Dek 03, 2017 18:23 Asia/Baku
  • İslamda vəhdət və birliyin rəmzi
    İslamda vəhdət və birliyin rəmzi

"Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (Hucurat, 10)

ƏXLAQİ TƏKAMÜL

İslam təlimlərində vəhdət və birlik ideyası onun əsasını təşkil edən yalnız “tövhid” prinsipindən qaynaqlanmır. Bunu biz bütün peyğəmbərlərin və səmavi kitabların çağırışında müşahidə edə bilərik. Məsələn, İslamın qanun və hökmlərindəki obyektivlik və onun müraciətlərindəki qeyd-şərtsiz insan obrazı tamamilə bəhsimizə aydınlıq gətirir. Hətta ibadətlərdəki formulu araşdıranda görürük ki, onlar yalnız insanı oyadır, təfəkkürə çağırır. Onun inzibat və tərbiyəsində, sadəliyə sövqü və nəfsi istəklərini cilovlamasında mühüm rol oynayır. Demək, İslamın ibadətlər bölümü də vahid məqsədə qulluq edir və onların bir dildə (ərəbcə) yerinə yetirilməsi də vəhdət və birliyin nişanəsidir. (Ərəb dilinin vəhy üçün seçilməsi onun inkişafı, potensiallığı və s. səbəbləri ola bilər.)

İslamda birliyi nümayiş etdirən nümunələr çoxdur. Bunu biz camaatla birgə yerinə yetirilən ibadətlərdə, o cümlədən, onun ən ali formasını “həcc” mövsümü zamanı müşahidə edə bilərik. Cismən və ruhən bir-birindən minlərlə fərsəx fasiləsi olan müxtəlif millətlərin nümayəndələri bir məkana yığışıb, düşüncə və şüarlarında vəhdət təşkil edirlər. Yaradılış aləminə hakim kəsilən yeganə nizamın simasında cilvələnən bu izdihamın xüsusi şövkət və əzəməti vardır. Həqiqətdə, İslam ruhən varlıq və yaradılış aləmi ilə həmahəngdir. Əgər fərz olaraq bir anlıq səmadan camaat namazlarının sıralarına nəzər salınsa, onların bir-birini əhatə edən dairələrini bir mərkəzə yönəlmiş surətdə, kamil vəhdətin nişanəsi kimi müşahidə edəcəyik. Hətta İslam bir sıra ölçüləri belə mümkün qədər – hər hansı tayfa və irqə mənsub olmayan təbii parametrlərdən almış, “addım”, “qarış”, “ovucun içi” kimi hamının qavradığı terminlərlə üstünlük verilmişdir.

Amma mövzu ilə bağlı əsas məsələ cəmiyyətdə əxlaqın inkişafı, əxlaqi normalara riayətdir və onsuz heç bir cəmiyyət rahatlıq üzü görə bilməz. Bütün dünyanı əhatə edən böyükmiqyaslı icmanın təşkili üçün fikri-ideoloji inkişaf zəruri olduğu kimi, əxlaqi inkişafa da ehtiyac var. Əxlaqi inkişafsız heç kəs digərinin bütün fikir və rəftarları ilə həmişə razılaşa və çox vaxt qarşıya çıxan müxtəlif fikir ayrılıqlarını layiqincə həll edə bilməz. Bu qismin əhəmiyyəti peyğəmbərlərin təlimlərinə ehtiyacı bir daha artırır.

İslam insanda ictimai əxlaqın formalaşması, kütləvi həyata hazırlığı üçün əsaslı təlim və proqramlar nəzərdə tutur ki, aşağıda onların bir hissəsini qeyd edəcəyik. Məsələn, "لَو عَلِمَ الناسُ کَیْفَ خَلَقَ اللهُ هذا الخَلْقَ لَمْ یَلُمْ اَحَدٌ اَحَداً" (Əgər insanlar Allahın bu məxluqu necə yaratdığını bilsəydilər, heç kim digərini pisləməzdi!) və"اَلناسُ مَعادِنٌ کَمَعادِنِ الذّهَبِ وَالْفِضَّةِ" (İnsanlar qızıl-gümüş mədənləri kimidir!) – məşhur hədisləri xilqətdə olan fərqlərə, onların cismani və ruhi müxtəlifliklərinə toxunur. (Birinci hədisin mənbəsi: “Biharul-ənvar”, c.70, səh.143, hədis: 7. İkinci hədisin mənbəsi: “Kafi” c.8, səh.177.)

