Sen 22, 2017 09:11 Asia/Baku
  • Kərbəla qiyamının qısa tarixi
    Kərbəla qiyamının qısa tarixi

Aşura günü Kərbəlada şəhid olanlar öz qanları ilə gənc İslam ağacını suladılar.

Hicrətin 60-cı ilinin rəcəb ayında Müaviyənin ölümündən sonra oğlu Yezid xilafətə keçdi. Lakin Müaviyənin İslama qarşı münasibəti Yeziddən tamamilə fərqli idi. Müaviyə sırf dünyapərəst bir mövqe seçmişdi və o, dini məsələlərə çox etinasız yanaşırdı. Lakin buna baxmayaraq, zahirdə islami meyarlara riayət edirdi. Yezid isə Quran və Peyğəmbər (s) Sünnəsinin qanunlarını nəinki pozmaqla kifayətlənmir, açıq-aşkar dinin əsaslarını məsxərəyə qoyurdu. Vaxtını eyş-işrət, tar-kaman və musiqiyə sərf edərək meymun və it ilə əylənirdi. Yezid İslam hökumətində ilk hakim idi ki, çəkinmədən açıq şəkildə xalq arasında şərab içir, ən iyrənc və murdar cinsi pozğunluqlarla məşğul olurdu.

Lakin Yezidin xilafəti İslamın tanınmış şəxsiyyətlərindən olan 4 nəfərin, xüsusilə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsin beyəti olmadan həyata keçə bilməz və möhkəmlənməzdi. Bütün müsəlmanların nəzər diqqəti o Həzrətin göstərəcəyi əks-təsirə yönəlmişdi.

İmam Hüseyn (ə) belə bir adamın müsəlmanlara hakim olmasını heç cür qəbul edə bilməmiş və hətta belə buyurmuşdur: “Əgər Yezid kimi bir adam bu ümmətin rəhbərliyini əlinəalarsa, onda İslamın “Fatihə”sini oxumaq və matəm saxlamaq lazımdır”.

Hər cəhdlə İmamdan beyət almağa çalışan Yezid Mədinə hakimi olan əmioğlusu Vəlid ibn Utbəyə məktub yazaraq İmam Hüseyn (ə)-dan məcburi beyət almasını əmr etdi.

Mədinə hakimi və onun əlaltıları tərəfindən təzyiqlərə məruz qalan İmam Hüseyn (ə) Mədinəni tərk edərək hicrətin 60-cı ilinin rəcəb ayının 28-də Məkkəyə yola düşdü. İmam Hüseyn (ə) cümə günü şaban ayının 3-də gəlib Məkkəyə çatdı.

Məkkə əhalisi, həmçinin başqa yerlərdən buraya ziyarətə gələnlər artıq İmamın gəlişindən xəbər tutduqları üçün onu ziyarət etməyə gedirdilər, hətta səhər-axşam yanında qalanlar da olurdu.

Yezidin məkkəli tərəfdarları zahirdə çox sevinir, daxilən isə İmam Hüseyn (ə)-ın Məkkəyə gəlişindən narazı idilər. Onlar çox gözəl bilirdilər ki, İmam Hüseyn (ə) Məkkədə olduğu halda, Hicaz əhlindən heç kəs Yezidə beyət etməyəcək, ona tərəfdar olmayacaq.

İmam Hüseyn (ə) Məkkədə olarkən Yezidin zülmü altında olan şəhərlərə, o cümlədən Bəsrə şəhərinə də öz nümayəndəsi ilə məktub göndərərək onları Allahın Kitabı və Peyğəmbərin (ə) Sünnəsinə əməl etməyə və zülmə qarşı birləşməyə çağırırdı.

Bu zaman Kufədə də vəziyyət çox ağır idi. Kufəli şiələr İmam Hüseyn (ə)-ın Məkkəyə gəlişindən xəbər tutan kimi bir yerə yığışaraq məktub yazdılar və İmamın ətrafında birləşmək üçün onu Kufəyə dəvət etdilər. Bu məktub mübarək ramazan ayının 10-da Məkkəyə İmam Hüseyn (ə)-a çatdı.

Kufəlilər məktub yazmalarından 2 gün keçməmiş daha 150 məktub yazaraq Məkkəyə göndərdilər. Hər bir məktubda kufəlilərdən bir neçəsinin imzası var idi. Kufəlilərin nümayəndələri bir-birinin ardınca əllərində məktub İmamın yanına gəlirdilər. Hətta təkcə bir gündə 600 məktub gəlib çatırdı. Nəhayət, məktubların sayı 12 000-i ötüb keçdi.

