıdırlar.

          4- Universitetlərin və ali təhsil müəssisələrinin rəhbərlərinin rol və vəzifələri

İslam Respublikası quruluşu və onun gələcəyi üçün universtetin əhəmiyyəti və universitet mənsublarının rolu elə məsələlərdəndir ki, ölkə idarəçiləri, xüsusən də mədəni işlərdə çalışanlar onu bir an da unutmamalıdırlar. Bizim mərhum və əzəmətli imamımız onlarla yazılı sənəddə və şifahi tövsiyədə bu mühüm məsələni xatırlatmış, üzərində təkid göstərmişdir. Bizim universtetimiz İslama uyğunlaşsa, ölkənin istiqlaliyyətini, azadlığını və başucalığını məqsəd seçərək elmi işi və cəmiyyətin idarəsini üzərinə götürə, gələcəkdə elmi və siyasi inkişafa təməl ola bilər. Lakin İslama uyğunlaşmasa, keçmiş rejimin on illərlə hakimiyyəti dövründəki bəlaya düçar olar: elmi və əxlaqi süqut, məcburən qaldığı geriliyi və zəifliyi özünün inqilabi əzmkarlığı və imanı ilə düzəltməyə iradə göstərmiş xalqın ehtiyaclarını təmin etməkdə bacarıqsızlıq.

          Bizim fikrimiz budur ki, universitetlər ölkənin ümumi idarəsindən kənarda qala bilməzlər. Belə bir şey mümkün deyil.

          Universitetdə müdiriyyət onun dövlətə bağlandığı yerdə mərkəzləşməlidir. Bu yer Ali təhsil və Tibbi təhsil nazirliyindən ibarətdir. Bizim prinsipimiz budur. Universitetlərin ölkənin ümumi inqilabi siyasətindən tam ayrı hərəkət etməsini nəinki qəbul etmirik, hətta ali təhsil sistemində fəsad sayırıq. Universitetlərə ölkənin bütün qurumları kimi İslam quruluşunun ümumi çərçivəsi daxilində baxmaq və onlara vahid siyasəti hakim etmək lazımdır. Düşmən bu ölkənin hər hansı bir sahəsinə müdaxilə imkanı əldə etməməlidir. Hətta universitetdə olmasa belə, azad ticarət zonasında bir sahədə də düşmən quruluşun məqsədləri əleyhinə hərəkət edə bilməməlidir. Biz düşmənə belə bir imkan verməməliyik. Universitetdə isə məsələ dəfələrlə ciddidir. Ölkənin islamçı və inqilabçı hərəkətinin düşmənlərinin universitetlərə sərmayə yatırıb onları İslam Respublikasının siyasətlərinin əksinə aparmaları yolverilməzdir. Bizim inqilabçı quruluşumuz və müsəlman xalqımız üçün belə bir şey əsla məqbul deyil.

          Heç kim elə bilməsin ki, bu gün müəllimlərin, yaxud universitetin müxtəlif sahələrinə rəhbərlik edənlərin dindarlığı çox da vacib deyil, tələbələrin kəmiyyət və keyfiyyətini artırmağımız lazımdır. Fərz edək ki, siz bugünkündən iki dəfə artıq tələbə yetişdirdiniz və keyfiyyət də yüksəldi; hərçənd məncə inqilabi və islami öhdəliklər olmadan keyfiyyəti yüksəltmək çətin məsələdir, biz bunu sınaqdan keçirmişik. Lakin istənilən halda, universitet məzunları ölkəyə və böyük milli arzulara dəyər tanımasalar, ürək yandırmasalar, onlar üçün çalışmasalar, ölkə bir şey qazanmayacaq, sizin zəhmətləriniz də effektsiz olacaq. Odur ki, biz birinci növbədə universitetdə nə yetişdirmək istədiyimizi aydınlaşdırmalıyıq. Əgər inqilaba, onun əsaslarına inanan, inqilabın məqsədləri uğrunda çalışan mütəxəssis yetişdirmək istəyiriksə, - bizim fikrimizcə məhz belədir - universitetdə bu məqsədlə proqram hazırlamaq lazımdır.