İnsanların ruhi-psixoloji, milli-irqi və dünyagörüşlərindəki hədsiz fərqlər düzgün qavranıldıqda, onların rəftarlarındakı bir çox zahiri problemlər, ictimai təzadlar aradan qalxacaqdır. Məsələn, çox vaxt valideynlər uşağın (bir qabı sındırması, yaxud geyimlərini çirkləndirməsi kimi) təbii işinə görə bərk narahat olur, bəzən onu ağır cəzalarla tənbeh edərək, hətta döyürlər. Halbuki belə işlərə görə, nə əsəbiləşmək, nə də uşağı danlayıb-döymək lazımdır.

Adətən, uşaqların qabların əhəmiyyəti, onların yerə düşdükdə sınıb-sınmama ehtimalı haqda kifayət qədər məlumatı olmur, yaxud bütün bunları bildiyi təqdirdə, onlarda tam psixoloji hazırlıq hələ yaranmayıb, yaxud da acizlikləri ucbatından baş verir.

Əgər biz özümüz də hal-hazırda onları qoruyub-saxlayırıqsa, uşaqlıq çağlarımızdakı sınaq və təcrübələrimiz sayəsindədir. Çünki uşaqlıq çağları başdan-başa sınaq və insanın ətraf mühitlə tanışlığı üçün ən gözəl dövrdür. Belə ki, əgər özümüzü uşağın yerinə qoysaq, onun bizim nəzərimizə böyük günah və xəta görünən işləri nə günahdır, nə də xəta! Bu təcrübəni böyüklər üzərində də apara bilərik. Məsələn, çox vaxt dostlar bir sıra bəyənilməz adətlərinə görə dostluqlarını qırmağa məcbur olurlar. Lakin onların hər biri digərinin əhval-ruhiyyəsindən, yaşadığı və tərbiyə gördüyü mühitdən xəbərdar olsaydı, ondakı nöqsanları təbii qarşılayardı. Yaxud qonşunun ucadan danışığı bizi narahat edir və onun səviyyəsi, hansı mühitdə böyüyüb yaşa dolması və tərbiyəsini nəzərə aldıqda, elə də müqəssir görünməyəcək. Yəni xəta və səhvlərini həddən artıq böyütməyəcəyik. Amma burada səhvə yol verilməsin. Biz bununla (“cəbrilər” kimi) hər kəsin əməllərində xətasız olduğunu demək və hər şeyi qeyri-ixtiyari və xarici amillərin üstünə atmaq və ya tərbiyənin zəruriliyini inkar etmək istəmirik. Bu o demək deyil ki, insanlar özbaşına olub, istədikləri kimi rəftar edə bilərlər. Əksinə, insan belə halları nəzərə almaqla yaranan ixtilaf və etirazların həlli üçün hazırlıq tapır, ətrafında baş verənləri asanlıqla qarşılayır. Təəssüf ki, insanlar kiçik fikirayrılığı nəticəsində bəzən bir-birindən küsür, çox sadə anlaşılmazlıqları həll edə bilmirlər. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.134-137.)