Amma İmam Hüseyn (ə) bu məktubların heç birinə əhəmiyyət vermir və diqqət yetirmirdi. Hətta bir gün ona belə bir məktub gəlib çatdı: “Ey Hüseyn, səni and veririk babanMühəmməd Mustafanın haqqına ki bizim yanımıza gələsən, biz də sizin köməyiniz ilə Yezidə qarşı vuruşaq, onu xilafətdən salaq. Əgər razı olmasan və bizim istəkləriqəbul etməsən, qiyamət günü Allah qarşısında belə deyəcəyik: “İlahi, Hüseyn (ə) bizə zülm etdi, bizə zülm olunmasına razı oldu və bizə olunan zülmün qarşısını almadı.İlahi, bizim haqqımızı Hüseyndən al!” Bu halda sən Allah qarşısında nə cavab verəcəksən? Allah bəndələrinə qarşı etdiklərinin cavabını necə verəcəksən?”

Nəhayət, İmam Hüseyn (ə) bu dəvətlərə müsbət cavab vermək qərarına gəldi. Məktub yazaraq nümayəndə kimi qardaşı oğlu Müslim ibn Uqeyli göndərəcəyini bildirdi. Və qeyd etdi ki, əgər Müslim məktublarda yazdıqlarınızı təsdiq edib mənə xəbər göndərsə, tezliklə sizə qoşulacağam.

Müslim ibn Uqeyl İmam Hüseyn (ə) tərəfindən ilahi bir tapşırıq aldığını bilən kimi dərhal mübarək ramazan ayının 15-də Məkkədən Mədinəyə, oradan da Kufəyə yola düşdü.

Hz. Müslim Kufəyə çatandan sonra şəhərin böyük şəxsiyyətləri gəlib onunla görüşür, tək-tək hüzuruna gələrək İmamın nümayəndəsinin gəlişini təbrik edirdilər. Müslim kufəlilərlə əhd-peyman bağlamaq məqsədini izhar edəndən sonra camaat beyət etmək üçün onun yanına axışıb gəlirdi. Deyilənlərə görə, Hz. Müslimə beyət edənlərin sayı 18 000-ə çatdı.

Kufəlilərin kütləvi beyətindən sonra Hz. Müslim dərhal İmam Hüseyn (ə)-a bir məktub yazıb camaatın həmrəy olduğunu, İmamın Kufəyə gəlişi üçün hazır vəziyyətdə olduqlarını xəbər verdi:“Ey Rəsulullahın oğlu, tez bizə tərəf gəlin, hal–hazırda Kufədə yüz min qılınc sizə yardım etmək üçün hazırdır. Yubanmayın!”

Lakin Yezidin tərəfdarı olan kufəlilər də sakit oturmamışdılar. Müslimin bu fəaliyyətindən narahat olanlar, xüsusilə də, Ömər ibn Səd məktub yazaraq, Yezidə bildirdi ki, Kufənin valisi Numan çox bacarıqsızdır. Bura nüfuzlu və iqtidarlı, qüvvətli bir şəxs göndər ki, Kufənin hökmranlığını əlində saxlaya bilsin.

Yezid bu məktubu alandan sonra Übeydullah ibn Ziyadı Kufəyə hakim göndərdi. Übeydullah ibn Ziyad Bəsrədən Kufəyə gələn kimi qeyzli bir xütbə oxuyaraq, şəhərin vəziyyətini bilən və işlərdən agah olan şəxslərini hədələdi və onlardan Müslimin yoldaşlarının adlarını deməyi tələb etdi. Müslimə və onun tərəfdarlarına öz evində sığınacaq verənləri qanlarına qəltan edəcəyini, evlərinin qarşısında dar ağacından asılacaqlarını, qohum-əqrəbalarının da ümumi hüquqlardan məhrum ediləcəklərini və sürgün olunacaqlarını bildirdi. Hətta Müslimin yerini bildirəni mükafatlandıracağını da qeyd etdi.