          Mən bir neçə il bundan əvvəl bir söz dedim, bəziləri etiraz etdilər. Dedim ki, universitetlərin rəhbərliyi həm də elmi rəhbərlik olmalıdır. İndi də fikrim budur. Universitetin başında elə elmli adam durmalıdır ki, orada çalışanlar bu şəxsi başçı kimi qəbul etsinlər. Sözsüz ki, əməl və etiqadla yanaşı olan elmdən söhbət gedir. Bu quruluşun başının bədənindən ayrılmasını istəyən, ümumiyyətlə İslama etiqad bəsləməyən, yaxud İslamı və hizbullahçıları məsxərə edən, mömin tələbəni ələ salan etiqadsız bir şəxs işlərin başına keçməməlidir. Xeyr! Onun qolundan tutub kənara qoyun. Bizim siniflərimizdə dərs demək istəyirsə, eybi yoxdur. Hansı müəllim gəlib dərs desə, qəbul edərik. Biz hər kəsin elmindən bəhrələnərik; hətta bizi qəbul etməyənlərin belə. Elmini öyrətsin, biz çox təvazökarlıqla oturub ondan elm öyrənərik, quruluş onun elmindən istifadə edər. Lakin universitetin idarəsində həlledici olması əsla yolverilməzdir. Kimsə çadralı, yaxud hicablı qıza təhqir gözü ilə baxsa, onu təhqir edin, heç nəyi nəzərə almayın; kimsə saqqal saxlayan hizbullahçı gəncə təhqir gözü ilə baxsa, belə gəncləri süründürsə, onu təhqir edin. Bəzən bizə belə məlumatlar çatır. Bu məlumatlar doğrudursa, belələrini təhqir edin, doğru deyilsə, heç.

Dəyər Allaha itaətdə, imanda, ölkəyə və cəmiyyətə qayğıdadır, şıq geyinməkdə deyil. Ləzzətindən və yeyib-içməyindən keçməyən, ağır işlərə yaxın durmayan bir insan hansı haqla bu quruluşda mühüm şəxsiyyət olduğunu deyə bilər?! Elmi də onun şəxsi həyatına və qarnına qulluq edir, xalqdan ötrü deyil və dəyəri yoxdur. Sizin nazirliyinizdə, universitetinizdə inqilabla eyni istiqamətdə hərəkət etməyənin elminin də dəyəri yoxdur. Bəli, elmini tələbələrimizə öyrətsə və tələbələrimiz ondan istifadə etsələr, sözümüz yoxdur; bu şərtlə ki, öyrətsin. Mən eşitmişəm ki, bəziləri hətta elmlərini də əsirgəyirlər. Mən bilmirəm, siz araşdırın, görün həqiqətən belədir, yoxsa yox. Deyilənə görə, sinifdə bir şey öyrətmir və tələbə yetişdirmirlər. Belə bir şəxs ümumiyyətlə işə yaramır. Elmini öyrətmək istəyən şəxsdən isə öyrənsinlər; universitetdə dərs desin, problem yoxdur. Amma bu quruluşa, bu təfəkkürə, İslam hərəkatına və inqilaba etiqadı olmayınca, ona geniş imkanlar verməməliyik. Bu meyarlara cavab verən bir müəllim, yaxud rektor təyin etdikdə isə hamı ona hörmət etməli və doğrudan da gözünün üstündə saxlamalıdır. Tələbə də belə şəxsə hörmət etməlidir.

          Mən xahiş edirəm universitetlərin rektorları və hər iki nazirliyin rəhbərləri bu məsələyə diqqət yetirsinlər: mümkün deyil ki, bizim bir tələbə oğlanımız dindar görkəminə və yaxud qızımız hicabına görə etinasızlıqla üzləşsin, Allah eləməmiş, aşağılansın. Qəti olmasa da, indiyədək mənə belə məlumatlar çatıb. Onların bir-ikisi bir müddət qabaq yəqinə yaxın həddə çatdı, mən də reaksiya verdim. Biz bir müddət öncə tələbələrə dedik ki, inqilabi məsələlərə çox da əhəmiyyətli yanaşmayan müəllimlərlə işiniz olmasın, qoyun gəlib dərs deyib getsinlər. Amma həmin müəllimin sinifdə, yaxud imtahan otağında müsəlman və inqilabçı tələbənin təhlükə hiss edəcəyi şəkildə rəftar etməsi əsla məqbul deyil. Cənablar buna diqqət yetirsinlər; əgər belə bir müəllim tapsanız, ona qarşı ciddi tədbir görün. Bu həddə inqilaba qarşı çıxmaq yolverilməzdir. Şagirdini öz övladı kimi sevməli olan bir müəllim çadrasına görə şagirdinə pis münasibət göstərirsə, bu, onun ürəyində dinə, İslama və inqilaba qarşı çox böyük ədavətin olduğunu göstərir. Və əgər belə bir ədavət varsa, sizin belə bir müəllimdən istifadə etmənizə nə zərurət var?!