ƏFV VƏ GÜZƏŞT

Gündəlik qarşılaşdığımız hadisələr içrə səhv və xətadan insan haqlarının pozulması halları daha çox təsadüf olunur. Əgər hər kəs “intiqam” almaq fikrinə düşsəydi, ictimai durumu saxlamaq qeyri-mümkün olardı. Çünki insanın istənilən vaxt intiqam hissini idarə edib, normal saxlaması çətin məsələdir və adətən, getdikcə şiddətli forma alır. Hətta onun idarə olunub normal vəziyyətdə saxlandığı təqdirdə belə, yenə cani ilə cinayətə məruz qalanın ilk əvvəl baş verən cinayət hadisəsinə baxışı eyni cür olmur. Məsələn, qarşı tərəf hətta insafla intiqam almağa çalışsa belə, yenə onun baxışında ədalət bərpa olunmamış görünür və buna görə də onu yeni bir qisasa sövq etdikcə, ixtilaf və çəkişmələr də uzanır. Keçmişdə və indinin özündə davam edən əksər qəbilə-tayfa ixtilaflarının səbəbi məhz həmin məsələdir. Yəni hər kəs başqasının cinayətini ağır cinayətlə cavablandırdıqca, dava-dalaşlar da sona çatmır. Burada fitnə odunu söndürə bilən yeganə amil güzəşt, əfv və hər hansı qarşıdurmadan çəkinməkdir.

Qeyd edək ki, əfv və güzəşt ixtilaf və ədavətə son qoymaqla bərabər, şəxsin özünə insani-əxlaqi bir keyfiyyət kimi faydalı olub, gələcəkdə onu məruz qala biləcəyi bir çox zərər və zədələrdən uzaqlaşdırır, rahat edir. Əgər düzgün araşdırsaq, görəcəyik ki, qisas və intiqamın insana müvəqqəti təskinlik və xəyali qürurdan başqa heç bir müsbət təsiri yoxdur. İnsan həmişə qarşı tərəfin qisasının intizarını çəkdiyi halda, “güzəşt”in bəxş etdiyi rahatlıq qat-qat çox, ruhi və ictimai təsiri olduqca əhəmiyyətlidir.

İslam mənbələrində bu məsələ çox zərif ibarələrlə ən mühüm dini vəzifə kimi tanıtdırılır. Aşağıdakı nümunələr bu müddəaya şahiddir:

1. “Nur” surəsinin 22-ci ayəsində buyurulur:

{وَلْیَعْفُوا وَلْیَصْفَحُوا أَلَا تُحِبُّونَ أَن یَغْفِرَ اللَّهُ لَکُمْ}

 “Onları əfv edib, göz yumsunlar. Məgər siz Allahdan bağışlamağınızı istəmirsinizmi?”

Bu ayədən məlum olur ki, heç kəs təqsirsiz deyil. Əgər Allahdan günahlarınızın bağışlamasını istəyirsinizsə, din qardaşlarınızla yaranan ixtilaf və çəkişmələrdə haqqınızdan keçib güzəştə gedin. Diqqəti cəlb edən budur ki, ayədə qeyd olunan “əfv” və “səfh” (göz yummaq) sözləri lüğəvi baxımdan fərqlənir. “Səfh”, “əfv”dən daha dərin məna kəsb edir, yəni məzəmmət və qınaqsız güzəştə deyilir. (Rağib İsfahaninin “Müfrədat” kitabı.)

Amma qisası sinəsində boğub, lakin dili, yaxud küsülü qalması ilə qarşı tərəfin təqsirini daim xatırladan kəs həqiqətdə onu bağışlamamışdır. Əslində, həqiqi əfv və güzəşt hadisəni tamamilə unutmaq, öz dilimizlə desək, ona göz yummaqdır.

2. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurlur:

{وَیَسْأَلُونَکَ مَاذَا یُنفِقُونَ قُلِ الْعَفْو}

“(Ya Peyğəmbər!) Səndən infaq barəsində soruşanlara de: “Əfv (etsinlər)!”

Təfsir alimləri arasında məşhur nəzərə görə, qeyd olunan “əfv” sözündə məqsəd ailənin ehtiyacından əlavə, illik gəlirdən artıq qalan malın zahirən Allah yolunda xərclənməsi olsa da (lüğəvi kökünə əsasən), heç də demək olmaz ki, onun digər işlək mənası (güzəşt) nəzərə alınmamışdır. Maddi infaq barədə verilən sualın cavabının əxlaqi infaqa – əfv və güzəştə yönəldilməsi diqqəti cəlb edən zərif məsələdir. Odur ki, infaq yalnız mal-dövlət və əmlakla bitmir və bəlkə də bu qədər sorğu-suala ehtiyac yoxdur. Əksinə, insanın başqası ilə əlaqədar öz hüquqlarından keçməsi və güzəşti daha mühüm məsələdir. Doğrusu, bu güzəşt çoxlarının qisas ruhiyyəsi ilə zidd olduğundan, onunla razılaşmaq daha çətin olur. Amma ictimai nizam-intizamın, ədalətin bərqərarı baxımından isə onun təsiri olduqca çoxdur.