Kufə camaatı heç vaxt yüksək insani dəyərlər əsasında hərəkət etməmişdilər. Hər gün özlərinə bir yol seçirdilər. Bir gün tamah onları müəyyən mərama doğru çəkir, başqa bir gün şəhvətpərəstlik tamamilə başqa bir istiqamətə təhrik edirdi. Azacıq bəxşişdən vəcdə gəlir, cüzi miqdarda mal-dövlət aldıqdan sonra öz qəzəblərini udurdular. Bu murdar xasiyyət onları həm dünyadan, həm də dindən məhrum etmişdi!

Və indi Übeydullahın bu cür hədə-qorxu gəlməyindən sonra canlarına qorxu düşən kufəlilər Müslimin yanından çəkildilər, beyətlərini unutdular və haqq uğrunda mübarizədən əl çəkib Müslimi və ona sığınacaq verən Hani ibn Ürvəni Übeydullaha təslim etdilər.

Übeydullahın əmri ilə Müslim və Haninin başı vuruldu. Hz. Müslim və Hanini şəhadətə yetirəndən sonra da rahatlanmayan Übeydullah əmr etdi ki, onların pak cəsədlərini Kufənin bazarlarında sürüsünlər, sonra Kənasə məhəlləsinə aparıb başıaşağı dar ağacından assınlar. Mübarək başını isə Yezidə ərməğan göndərsinlər.

Bu hadisələrdən xəbərsiz olan İmam Hüseyn (ə) Müslimin dəvət məktubunu alandan sonra və həm də Əmr ibn Səd tərəfindən Yəhya ibn Səid ibn Asın başçılığı ilə böyük bir ordunun Məkkəyə göndərildiyini biləndən sonra zilhiccə ayının 8-də Məkkədən Kufəyə doğru yola düşdü.

İmam Hüseyn (ə) Haciz adlanan bir yerə çatdığı zaman Kufə əhalisinə bir məktub yazıb Qeys vasitəsilə göndərdi. Lakin Qeys də Übeydullah tərəfindən tutularaq şəhadətə yetirildi.

İmam Hüseyn (ə) Sələbiyyə adlanan bir yerdə dayananda Müslim və Haninin şəhadət xəbərini eşitdi. Sonra isə Qeysin şəhadət xəbəri yetişdi. Bundan sonra İmam Hüseyn (ə) hamını bir yerə yığıb buyurdu:

“Müslim ibn Uqeyl, Hani ibn Ürvə və Qeysin şəhadət xəbərini almışam. Şiələrimiz Kufədə bizə kömək etmək fikrindən dönüblər. İndi kim istəyirsə, qayıda bilər və buişdə heç kim məzəmmət olunmayacaq”.

Qənimət toplamaq fikri ilə İmam Hüseyn (ə)-ın karvanına qoşulanlar dağılışdılar və İmamla azsaylı sədaqətli dostları qaldı. Bünlar da əshabələri və ailə üzvləri, qadın və uşaqlar idilər.

İmam Hüseyn (ə)-ın karvanı Şəraf adlanan yerə çatıb orada gecələdi, sabahı gün isə su götürüb yollarına davam etdilər. Günortaya yaxın səhranın ortasında min nəfər atlıdan ibarət əməvi ordusu ilə qarşılaşdılar. Bu ordunun başçısı Hürr ibn Yezid Riyahi idi. Ordu susuzluqdan yanırdı. İmam Hüseyn (ə)-ın əmri ilə imamın köməkçiləri qarşı tərəfin döyüşçülərinə və atlarına su verdilər.

Hürrün başçılıq etdiyi ordunun məqsədi İmam Hüseyn (ə)-ı Kufəyə buraxmamaq və Məkkəyə qayıtmasına da yol verməmək idi.

İmam Hüseyn (ə)-ın karvanı Qadisiyyə – Uzeyb səmtində hərəkət edirdi. Karvan hərəkət edərək Neynəva çölünə çatdı. Bu zaman Übeydullahdan İmam Hüseyn (ə)-ın işini çətinləşdirməsi və susuz bir səhrada saxlanması əmrini alan Hürr İmam Hüseyn (ə)-ın yoluna davam etməsinə mane oldu və atlardan düşmələrini istədi.

İmam Hüseyn (ə) cümə axşamı məhərrəm ayının 2-də Kərbəlaya daxil olub buyurdu: “İlahi, sənə “kərb”, yəni qəm və qüssə və “bəla”dan pənah aparıram”.