          Bu gün siz (Mədəniyyət və Ali təhsil nazirliyinin əməkdaşları) inqilabı öz işinizdə xülasə etməlisiniz. Hər halda, bir çörəkçi də arxa cəbhədə çörək bişirirsə, onun çörəyi pis olsa, az olsa, yaxşı bişməsə və ya geciksə, bu da öz qədərincə inqilabın taleyinə təsir göstərəcək. Bir çörəkçinin, yaxud adi bir tacirin əməli təsirlidirsə, görün mədəni və dini bir quruluşda ən yüksək fəalliyyətlərdən olan və belə bir nəsillə çalışan universitet işləri nə qədər əhəmiyyətlidir. İnqilab sizin üçün beynəlxalq siyasət və müharibə haqda düşünmək deyil, universitetləri inqilabın gözlədiyi şəkildə qurmanız və bunun üçün oturub fikirləşmənizdir. Universitetlərin rektor və rəhbərləri iclas və seminarlar keçirib həqiqətən çıxış yolu haqda düşünsünlər.

 İnsan kompüter deyil. Kompüterə bir proqram yükləyirlər, o da məsələnin cavabını hesablayır. İnsan isə belə deyil. İnsan özü öz proqramını tənzim etməli, qərar verməli, istiqamət seçməlidir. Biz bu ikinci istiqaməti yaddan çıxarsaq, universitet imamın dəfələrlə xəbərdarlıq etdiyi universitet olacaq. Universitetin dindən ayrı və dinə yad olması böyük bir faciə deməkdir. Universitetdə çalışmış, onu bizdən yaxşı tanıyan, həm də dini hisslərə malik olan sizlər bunu yaxşı dərk edirsiniz. Bu faciəni aradan qaldırmaq olduqca çoxlu tələfatlara və böyük problemlərə səbəb ola bilər. Bu problemlərin aradan qalxıb-qalxmayacağı da bəlli deyil.

Universitetin məzunu nə inqilaba, nə dinə, nə ölkəyə, nə milli istiqlaliyyətə və böyük milli arzulara qarşı məsuliyyətli olacaqsa, bu universitet elmi baxımdan nə qədər yüksək olsa da, dəyəri olmaz, onun məhsulu və məzunu asanlıqla müxtəlif siyasi qüvvələrin ixtiyarına keçər. Biz universitetdə dini, inqilabi ruhu və milli asılılığa nifrəti tələbələrin ruhuna və beyninə yeritməliyik. Asılılıq məsələsi xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, bu gün dünyanın siyasi mövqe baxımından kiçik ölkələri, necə deyərlər, keçmiş üçüncü dünya və əsasən müsəlman ölkələri belə asılı vəziyyətdədirlər. Bu asılılığı elm öyrənməyə həvəslə səhv salmaq olmaz.

          Universitetdə tələbələrin inqilabi ruhuna çox diqqət yetirmək lazımdır. Çünki tələbə nəsli, tələbə təbəqəsi dünyanın hər yerində inqilabın əsas dayaqlarından sayılır. Bunu qorumaq lazımdır.

          Tələbələr heç zaman inqilabi məsələlərdə soyuqluq hiss etməməlidirlər. Təbii ki, bunun üsulları var, bu ruhu fərman və sərəncamla qorumaq olmaz. Tələbələrə deyə bilmərik ki, siz inqilabın məqsədləri istiqamətində həvəslə hərəkət edin. Çünki həvəsi yaratmaq lazımdır, yalnız deməklə əmələ gəlmir. Hər halda, universitetdə tələbələrin inqilabi ruhuna xələl gəlməməlidir. Hətta elə etmək lazımdır ki, laqeyd olanlar da inqilabi istiqamətlərə və inqilabi həvəsə meyllənsinlər, Allah eləməmiş, əksinə, bu istiqamətdə olanlar da tədricən laqeyd olmasınlar. Bu da çox böyük təhlükədir.

          Məktəblərdə, xüsusən də universitetlərdə çox əhəmiyyətli bir məsələ islami və inqilabi düşüncə, inam və ruh məsələsidir. Gənclər həqiqətən cəmiyyətin mühərrikidirlər, cəmiyyətdə müsbət və ya mənfi olan böyük hərəkətlərə səbəb olurlar. Əgər univeristet adlı bir yerə toplaşmış bu gəncləri inqilaba və İslama yönəldə bilsək, ölkə və inqilab ən böyük faydanı görəcək.

          Universitet tələbəsi müstəsna bir varlıqdır. Hətta gənc hövzə tələbəsi də bəzi cəhətlərdən universitet tələbəsindən fərqlənir. Təhsil almaqda olan gənc universitet tələbəsi azad çevrələrlə tanış olur və çoxlu insanların toplaşdığı bir yerdə təhsil alır. Bu xüsusiyyətlər ümumilikdə özəl bir kompozisiya, hal və təsirlər yaradır. Bunu qəbul etmək lazımdır.