Yeri gəlmişkən, Qurani-Kərimdə bir sualın cavabının başqa bir mətləblə verilməsi az müşahidə olunmur. Bu özü də Quranın bir çox məsələlərə diqqət yetirməsindən irəli gəlir. Belə ki, bəzən, verilən sualların cavablarından kənar çıxaraq qarşı tərəfin mövqeyini nəzərə alır, onun zəruri ehtiyaclarını xatırladaraq əsaslı cavablarla yola salır. Məsələn, bir zaman günlər keçdikcə ayın şəklinin dəyişilməsinin səbəbi ilə əlaqədar verilən sualın cavabını onun fayda və nəticələri ilə ifadə edir:

{یَسْأَلُونَکَ عَنِ الأهِلَّةِ قُلْ هِیَ مَوَاقِیتُ لِلنَّاسِ وَالْحَجِّ}

“(Ya Peyğəmbər!) Səndən yeni doğan aylar (hilal) barəsində sual edənlərə de ki, bunlar insanların həyatında vaxtların və həccin təyini üçün ölçülərdir.” (“Bəqərə” surəsi, ayə 189.)

3. İslam Peyğəmbəri (s) buyurur:

ثَلاثٌ وَالّذی نَفْسِی بِیَدِهِ لَوْ کُنْتُ حَلاّفاً لَحَلَفْتُ عَلَیْهِنَّ: ما نَقَصَ مالٌ مِنْ صَدَقَةٍ فَتَصَدَّقُوا؛ وَ لا عَفا رَجُلٌ مَظْلَمَةً یَبْتَغِی بِها وَجْهَ اللهِ اِلّا زادَهُ اللهُ بِها عِزّاً یَوْمَ الْقِیامَةِ؛ وَ لا فَتَحَ رَجُلٌ عَلى نَفْسِهِ بابَ مَسْألَةٍ اِلّا فَتَحَ اللهُ عَلَیْهِ بابَ فَقْرٍ

“Canım əlində olan Allaha and olsun! Üç əməl var ki, əgər and içməli olsaydım, onlara and içərdim: 1. sədəqə verməklə heç vaxt mal-dövlət azalmaz, belə isə sədəqə verin; 2. Allahın razılığını qazanmaq üçün hər hansı zülm və cəfanı bağışlayanın Allah qiyamət günü izzətini artırar; 3. hər kəsə əl açanın da üzünə Allah yoxsulluq qapısını açar!” (“Ehyaül-ülum”, Qəzzali, c.3, səh.182.)

4. İslam Peyğəmbəri (s) buyurur:

عَلَیْکُمْ بِالْعَفْوِ فَاِنَّ الْعَفْوَ لا یَزِیدُ الْعَبْدَ اِلّا عِزّاً فَتَعافَوْا یُعِزُّکُمُ اللهُ

“Əfv və bağışlamağı unutmayın ki, əfv insanı ucaldar. Belə isə bir-dirinizi bağışlayın ki, Allah da sizə izzət və ucalıq bəxş etsin.”

5. İmam Baqir (ə) buyurur:

اَلنَّدامَةُ عَلَى الْعَفْوِ اَفْضَلُ وَ اَیْسَرُ مِنَ النَّدامَةِ عَلَى الْعُقُوبَةِ

“Əfv və güzəştə (onu yerinə yetirməməzliyə) görə peşmançılıq, qisas almamazlığa görə peşmançılıqdan daha üstün, daha asandır.”

6. İmam Rza (ə) buyurur:

مَا الْتَقَتْ فِئَتانِ قَطُّ اِلّا نُصِرَ اَعْظَمُهُما عَفْواً

“Bir-birinə qarşı duran hər hansı iki dəstədən ən çox güzəştə gedənə hökmən (Allah tərəfindən) yardım olunar.” (“Kafi”, c.2, səh.108.)