İmam Hüseyn (ə) öz övladlarını, qardaşlarını və ailəsini bir yerə yığdı, onlara baxıb belə buyurdu: “Camaat dünyanın quludur, din isə sadəcə dillərində gəzir. Nə qədər ki ruzilərihazırdır, din ilə məşğuldurlar. Amma elə ki imtahan olundular, dindarların sayı çox az olur”.

Hadisələrin gedişatı məktublar vasitəsilə Hürr tərəfindən Übeydullah ibn Ziyada çatdırılırdı. Übeydullah da İmam Hüseyn (ə)-a belə bir məktub yazdı: “Sənin Kərbəlaya gəlişindənxəbərim var. Müsəlmanların hökmdarı (yəni Yezid) mənə əmr etmişdir ki, səni qətlə yetirməyincə, yaxud mənim və Yezidin əmrinə tabe olmayınca yatağa baş qoymayım,şərabdan doymayım. Vəssəlam”.

İmam Hüseyn (ə) bu məktubu cırıb tulladı və cavab yazmadı. Bu hadisədən qəzəblənən İbn Ziyad böyük bir qoşun yığdı və Kufə əhlini İmam Hüseyn (ə) ilə vuruşa getmək üçün hazırladı. Bu qoşuna başçılığı isə Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd məhərrəm ayının 3-cü günü Neynəva çölünə gəlib çatanda ordunun sayı 5 000 nəfəri ötüb keçirdi. Hürr də onun tabeçiliyinə keçdi. Bir müddətdən sonra Şimr ibn Zilcövşən də daha 4 000 nəfər əsgərlə birlikdə oraya gəldi. Bir-birinin ardınca ordular göndərilirdi. Nəhayət, əməvi ordusunun sayı 30 000 nəfərə çatdı.

Übeydullah ibn Ziyad Ömər ibn Sədə məktub yazaraq belə buyurdu: “İmam Hüseynin qoşunu ilə suyun arasında elə vəziyyət yaradın ki onlar bir damla belə su götürəbilməsinlər”. Bu məktubdan sonra məhərrəm ayının 7-də Ömər ibn Sədin əmri ilə Əmr ibn Həccac 500 nəfərlə Fərat çayını mühasirəyə aldı.

Lakin bunun da bir təsirinin olmadığını və Yezidin hakimiyyətinin qəbul edilmədiyini görən Ömər ibn Səd məhərrəm ayının 9-da heç bir xəbərdarlıq etmədən hücuma keçdi. Lakin İmam Hüseyn (ə) vuruşmaq istəməyib Hz. Abbasa dedi: “Mümkün olsa, bu gecəni bizim üçün möhlət al, sabah döyüşə başlayaq. Bu gecəni namaz qılmaqla keçirək, öz Allahımızlarazü–niyaz edib Ondan bağışlanmaq istəyək. Allah bilir ki, mən namaz qılmağı, Quran oxumağı, razü–niyaz və istiğfar etməyi necə çox sevirəm!”

Hz. Abbas İmam Hüseyn (ə)-ın istəyini onlara çatdırdıqda Ömər ibn Səd təklifi qəbul edib hücumu saxladı. Beləliklə, İmam Hüseyn (ə) məhərrəm ayının 9-cu gecəsini möhlət aldı.

İmam Hüseyn (ə) və onun əshabələri bütün gecəni namaz qılmaqla, Allahdan kömək və pənah istəməklə keçirdilər. Bu, hicrətin 61-ci ilinin məhərrəm ayının 10-u – Aşura gecəsi idi!

Aşura günü sübh döyüş hazırlığı başladı. İmam Hüseyn (ə) 72 nəfərdən ibarət olan kiçik qoşunu xeymələrin qarşısına gətirdi. Bu qoşun 32 süvari, 40 nəfər piyadadan ibarət idi. Qoşunda 70 yaşlı Müslim ibn Ovsəcədən tutmuş, 14 yaşlı Qasim ibn Həsənə kimi müxtəlif yaş qruplarına mənsub olan döyüşçülər var idi. Döyüşdə yalnız İmamın oğlu Əli Zeynulabidin (ə) iştirak edə bilmədi. O, xəstə idi və xeymədə uzanmışdı.