          Biz tələbə təbəqəsinin icraçı qurumların bütün siyasətləri qəbul etməsini gözləyə bilmərik. Təbii ki, ölkə məmurlarının siyasətləri qarşısında hamı tabe olmalıdır. Şübhə yoxdur ki, ölkənin icraçı qurumlarının çıxardığı qərarlara əməl etmək lazımdır. Lakin tələbəyə bu hüququ vermək lazımdır ki, gəncliyindən, həvəs və aktivliyindən irəli gələrək sualı, etirazı və ya təklifi olsun. Buna dözmək, bunu qəbul etmək lazımdır. Bu, tələbə təbəqəsində həvəskarlığı və fəallığı qoruyub saxlayan amillərdəndir. Sözsüz ki, tələbə çevrələrinin peşəkar siyasətbazların at oynatdığı meydana çevrilməsindən ehtiyatlı olmaq lazımdır. Bayırdan kiminsə universitetə girib siyasi qərəzi və qeyri-sağlam məqsədi üçün oranı bir-birinə vurması və bir qrup tələbənin beynini qarışdırması əsla məqbul deyil. Belə yerlərdə tələbələrin özləri bu insanları tanıyıb universitetdən çıxarmalıdırlar ki, tələbə çevrəsi tələbələrə xas və təmiz qalsın. Çünki siyasi ayıqlığa və baxışa malik olmaq bir məsələdir, siyasətbazların təhrikinə məruz qalmaq isə başqa bir məsələ. Hər halda, universitetdə bu məsələlər nəzərə alınsa, təbii ki, dini məsələlərə də öz-özlüyündə riayət olunacaq. Təəssüf ki, mənim eşitdiyim qədərincə, dövlət və özəl universitetlərin vəziyyəti bu baxımdan çox da xoşagələn deyil. Bu məsələ ilə hərtərəfli məşğul olmaq lazımdır.

          Tələbələr ölkənin gələcəyini quran qüvvələrdir. Tələbələr üçün hər cəhətdən - düşüncə, elm, dərs, maddiyyat və rifah cəhətlərindən sərmayə qoymaq lazımdır. Allaha şükür olsun ki, hökumət bu işlərlə məşğuldur, yaxşı proqramları var və ümidvaram bu proqramlar bəhrəsini versin.

          5- İcraçı qurumların universitet ekspertlərindən istifadə etməsinin zəruriliyi

Universitetdə müəllimin, tədqiqatın, laboratoriyanın və digər amillərin məqsədi tələbəyə xidmətdir. Universitetdə aparılan tədqiqat bundan ötrüdür ki, insan kapitalı inkişaf eləsin, alim və işgüzar kadrın öhdəsinə düşən işə səlahiyyət əldə edilsin. Ümumiyyətlə, universitetin fəlsəfəsi bundan ibarətdir. Universitet misal üçün, bir qrupun dolanışıq vasitəsi deyil. Bu, zəruri məsələ olsa da, məqsəd deyil. Məqsəd tələbənin lazımi səlahiyyətlər əldə etməsidir.

          Universitetlər haqda başqa bir məsələ də var. Mən cənab prezidentlə dəfələrlə bu haqda danışmış və ondan bununla məşğul olmasını istəmişəm. Güman ki, o da bununla məşğul olur. Siz də bu işi görməlisiniz. Bu iş dövlət qurumlarını universitetlərə birləşdirməkdir. Bizim universitetlərimizdə müxtəlif sahələrdə araşdırma və ekspert rəyi təqdim edəcək böyük potensial var. Universitetlərimizdə çalışan çoxlu kadrlar ölkənin iqtisadi siyasətlərinə, yaxud daha genş miqyasda iqtisadi məsələlərə və ya hər hansı xüsusi bir iqtisadi mövzuya dair fikir bildirə, hökumətə faydalı məsələhətlər verə bilərlər. Təəssüf ki, bizim ekspert sahəmiz universitetlərdən kənardır. Mənim eşitdiyimə görə, dünyada belə deyil. Dünyanın inkişaf etmiş elm mərkəzlərində bəzi layihələri araşdırır və müxtəlif məsələlərdə dövlətlə işləyirlər. Fərz edin biz informatika sahəsində işləmək istəyirik. Hökumət icraçı bir qurumdur, proqram təyinetmə, koordinasiya, təchizat və istifadə yolları sahələrində mütəxəssislər var. Onlar universitetlərdən bu məsələlər üzərində işləmələrini istəyirlər, onlar da işləyirlər; həm özləri inkişaf edirlər, həm də hökumət yalnız idarələrdə və ya Proqram komitəsində çalışan azsaylı ekspertlərlə məhdud olmur. Bizim buna ehtiyacımız var. Dünyanın digər yerlərində də belədir. Təəssüf ki, bizdə belə deyil. Mən universitetlərin icraçı qurumlara birləşdirilməsinin ciddi tərəfdarıyam; özü də icraçı qurumun zirvəsinə. Bu gün bizim etimadlı nazirliklərimizdən, parlamentimizdən, xalqdan ibarət ekspert qurumlarımız fəaliyyət göstərirlər. Lakin ideyanı nə qədər püxtələşdirsək və müxtəlif yerlərdən fikir soruşsaq, daha yaxşı və uğurlu olar. Mənim yadımdadır, bir zaman bəzi əkinçilik məmurları universitet işləri görür və ovaxtkı icraçıların diqqət yetirmədiyi çox yeni fikir və nəzərlər ortaya qoyurdular. Bu gün bizim sənaye qurumlarımız, mineralogiya və geologiya sahəmiz də belədir. Siz görün bizim universitetlərimizdə geologiya və mineralogiya üzrə ixtisaslaşmış nə qədər kadr var. Hər halda, biz belə müəllimlərdən, fəal, gənc və istedadlı tələbələrdən istifadə etsək, böyük fayda görərik. Məncə cənablar bunun üçün bir layihə hazırlamalıdırlar və icraçı orqan ondan istifadə etməlidir. Bu da fikrimcə, əhəmiyyətli məsələlərdən biridir.

