Dek 02, 2017 20:06 Asia/Baku
  • Vəhdət İslam umməti üçün bir fürsətdir
    Vəhdət İslam umməti üçün bir fürsətdir

İslamın insaniyyətə nicat verəcək ümumbəşəri bir din olaraq tanıdılması üçün müsəlmanlar arasında olan vəhdət əhəmiyyətli bir məsələdir və  müsəlmanlar bu yolda ciddi addımlar atmalıdırlar. Müsəlmanların vəhdəti bütün İslam dünyası üçün həyati məsələdir. "Vəhdət həftəsi" günlərini yaşayırıq və bundan layiqincə istifadə edib İslam birliyi üçün çalışmağımız zəruridir.

İslam dininin ən səciyyəvi xüsusiyyəti vəhdət dini olmasıdır. Bu dini təbliğ üçün göndərilən Həzrət Məhəmməd (s) bir tərəfdən pak İslam əqidəsinin naxışlarını insanların könlünə həkk etmişdir. Digər tərəfdən isə bu əqidə ətrafında cəm olan insanları, dil, irq və millət fərqi qoymadan "din qardaşlığı” adı altında birləşdirməyə nail olmuşdur. İslamın ümmət prinsipi praktiki həyata məhz bu şəraitdə tətbiq olunmuşdur. Bunun ən canlı nümunəsi də hicrətin ilk illərində Məkkədən Mədinəyə pənah aparan mühacirlər ilə ənsar arasında yaranmış qardaşlıq bağıdır. Tarihdə başqa bir nümunəsi olmayan sözügedən qardaşlıq, aralarında qan bağı olmasa da insanların bir-birinə qarşı maddi və mənəvi dəstəyinin, bir-birini qorumasının, bir sözlə ictimai məsuliyyətin və əsl humanizmin təzahürüydü. 

Vəhdətin mənası birlikdir. Eyni duyğu, eyni hiss, eyni qəlb, eyni fikir və eyni inanc üstündə köklənmiş müsəlmanların tək vücud halında birlikdə hərəkət etməsidir. Uca Allah Qurani-Kərimdə belə buyurur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali İmran, 103)

"Allahın ipi” hər şeydən əvvəl Qurani-Kərimdir. O Quran ki, təqva və səmimiyyətin əsas meyarlarını açıqlayan ilahi lütfdür. İkincisi aləmlərə mərhəmət timsalı olaraq göndərilən Həzrət Məhəmmədin (s) sünnəsidir. Sevgi peyğəmbərinin sözləri və öz həyatında tətbiq etdiyi davranışlar bu meyarların praktikadakı təzahürləridir. Üçüncüsü isə ilahi hikmətiqiyamətə qədər özü ilə daşıyaraq bütün dövrlərə yayan, Quran və Sünnənin birliyinin pak tərənnümü olan Əhli-Beytdir. Bütün bunları idrak edən bir insan nə ilahi buyruqları ələ salıb dinlərə qarşı təxribat aparar, nə təəssübkeşlik bataqlığına saplanıb özü kimi düşünməyənləri kafir elan edər, nə də saxta cənnət vədləri ilə öz vətənindən və millətindən üz döndərib məsum insanları qəddarcasına qətl edər. 

Həqiqət budur ki, Allah biz insanları özümüzdən daha yaxşı tanıyır. O bizə şah damarımızdan da yaxındır. Fitrətimizi və seçim iradəmizi yaradan Odur. Fərqli düşünmək qabiliyyətini bizə verən və bu dünyadakı imtahanımız üçün Şeytanı xəlq edən yenə Odur. Çünki insanlar fərqli düşünə bilməsələr bu dünyanın bir əhəmiyyəti qalmazdı. Əsas məsələ düşüncələrdəki fərqlilik deyil, niyyətlərdəki ixlas və səmimiyyətdir. Hansı əməlin nəyə xidmət etdiyini və hansı nəticələr doğuracağını dərk etmək, Haqqı bilməkdir. Allah bizə yaxın olduğu kimi bizim də Ona yaxın olmağımızı istəyir. Bizi özünə yaxınlaşdırmaq üçün isə saysız-hesabsız nemətlər bəxş etmiş, ibadətləri buna vəsilə etmişdir. Ona yaxın olmaq ədalət və mərhəmətə yaxın olmaq, Şeytandan uzaqlaşmaq deməkdir. 

İslam bizi hər şeydən öncə birliyə dəvət edir - "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).