Özünü həlledici bir döyüşə hazırlayan İmam Hüseyn (ə) babası Peyğəmbər (s)-in əbasını geyərək müşk ilə ətirləndi, ata minib yuxarı qaldırdığı Quranla birlikdə atını düşmənə sarı çapdı. Allaha həmd və səna etdikdən sonra düşmən əsgərlərinə müraciətlə dedi: “Camaat, sizə verəcəyim bir nəsihətə qulaq asın. Ey İnsanlar, əgər bu nəsihəti qəbul etsəniz, deməli,insaflısınız. Vicdanınıza müraciət edin və ondan soruşun: Sizə mənim kimi adamla döyüşmək rəvadırmı? Ey Kufə camaatı, sizi and verirəm Allaha, deyin görüm babamınAllahın Peyğəmbəri olmasına inanırsınızmı? Bilirsiniz ki, mənim anam Fatimə Peyğəmbərin qızıdır! İnanırsınız ki, mənim nənəm Xədicə bu ümmət qadınları içərisində ilkmüsəlmandır! Bilirsinizmi ki, əlimdəki bu qılınc Rəsulullahın qılıncı və başımdakı əmmamə Rəsulullahın əmmaməsidir? Bilirsinizmi ki, atam Əli İslamı qəbul edən ilkşəxsdir və onun elmi və biliyi hamıdan artıq, səbri hamıdan çoxdur? O, hər bir imanlı şəxsin mövlası (rəhbəri) sayılır? Bilirsinizmi ki, behiştdə iki qanadlı Cəfər məniməmimdir? Şəhidlər ağası Həmzə atamın əmisidir? Bilirsinizmi ki, Peyğəmbər (s) mənim və qardaşım barədə “Bunlar cənnət gənclərinin ağalarıdır”, – deyəbuyurmuşdur?”

Camaat bir ağızdan “Bunların hamısını bilir və qəbul edirik!” – dedi.

İmam Hüseyn (ə) buyurdu: “Belədirsə, bəs nə üçün mənim qanımı tökməyi halal hesab edirsiniz?”

Camaat belə dedi: “Bütün bu sözləri qəbul edirik, amma səni öldürməyincə, əl çəkən deyilik”.

İmam Hüseyn (ə) çalışırdı ki, müharibə odu mümkün olduqca gec qarışsın və kufəlilərə höccəti tamam etsin. Lakin Kufə qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını – daş qəlbləri əridib suya döndərən sözlərini eşitsə də, bu ürəkləri titrədən və bədənləri əsdirən dərin təsirli xütbə kufəlilərin qəsavət bağlamış, daşa dönmüş qəlblərinə əsla təsir etmədi. Lakin İmam Hüseyn (ə)-ın bu sözləri bir qəhrəmanın qəlbində əks-səda oyatdı. Bu qəhrəman Hürr ibn Yezid idi.

Hürr dərk etmişdi ki, bu qoşun İmam Hüseyn (ə)-ı öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də döyüş meydanından uzaqlaşdı, yavaş-yavaş İmam Hüseyn (ə)-ın xeymələrinə doğru hərəkət etdi. O, İmam Hüseyn (ə)-ın hüzuruna gəlib belə dedi: “Mən həmin şəxsəm ki sizin Mədinəyə qayıtmağınıza mane oldum, yolunuzu bağladım və siziçöl–biyabanlarda dolandırıb bu diyara gətirdim. Mən heç də təsəvvür etmirdim ki, bu qövm sizə qarşı belə rəftar etsin, sizin təklifinizi rədd edərək sizə qarşı hörmətsizliketsin. Allaha and olsun, əgər bilsəydim ki, onlar işi bu mərhələyə gətirib çıxaracaqlar, heç vaxt bu tədbirə əl atmazdım. İndi isə öz əməlimdən peşman olmuşam. Allahındərgahında tövbə edirəm. Sizin yolunuzda canımdan keçməyə və gözünüzün önündə şəhadət feyzinə çatmağa hazıram. Görəsən, mənim tövbəm qəbul olunacaqmı?” İmam Hüseyn (ə) buyurdu: “Bəli, mehriban Allah tövbələri qəbul edəndir!”

Döyüş Ömər ibn Sədin “Hazır ol!” əmri ilə başlandı. Əvvəlcə ordunun bayrağı qaldırıldı. Sonra Ömər ibn Sədin özü kamana bir ox qoydu, İmam Hüseyn (ə)-ın qoşununa tərəf atıb qışqırdı:“Ey qoşun, əmirin yanında şahid olun ki, ilk oxu mən atdım”.