          6- Tədqiqat mərkəzlərini və tədqiqatçıları dəstəkləmək və gücləndirmək

Biz inanmalıyıq ki, bu gün düşmənlərimizin mədəni hücumlarına məruz qalırıq; həm inqilab mədəniyyətimizi müəyyən amillərlə qarışdırır, həm də ölkəni idarə edəcək bacarıqlı və mütəxəssis insanlar yetişdirməyə mane olurlar. Düşmənin bütün bunlara dair proqram hazırladığı şübhəsizdir. Qlobal hegemonizm beyinləri və parlaq istedadları oğurlamaq sahəsində üçüncü dünyanın bütün ölkələrinə, İslam inqilabına və hegemonizmə dair təhlükələrinə görə özəlliklə bizim ölkəmizə qarşı proqram hazırlamış, güclü beyinlərin və parlaq istedadların inkişaf edib çiçəklənməsinə mane olmaq üçün çoxlu fəaəliyyətlər nəzərdə tutmuşdur. Onların uşaqlıqdan, yeniyetməlikdən, gənclikdən parlaq istedadları təyin etmək və oğurlamaq üçün xüsusi idarələri var.

          Universitet özünün elm və tədqiqat fəaliyyətini inqilabi və dini həvəslə həyata keçirməlidir, əks təqdirdə, onların taleyi tağut dövrünün universitetlərindən yaxşı olmayacaq. O zaman əcnəbilər qarşısında özünə inamsızlıq və öz dəyərlərini təhqir etmək istedadların qarşısını alır, beyinləri ölkədən qaçmağa həvəsləndirirdi.

          Biz düşmənin əməllərinə adekvat proqramlar hazırlamalıyıq. Ümumi mədəniyyət məsələsində müşahidə edirik ki, cəmiyyətimizdə, misal üçün, dövlət qurumlarında xalqın işləri rahatlıqla görülmür, süründürməçilik edilir, xalqın işlərinə qayğıkeş şəkildə baxılmır. Bunlar mədəni bir xəstəliyə və nöqsana görədir. Görürük ki, bizim bacarıqlı elmi şəxsiyyətlərimiz universitetlərdə, iş yerlərində və tədqiqat mərkəzlərində bir tədqiqatçı üçün qazancı və şöhrəti az, zəhməti isə çox olan yenilik və ixtiralara az girişir, daha asan işlərlə məşğul olurlar. Bu bir mədəni xəstəlikdir. Elm dünyasının böyük tədqiqatları kimlər tərəfindən görülmüşdür? Adətən tədqiqat dövründə məşhur olmayan, zəhmətlə, tədqiqata, elmə və işlərinə sevgi ilə işə başlayan və çətinliyə dözən şəxslər tərəfindən görülmüşdür. Bu işin nəticəsi bir xalq üçün möhtəşəm olmuşdur. Bizdə bunlar azdırsa, mədəni bir xəstəliyə görədir. Biz bunu müalicə etməliyik. Bunun məktəb, universitet və digər yerlərə aidiyyəti yoxdur. Bu başqa bir proqramlı mədəni fəaliyyət tələb edir və biz bu işi görməliyik.

          Tədqiqat mərkəzlərinin çatışmazlıqları və bizim tədqiqatçılarımızın elmi araşdırmalara lazımi həvəsi göstərməməsi mövcud problemlərdən biridir.