Göründüyü kimi, bu hədislərdə “qələbə” əfv və güzəştin qəti təsirlərindən biri kimi tanıtdırılır. Bu ona görədir ki, adətən, qisas və sair əvəzçıxma halları instinktiv hisslərdən qaynaqlanır. Məhz onun qatı surəti heyvanlarda daha çox görünür. Lakin əfv və güzəşt isə şəxsiyyət nişanəsi, bir növ nəfsə hakimlik, ruhi ucalıqdır və bu xassə qəzəb və qisas kimi hisslərin yandırıcı şöləsini öz şüaları altına ala bilir. Demək, əfv və güzəşt artdıqca, insanların da dəyər-qiyməti yüksəlir, başı ucalır. Bir də ki, hər zaman əvəz çıxmaqla camaat arasında hörmət qazanmaq, ürəklərdə yer salmaq mümkün deyildir. Halbuki əfv və güzəştin xalqın rəğbətini, hiss və duyğularını cəlb etməkdə dərin təsiri vardır. Bunların isə qələbə amili kimi göstərilməsi təsadüfi deyil. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.137-141.)

PİSLİYİ YAXŞILIQLA ÖDƏMƏK

İslam mənbələrində – Qurani-Kərim və hədislərdə əfv və güzəştin ən yüksək həddi olan “pisliyi yaxşılıqla cavablandırmaq” məsələsi diqqəti cəlb edir. Şübhəsiz, bu, insanlığın ən uca zirvəsi olub, əxlaqi inkişafsız mümkün deyildir. Eləcə də, ədavət və kin-küdurətlə dolu qəlbləri yumşaltmaqda təsiri misilsizdir və həddi aşanlara, günahkarlara verilə bilən ən yaxşı “dərs”, bəzən də ən tutarlı cəza, həm də onları cilovlayan amildir. Bütün bu – ədavət, düşmənçilik və kin-küdurətlərə son qoymaq kimi təsirli xassələrinə görə, İslam onu əlverişli metod sanır. Məsələn, Qurani-Kərimdə buyurulur:

{ادْفَعْ بِالَّتِی هِیَ أَحْسَنُ فَإِذَا الَّذِی بَیْنَکَ وَبَیْنَهُ عَدَاوَةٌ کَأَنَّهُ وَلِیٌّ حَمِیمٌ وَمَا یُلَقَّاهَا إِلَّا الَّذِینَ صَبَرُوا وَمَا یُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِیمٍ}

“Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki, səmimi dost görərsən. Buna (bu məqama) yalnız səbir edənlər yiyələnər və yalnız böyük bəhrə (iman və təqva) sahibləri nail olarlar!” (“Fussilət” surəsi, ayə 34-35.)

Birinci ayədə pisliyi yaxşılıqla ödəməyin qəribə təsirindən, onun sayəsində düşmənin səmimi və yaxın dosta çevrilməsindən, sonrakı ayədə isə bu dərəcəyə yalnız iman, təqva, əxlaq və fəzilət sahibləri, nəfsani istəklər müqabilində səbir edib dözənlərin nail ola bilməsindən söz açılır ki, bunların hər ikisi inkaredilməz bir həqiqətdir. Pisliyi yaxşılıqla ödəməyin qəribə təsiri haqda bunu demək olar ki, adətən, həddi aşanlar qarşı tərəfin nahiyəsindən qisas intizarını çəkir və çox güman ki, vicdanında bunu özünə layiq bilirlər. Lakin onların (qarşı tərəfdən gözlənilən) cəza intizarına əks olaraq pisliyi yaxşılıqla verildikdə, yatmış vicdanları oyanır, daxillərində dərin iz buraxır. Belə hallarda onlar qarşı tərəfi günahsız, özlərini isə günahkar hesab edərək, tutduqları işdən bərk peşman olurlar. Bəzən bu təzyiq o qədər şiddətli olur ki, kimsə ona davam gətirib, ədavət hissindən dönməyə bilmir. Buna görə də, bəzən insanın düşməni belə tutduğu yolu dəyişir, təsirlənir.