Bundan sonra oxlar dalbadal İmam Hüseyn (ə) və onun köməkçilərinə tərəf yağdırılmağa başladı. Atılan oxlar yağışa bənzəyirdi. İmam Hüseyn (ə) sakit, lakin həyəcanlı bir səslə dostlarını düşmənlə qarşılaşmağa səslədi: “Qalxın ayağa, Allah sizə rəhm etsin. Ölümə, can qurtarmağa heç bir yolu olmayan bir ölümə doğru irəliləyin! …”

Şəhadət aşiqləri, Allahın görüşünə vurğun olanlar şiddətli döyüşə girişdilər. Döyüş bir müddət davam etdi. Bir-birinin ardınca hücumlar baş verirdi. Hər dəfə bir şəhidin pak cəsədi yerə düşürdü. Nəhayət, döyüş alovu sakitləşdi. Quran məktəbinin aşiqlərindən çoxu şəhadət şərbətini içib əbədi həyata qovuşdular.

Bəni-Haşim tayfasından döyüş üçün icazə alan ilk şəxs İmam Hüseyn (ə)-ın oğlu Əli Əkbər idi. Əli Əkbər at üstündə meydana atıldı. O, hamını öz şücaəti ilə heyran qoymuşdu. Bəziləri qorxusundan yerində donub qalmışdı. Düşmən ordusundan çoxunu qanına qəltan etdi. Əfsus ki, atdığı çoxlu zərbələr, axan qanlar və susuzluq döyüşü davam etdirmək üçün onda güc və taqət qoymamışdı. Murrə ibn Munqiz əl-Əbdi onun başını qılınca hədəf edərək arxadan da kürəyini nizə ilə parçaladı. Düşmən əsgərləri hücum edib onu tikə-tikə doğradılar.

Əli Əkbərdən sonra şəhidlik səadətinə Abdullah ibn Müslim ibn Uqeyl çatdı. O, alnından və sinəsindən oxla vurulduqdan sonra şəhid oldu.

Sonra Mühəmməd ibn Abdullah ibn Cəfər düşmən üzərinə hücum edib onların döyüş cərgələrini pozdu. Mühəmməd düşmənlər üzərinə həmləsini mühasirəyə düşüb həlak olana qədər davam etdirdi. Onun şəhid olduğunu görən qardaşı Zeynəb xanımın oğlu Aun Əkbər var gücünü toplayıb düşmənə tərəf cumdu. Düşmən əsgərləri toplaşıb onu əhatəyə aldılar, qılınclarını işə salıb şəhadətə yetirdilər.

Bu şərafətli qəhrəmanlıq və cəsarət yarışında İmam Həsən (ə)-ın oğlu 14 yaşlı Qasim irəli çıxdı. Öz əmisini müdafiə etmək üçün qılıncını siyirib irəli cumdu və o da şəhadətə qovuşdu.

Mübarizə bayrağını çiyninə alan axırıncı İmam Hüseyn (ə)-ın qardaşları idi ki, onlardan da axıra qalanı təkcə Hz. Abbas (ə) oldu. İmam Hüseyn (ə) onun şəhadət bağına pərvaz etmək istədiyini görəndə izin verib buyurdu: “Sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçün bir az su tap”. Hz. Abbas mühasirəyə alınmış Fərat çayına sarı yola düşdü. Suyun mühafizəçilərini dağıdıb suya yaxınlaşdı. Su mişkini doldurduqdan sonra irəliləmək üçün o, qılınc zərbələri ilə düşməni yolun üstündən qovurdu. Düşmənlər onun yolu üstündə pusqu qurub qəflətən ona həmlə etdilər və sağ qolunu vurdular. Əbülfəzl (ə) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi. Bu zaman Hz. Abbasın sol qolunu da vurub saldılar. Yağış kimi yağdırılan oxlar o Həzrətin kürəyinə sancılırdı. Namərdlərdən biri hücum edib əmudla onun mübarək başına zərbə endirərək başını qana qəltan etdi. Hz.Abbasın şəhadətindən sonra oxlardan biri də İmam Hüseyn (ə)-ın bir yaşlı oğlu südəmər Əli Əsğəri şəhid etdi.

İmam Hüseyn (ə) əhli-əyalı ilə vidalaşıb meydana sarı yola düşdü, düşmənlə qəhrəmancasına döyüşdü, onlardan o qədər qırılan oldu ki, sağ qalanların da hamısı qaçmağa məcbur oldular.