          Universitet və məktəb müəllimlərinin çoxlu problemləri var. İnsanı elmə sövq edən həvəs və maraq müxtəlif maddi və mənəvi amillərə bağlıdır. Ən mühüm amillərdən biri şagirdlərin müəllimlərə hörmət etməsidir. Bundan əlavə, kəmiyyət baxımından da universitet müəllimimiz azdır. Mənim gördüyüm statistikaya əsasən, universitetlərdə təxminən qırx faiz müəllim çatışmazlığı var. Məktəb və universitetlərin binaları da belədir.

          Araşdırmalar sübut edir ki, bizim gənclərimizin istedadı dünyaya nisbətən orta həddən yüksəkdir. Təbii ki, bizim müəllimlərimiz də belədirlər. Bu baxımdan, güclü təhsil və tədqiqata dəyər və əhəmiyyət verməliyik.

          Cəmiyyətin fəal, həvəskar və qabaqcıl təbəqəsi olan tələbələr onun gələcəyinin qorunmasında və ümumi hərəkətinin təsvirində digər sahələrə nisbətən daha böyük rol ifa etməlidirlər.

          Mən tələbələrlə müxtəlif görüşlərimdə dəfələrlə demişəm, indi də sizə deyirəm ki, bu təsir bir-birinin yanında olan iki amillə həyata keçir: biri budur ki, universitet və tələbə adının reallaşması, müəllim sözünün mənasını tapması və ölkənin gələcəyi üçün təsvir olunan ümidlərin puç olmaması üçün dərs, elm və təhsil amili olmalıdır. Gənclər yaxşı dərs oxumalı, müəllimlər onları yetişdirməli və yönəltməlidirlər ki, ölkənin elmi və praktik gələcəyi təmin olunsun. Təhsilin kənarında tədqiqatın rolu fövqəladə əhəmiyyət kəsb edir. Məsul şəxslər bununla məşğul olmalıdırlar. Buna əsasən, birinci amil dərs və elmdir. Onu kiçik saymaq, ona əhəmiyyətsiz yanaşmaq olmaz.

          Əziz tələbələr yaddan çıxarmasınlar ki, heç bir şey onların elmi fəaliyyətlərinin bir an da dayanmasına səbəb olmamalıdır. Çünki düşmən bunu istəyir və siz buna qoymamalısınız. Düşmənin istəyinin əksinə olaraq, ölkədə elm çiçəklənməli və ümid bəxş etməlidir. İkinci amil isə əziz imamımızın vəsiyyətnaməsində tövsiyə olunan və onun çoxlu çıxışlarında toxunduğu mühüm məqamdır. Mən Dini Ekspertlər Məclisində oxuduğum vəsiyyətnamədə bəlkə dörd-beş və ya daha çox yerdə universitetin düşüncə, siyasi və inqilabi istiqaməti üzərində dayandım. Bu amil elmə can, ruh və istiqamət verir.

          Tələbələrin istedadlarının çiçəklənməsi üçün onları həvəs göstərdikləri fakültələrə sövq etmək lazımdır. Bəzən televiziyada bir tələbədən soruşurlar ki, siz bu fakültəni öz istəyinizləmi seçmisiniz? O da cavab verir ki, xeyr. Bizim qəbul imtahanlarımız belədir. Yaxşı olar ki, imkan olan həddə bu çatışmazlığı aradan qaldıraq. Baxın, cənablar! Əgər biz insanın istedadına diqqət yetirsək, onu istedadı və həvəsi olan sahəyə yönəltsək, bu gün də əbu əli sinaların, məhəmməd ibn zəkəriyya razilərin və onlar kimilərin peyda olması mümkündür.

          Güman etmək olmaz ki, bu gün dünya elmdə bizdən çox inkişaf etdiyindən və biz geri qaldığımızdan, deməli, istedadların və dahilərin yetişməsi mümkün deyil. Xeyr, belə deyil. Dahilərin və istedadların yetişməsi o zaman da elmi inkişaf sayəsində baş verməmişdi. Elmi inkişaf orta səviyyəli bir tələbənin öyrənməsi üçün yaxşıdır, amma nümunə tələbənin istedad çeşməsini müxtəlif şəraitlər aça bilər. Axtarıb bu tələbələri tapmaq lazımdır. Bu yalnız o zaman mümkün olar ki, kim hansı sahəni sevirsə, hansı sahəyə istedadı varsa və hansı sahə üçün yaradılmışdırsa, həmin sahədə işləyib dühasını və istedadını göstərsin. Əgər meylinə, rəğbətinə və istedadına uyğun olmayan bir sahə ilə məşğul olsa, daxilində istedadı olsa da, aşkara çıxmayacaq. Onun yollarından biri yerli tələbə məsələsidir. Universitetlərin proqramını elə tənzim etməliyik ki, Bircənddə, Zahidanda, Məşhəddə, İsfahanda, Şirazda və digər yerlərdə yaşayanlar öz şəhərlərində - Allaha şükür ki, bu gün şəhərlərin çoxunda universitet var – təhsil ala bilsinlər. Müstəsna vəziyyətdə olanlar isə başqa yerlərə köçürülsünlər və yerləri dəyişilsin. Bunun üçün də bir proqram lazımdır. İnşallah cənablar bu işlə də məşğul olsunlar.