Peyğəmbəri-Əkrəm (s) və məsum imamlardan nəql olunan dərin ifadələrdə bu səciyyə ən yüksək insani sifət kimi göstərilir.

1. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلا اُخْبِرُکُمْ بِخَیْرِ خَلائِقِ الدُّنْیا وَ الْآخِرَةِ؟ اَلْعَفْوُ عَمَّنْ ظَلَمَکَ، وَ تَصِلُ مَنْ قَطَعَکَ، وَالْاِحْسانُ اِلى مَنْ اَساءَ اِلَیْکَ، وَاِعْطاءُ مَنْ حَرَمَکَ

“Sizə dünya və axirətin xeyrindən xəbər verimmi? – Sənə zülm edəni bağışla, səninlə əlaqəni qıranla əlaqəni kəsmə, sənə pislik edənə yaxşılıq et və səni məhrum edənə də bəxşiş et!” (“Biharul-ənvar”, 71-ci cild, səh.399.)

Peyğəmbəri-Əkrəmin (s) müsəlmanlara buyurduğu bu hədisə əsasən, dünya və axirəti təmin edən ən yaxşı əxlaq güzəşt və pisliyə qarşı yaxşılıqdır. Hədisdə qeyd olunan dörd buyruqdan üçü pisliyi yaxşılıqla ödəməyə, biri isə əfv və güzəştə aiddir.

2. İmam Baqirdən (ə) belə nəql olunur:

ثَلاثٌ لا یَزِیدُ اللهُ بِهِنَّ الْمَرْءَ الْمُسْلِمَ اِلّا عِزّاً: الصَّفْحُ عَمَّنْ ظَلَمَهُ، وَاِعْطاءُ مَنْ حَرَمَهُ، وَالصِّلَةُ لِمَنْ قَطَعَهُ

“Üç şey müsəlmana yalnız izzət və başıucalıq gətirər: Ona zülm edəni bağışlamaq, onu məhrum edəndən bəxşişi əsirgəməmək və onunla əlaqəsini qıranla əlaqə yaratmaqdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.403.)

Bu hədisdə də üç şey bəndənin izzətini artıranların sırasında göstərilir və onun ikisi pisliyə yaxşılıqla cavab verməyə, biri isə əfv və güzəştə aiddir.

Əlbəttə, bu nöqtəni də unutmaq olmaz ki, zülmkar düşmənin müqabilində əfv və güzəştin mənası yoxdur. Burada təslim olmaq gücsüzlük, şəxsiyyətsizlik, zillət və bədbəxtlik, güzəşt isə başıucalıq və şəxsiyyət nişanəsidir. Əfv və güzəşt ictimai-hüquqi məsələlərə deyil, fərdin şəxsi mülkiyyət və hüdudlarına aiddir. Amma şəxsi məsələ və fərdi hüquqlarda güzəşt qarşı tərəfin cürətini artırarsa, belə hallarda güzəştə yer yoxdur. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.141-144.)