Həzrət Məhəmmədin(s)doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiələvvəl ayının 12-si və 17-si qeyd olunur. Bu səbəbdən mövlud günləri hər il həftə ərzində qeyd olunur və “Vəhdət həftəsi”adlanır. Vəhdət həftəsi bütün İslam dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli tədbirlərin icrası üçün münasib bir fürsət yaranıb.

İslamın insaniyyətə nicat verəcək ümumbəşəri bir din olaraq tanıdılması üçün müsəlmanlar arasında olan vəhdət əhəmiyyətli bir məsələdir və  müsəlmanlar bu yolda ciddi addımlar atmalıdırlar. Müsəlmanların vəhdəti bütün İslam dünyası üçün həyati məsələdir. "Vəhdət həftəsi" günlərini yaşayırıq və bundan layiqincə istifadə edib İslam birliyi üçün çalışmağımız zəruridir.

Vəhdət həftəsi İslam dininin müqəddəs hədəflərinin yada salınması üçün mühüm bir fürsətdir.Kütləvi informasiya vasitələri cəmiyyətin İslamın vəhdət prinsipləri ilə tanışlığını yolunda dəyərli işlər görə bilər.

Peyğəmbərin mövlud həftəsi  İslam birliyinin iki əsas toplumu olan şiə və əhli-sünnə  arasında qardaşlığın təminatısı kimi çıxış edə bilər.Bunun üçün həm şiə və həm də əhli-sünnə toplumları tərəfindən köklü şəkildə zəruri addımlar atılmalıdır.Nufuzlu din alimləri ziyalılar,ağsaqqallar bu mövzunun cəmiyyətə təşəkkül tapması üçün gərgin iş aparmalıdırlar.

Əsl vəhdət  büdrəmələrdən uzaq bir baxışa ehtiyaclıdır.Müsəlmanlar arasında vəhdət ruhiyyəsinin hakim olması üçün prinsipial islahatlara ehtiyac var. Nəzərdən qaçırılmamalıdır ki, hər iki toplum arasında vəhdətə mane olan amillər arasında radikal təfəkkürə mənsub baxışlar mövcuddur və bəzi qüvvələr bundan məharətlə istifadə edərək müxtəlif  təkfirçi və radikal cərəyanlar vastəsi ilə məzhəblər arasında olan münasibətləri qızışdıraraq münaqişə ocaqları yaradırlar.Müsəlmanların müvəffəqiyyəti isə onların ictimai birliyindən asılıdır.

Müsəlmanların vəhdəti üçün bir Allah, bir Peyğəmbər və bir kitaba etiqaddır. Həzrət Peyğəmbərin (s) bütün bəşəriyyətin vicdanına ünvanlanmış mübarək kəlamı var. Bu kəlam bəşəriyyəti parçalayan,təfriqə salan təkfirçilik,məzhəbçilik, millətçilik  qaranlıqlarını öz nurunda əridir. Müsəlmanlar unutmamalıdırlar ki,bəşəriyyət cəhalət və təfriqə qaranlığında olduqları bir zaman Allah-Taala onlara peyğəmbər göndi və əmin-amanlıq bağları yaratdı. "la ilahə illəllah" kəlməsi bütün insanları birlik və qardaşlığa səsləyir.

Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır. Vəhdət həftəsi biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər təlimlərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.Müsəlmanlar vahid ümmətdir və müştərək dəyərlər müsəlmanların iftixarıdır.Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı və müsəlmanlar vahid bir ümmət kimi təşəkkül tapardılar.

İslam ümməti Quran və Peyğəmbər sünnəsi, Məsumların həyat yolunu əsas götürdükdə qeybi yardımlardan bəhrələnir.Müsəlmanlar parçalandıqları zaman isə qeybi yardımlardan məhrum olurlar.  Əməli yaxınlaşma və müsəlmanların həmkarlığı ortadakı fərqləri aradan qaldırır.

Müsəlman alimlər arasında rabitə, məzhəblər arasında qarşılıqlı ehtiram, hisslərini qızışdırmamaq, danışıq və yazıda diqqətli olmaq,seminar və konfransların təşkili, yersiz milli təəssüblə mübarizə vəhdət yolunda həyata keçirilməlidir.Müsəlmanların birliyi üçün hamımız səy göstərməliyik.

İslam bizi hər şeydən öncə birliyə dəvət edir: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali-İmran, 103).