         

İkinci hissə: Mədəniyyət və incəsənət orqanlarının vəzifələri

          1- Mədəni işlərə əhəmiyyətli yanaşmaq

          İslam dininin insanların dünya və axirəti üçün proqram və məqsədləri var. Odur ki, ölkənin məsul şəxsləri xalqın amallarına və mənəvi işlərinə əhəmiyyətli yanaşdıqları qədər onun maddi işlərinə də əhəmiyyətli yanaşmağa borcludurlar.

          Mənəvi və düşüncə məsələlərinə sərmayə qoymalı, bu sahədə düzgün proqramlar icra etməli, ən səmimi, ən qayğıkeş və ən bacarıqlı ekspertlər vasitəsi ilə məntiqli, yaxşı və güclü işlər görməliyik. Bu iş üçün qoyulan sərmayələr heç zaman hədər getmir və tamamilə faydalı olur. Düçüncə və mədəni işlərimizin faydası az olsa, gərək proqramlarımızın keyfiyyətinə şübhə ilə yanaşaq. Mədəni işin təsiri yüzfaizlidir. Heç bir düzgün mədəni iş təsirsiz qalmır. Mədəni işin gücünü dünya təbliğatçıları bilirlər. Bu qədər pullar xərcləyir və vaxt ayırırlarsa, mədəni işin təsir və nəticələrini bildiklərinə görədir. Onlar mədəni işin nə olduğunu, uyğun kapital qoyuluşunun təsirinin qəti və nəticəsinin yüzfaizli olduğunu bilirlər. Bizim mədəni işlərimizin təsiri az olsa, şərtlərinin çatışmadığını, lazımınca yerinə yetirilmədiyini və eyibləri tapıb düzəltməli olduğumuzu bilməliyik.

          İkinci beşilliyin proqramında mədəni məsələlərə daha çox diqqət ayırmaq lazımdır. İqtisadi məsələlər mühüm olsa, sənaye və əkinçilik işləri olduqca əhəmiyyət kəsb etsə də, mədəni məsələlərə diqqət ayrılmasa, bunların hamısı böyük ehtimalla uğursuz olacaq. Yəni biz ya mədəni məsələlərə diqqət ayıracağıq və bu zaman iş və proqramlarımız düzgün olacaq, ya da Allah eləməmiş, diqqət ayırmayacağıq və nəticədə iqtisadi işlərimiz, iqtisadi və sənaye quruculuğu üçün göstərilən fəaliyyətlər böyük ehtimalla ya əks-təsir bağışlayacaq, ya da ən azı lazımi təsiri bağışlamayacaq. Bu baxımdan, bu məsələlər qərar mərkəzlərində, hökumətin ikinci proqramında nəzərə alınsın və bütün aidiyyətli məmurlar ikinci beşilliyin proqramlarında mədəni məsələləri yüksək həcm və keyfiyyətlə nəzərə alsınlar.

          Mədəni məsələlərin əhəmiyyəti iqtisadi məsələlərdən dəfələrlə artıqdır. Çünki bu məsələlərin iqtisadi işlərə qəti təsiri var. Mədəniyyət keyfiyyətdə, inkişafda və hər bir şeydə özünü göstərir.

         

          Biz bu bir neçə ildə müharibə ilə, çatışmazlıqlarla, iqtisadi blokada ilə məşğul idik. Bu nöqsanlar düşmənin müxtəlif iqtisadi təzyiqlərindən irəli gəlir. Amma bütün problemlərə rəğmən, ölkənin mədəni qurumları çalışıb bir-bir bu nöqsanları aradan qaldırmalıdırlar. Mədəni işlərdə pul və büdcə əsas problem sayılmamalıdır. Yəni biz mədəni nöqsan və problemləri büdcə ehtiyacları sırasında listin axırında yazmamalıyıq; birinci olmasa da, birincilərdən olmalıdır. Yaxşı fikirləşsək, görərik ki, bu, ölkənin iqtisadiyyatına da xeyirdir. Biz daha çox büdcə və imkanları mədəni işlərə ayırmaqdan ziyan çəkmərik. Təhsil mədəniyyəti sahəsinə sərmayə yatırmaq ölkənin gələcəyi üçün imkanlar istehsal edir. Çünki bir ölkə üçün insan kapitalı hər şeydir. İnsan kapitalı olmasa, deməli, heç bir şeyimiz yoxdur. Biz bu gün beynəlxalq və yerli valyuta büdcəsini mədəni işlərə yönəltsək, qısa müddətdə ölkənin iqtisadi işlərinə xeyri toxunmasa da, şübhəsiz, gələcək üçün faydalı olacaq.