Təkbətək döyüşdən bir şey hasil olmadığını görən Şimr ibn Zilcövşən qoşunun İmam Hüseyn (ə)-a kütləvi şəkildə hücum etməsini əmr etdi. İmam Hüseyn (ə) şiddətli susuzluqdan, mübarizənin ağırlığından, aldığı yaranın ağrılarından, axan qandan əzab çəkirdi. O getdikcə qüvvəsini itirdiyini, çox zəiflədiyini hiss edirdi. Düşmənlərdən biri Zurə ibn Şərikin çiyninə endirdiyi zərbədən sonra onun zəifliyi özünü daha aydın şəkildə göstərdi. İmam Hüseyn (ə) son anda qüvvəsini toplayıb hücuma keçdi və bir zərbə ilə düşməni yerə sərdi. Lakin İmam qüvvəsini itirdiyindən və zəiflədiyindən üzülüb yerə yıxıldı. Onun bədəninə o qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Oxlardan biri isə o Həzrətin ürəyinə sancıldı. İmam (ə) oxu sinəsindən dartıb çıxardı, qan fəvvarə kimi axmağa başladı.

Düşmənlər onun üzərinə hücum edib xeyli vaxt bu ağır cinayəti törətməkdə tərəddüd edirdilər. Onlar bir-birini irəli buraxırdılar ki, bu iyrənc cinayəti yerinə yetirməkdən xilas olsunlar. Bu zaman Şimr ibn Zilcövşən bağırdı: “Vay halımıza! Nəyi gözləyirsiniz! Ananız yasınıza otursun, öldürün onu!”

Məlun Sinan ibn Ənəs nizəsi ilə daha bir zərbə vurdu. O, atdan düşərək özü İmamı qətlə yetirdi və başını kəsdi. Bundan sonra öz qılıncı ilə ona yaxınlaşmaq istəyənləri qovmağa başladı. O qorxurdu ki, döyüş yoldaşları bu qiymətli qəniməti onun əlindən alarlar. Arzusu bu idi ki, ağaları ona xəbis nəfsinin tamah etdiyi var-dövləti versin. Bundan sonra qalan düşmənlər şəhid İmam Hüseyn (ə)-a tərəf cumub əyin-başını soyundurdular, silahını ələ keçirdilər, xeymələrini, əhli-əyalını görünməmiş bir vəhşiliklə soyub taladılar. Əhli-əyalını əsir götürüb zindana saldılar. Mübarək başını Yezidə göndərdilər.

İmam (ə)-ın mübarək bədənində 33 nizə və 34 qılınc zərbəsinin yaratdığı yara var idi. İmam Hüseyn (ə)-ın öz Rəbbi ilə görüş vaxtı hicrətin 61-ci ilinin məhərrəm ayının 10-da, cümə günü günortadan sonrakı vaxt ilə axşam arasındakı vaxta təsadüf etdi. O, şəhid edildiyi vaxt 57 yaşında idi.

Hz. Peyğəmbər (s)-ın nəvələrindən yalnız Zeynulabidin adlandırılan İmam Hüseyn (ə)-ın ortancıl oğlu Əli Ausət sağ qaldı. O, döyüşün qızğın çağlarında bərk xəstələnmişdi. Elə bir ilahi hikmət istəmişdi ki, mübarək Peyğəmbər ailəsinin düçar olduğu bu ağır itkilər və müsibətlərdən heç olmasa, bir kişi nümayəndəsi sağ qalsın ki, Peyğəmbər sülaləsini davam etdirsin, bu şərafətli nəsil kəsilməsin.

İmam şəhid oldu, lakin qanı hədər getmədi. Bu faciədən çox keçmədi ki, Əməvi sülaləsinə qarşı qiyamlar, etirazlar baş qaldırdı. Heç 60 il keçmədi ki, Əməvilər dövləti dağıldı və yerinə Abbasilər dövləti gəldi. Bir faktı da qeyd edək ki, Abbasilər Əməvilərə qalib gəldikdən sonra onların qəbirlərini xaraba qoyurdular. Məlun Yezidin qəbri açılanda qəbirdə cəsəd uzunluğunda kül xətdən başqa bir şey tapılmadı.

Aşura günü Kərbəlada şəhid olanlar öz qanları ilə gənc İslam ağacını suladılar.

“Ali-İmran” surəsinin 69-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənləri ölü hesab etməyin. Onlar öz Rəbbinin dərgahında diri olub ruzi yeyirlər”.