          2- Mədəni hücumu yaxşı tanımaq və ona qarşı proqram hazırlamaq

Ölkənin mədəni işlərində çalışanlar və hər hansı səviyyədə olan elm və mədəniyyət mənsubları bu gün bu döyüşdə əsgər olduqlarını anlamalı, necə müdafiə etməli və hansı işi görməli olduqlarını bilməlidirlər. Hərbi döyüşdə olduğu kimi, burada da gözləri açmaq və cəbhəni öyrənmək lazımdır. Hərbi döyüşdə hansı tərəf düşmənin vəziyyətini öyrənmədən, onu nəzarətdə saxlamadan, gözünü bağlayaraq və başını aşağı salaraq irəliləsə, məğlub olar. Mədəni döyüşdə də belədir. Əgər düşmənin çalışdığını bilməsəniz, yaxud bunu bilənə qulaq asmasanız, mədəni komandandan əmr almasanız, yaxud o sizin qüvvənizdən istifadə etməsə, manevri və koordinasiyanı düzgün aparmasa, bunun arxasınca məğlubiyyət gələcək.

          Düşmən İran İslam Respublikası əleyhinə mədəni hücumu proqramlı və mütəşəkkil formada aparır. Əgər bizim cavabımız da proqramlı və mütəşəkkil olmasa, düşmənin hücumu daha təhlükəli olar. Bu baxımdan, bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Aidiyyətli orqanlar bu sahədə bir-birinə yardım edib düşmənin mədəni hücumunu dəf etmək üçün müxtəlif üsullar işlətməlidirlər.

          Hərbi məsələlərdə hər bir mümkün təhlükə ciddi sayılır. Fərz edin, indi Fars körfəzində bizim heç bir problemimiz yoxdur. Lakin bir hərbi gəmi gəlib bir yeri bombalaya bilərmi? Bu mütləq məruzədə qeyd olunur. Yəni xəbərdarlıq etməkdə və yuxarıya məlumat verməkdə meyar bir təhlükənin yalnız mümkünlüyüdür. Məncə biz siyasi və mədəni cəbhədə də buna əməl etməliyik. Düzdür, bəzi prioritetlər bizim daha uzaq məsələlərlə məşğul olmağımıza mane olur.

          Hər halda, düşmənin haradan hücum etdiyini bilmək lazımdır. Yaxşı müdafiə üçün yaxşı bilgi olmalıdır. Elə yaxşı hücum üçün də yaxşı bilgi şərtdir.

          Video pozğunluğu yayan vasitələrdən biridir. Biz ona qarşı düzgün tədbir yolunu tapmalıyıq. Mənim fikrimcə, məsələni hərtərəfli və uzaqgörənliklə araşdırmalı və tədbir görməliyik. Düşmən peyk antenləri ilə bizim üstümüzə gəlir. İndi bu fikir çox yayılıb: deyirlər onların radio və televiziyaları bir müddətdən sonra bütün cəmiyyətimizi əhatə edəcək, gəlin biz geri qalmayaq, özümüz xalq üçün cəlbedici kinolar və televiziya filmləri hazırlayaq. Bu düz fikirdir?! Təəssüf ki, bəzi beyinlərdə belə bir fikir var. Problemə qarşı belə tədbir görmək olmaz. Biz təhlükənin ümumiləşdiyini, yaxud vüsət tapmaqda olduğunu hiss edəndə ona qarşı tədbir haqda düşünməliyik. Video məsələsində də əsaslı iş bu deyil ki, biz qarşısıalınmaz bir vasitə kimi onu özbaşına buraxaq. Ən əsaslı iş odur ki, biz görək xalqı videodan istifadədə düzgün yola yönəldən hansı cihazları hazırlamaq olar. Bu gün nümayiş etdirilən filmlər zərərli və fəsadlı filmlərdir. Bu filmlərin ən az zərəri davranışa təsir edən zərərlərdir. Güclü əxlaqi təsiri olmasa da, uşaqların və gənclərin rəftarına təsir göstərir. Bu ən kiçik zərərdir, bundan böyük zərərlər də var. Odur ki, cəmiyyətimizin bunlara məruz qalmasına imkan verməməliyik. İlk növbədə xalqın işinə yarayan faydalı filmlər istehsal etmək üçün mərkəzlər açmaq lazımdır. Hər halda, düşmənin bu mədəni hücumuna ciddi yanaşmalısınız.

         

Mar 18, 2017 17:35 Asia/Baku
Şərhlər