SƏRTLİYİ TƏRK ETMƏK 

İctimai aləmdə, xüsusilə, beynəlxalq problemlərin həllində sərtliyə əl atmağın ağır zərərləri, belə çəkişmələrin təhlükəli və acı nəticələri hamıya məlum məsələdir. Bunlar ürəklərdə ədavət və kin-küdurət hissini oyadır, intiqam atəşini şölələndirir. Sərtlik nəinki böhran və çətinlikləri azaltmır, əksinə, çox vaxt onları şiddətləndirir, artırır və bir çox gərginliklər elə oradan qaynaqlanır. Onun xeyrindən çox zərəri vardır və belələri ona görə həmişə ağır cərimələr ödəməli olurlar. Lakin bu əməlin bütün nöqsanları, təhlükələri və acınacaqlı aqibətini anladığımız halda çoxlarımız hər hansı çətinliyi aradan qaldırmaq üçün onu ilkin yol görürük. Deməliyik ki, sülhməramlı yollardan istifadə və sərtlikdən uzaqlaşma şüurun, sərtlik isə hiss və həyəcanın əlamətlərindəndir. Bunu da bilirik ki, şüurun inkişafı insani təkamülün son mərhələsi, hiss və həyəcanın dövranı isə ondan çox geridir. Həqiqətdə insanların əksəriyyəti hiss və duyğular içində yaşayır və həmişə onun təsirinə məruz qalırlar. Uşaqlıq çağları duyğuların inkişaf dövrü olsa da, mövcud insanın üzərində aparılan sosioloji araşdırmalar göstərir ki, onların çoxu psixoloji baxımdan uşaqlıq dövrünü ötüb keçə bilmir və çox vaxt böyüklərin sərtlik, zor və həddiaşma halları həmin çatışmazlığın əlamətləridir. İlk baxışda çoxları belə halları təbii, məqsədəuyğun saysa da, problemlərin həlli baxımından onların dəyər və yeri tam arxa plana düşür və insanın üzünə hər bir ağıllı məsləhət və üsulun bağlandığı təqdirdə, həmin reaksiyalara icazə verilir. Bildirməliyik ki, yenilməz şəxs, yaxud yenilməz xalq isə ictimai problemlərini aradan qaldırmaq üçün hər yerdə sərtliyə zərurət görmür. Onların çoxunu sülh yolu, məsləhət və götür-qoyla həll etmək mümkündür.

İslam bu məsələyə yüksək əhəmiyyət verərək bəşərin həyatında sülh, dostluq və mehribanlığın rolu barədə faydalı təkliflər irəli sürür, ardıcıllarını da həmin ideya uğrunda yaşamağa çağırır. Hədislərdə sülh və dostluğa dair tövsiyələr ayrıca bir fəsli təşkil edir və bu məsələ ilə bağlı İslamın nəzərini bilmək üçün bir neçə hədisi qeyd edirik:

1. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ فِی الرِّفْقِ الزِّیادَةَ وَالْبَرَکَةَ وَمَنْ یُحْرَمُ الرِّفْقَ یُحْرَمُ الْخَیْرَ

“Dostluq və mehribanlıqda vüsət və bərəkət vardır. Ondan məhrum olan isə xeyirdən məhrumdur.” (“Biharul-ənvar”, 75-ci cild, səh.60.)

Bu hədisdə açıq-aydın deyilir ki, xeyir-bərəkət dostluq və mehribanlıqdadır və onsuz xeyir-bərəkət də çəkilir.

 

2. Peyğəmbəri-Əkrəm (s) buyurur:

ما اَصْطَحَبَ اثْنانِ اِلّا کانَ اَعْظَمُهُما اَجْراً وَاَحَبُّهُما اِلَى اللهِ اَرْفَقَهُما بِصاحِبِهِ

“İki dostdan hansı biri digərinə qarşı daha çox mehriban olsa, savabı daha çox və Allah yanında daha sevimlidir.” (“Biharul-ənvar”, c.76, səh.268.)

Bu hədisə görə də həyatda dostluq və mehribanlığı artıq olanlar Allah yanında böyük savab və məhəbbətlə müjdələnirlər.

 

3. İmam Baqir (ə) buyurur:

مَنْ قُسِمَ لَهُ الرِّفْقُ قُسِمَ لَهُ الْاِیمانُ

“Hər kəsə dostluq nəsib olsa, iman da nəsib olar!” (“Kafi”, c.2, səh.118.)

Mərhum Feyz Kaşani “Vafi” kitabında dostluq və mehribanlığın imanla əlaqəsini belə izah edir: “Adətən, sərtlik insandan ixtiyarı alır və əsəb sistemini pozur. O zaman şəxs hər bir xəta və küfrə də yol verə bilər.” Bu əlaqəni başqa cür də izah edə bilərik. O da budur ki, adətən, sərtlik insanı Allahın məxluquna, sonra da Xaliqə qarşı bədbin edir və bunların heç biri kamil imanla uyğun gəlmir. Başqa sözlə, həmişə sərt və qəzəbli adamların dostu az olur və bununla da, onlar yavaş-yavaş cəmiyyətdən uzaq düşürlər. Cəmiyyətdən ayrılmağın özü məxluq və Xaliqə qarşı bədbinlik nişanəsidir.

 

4. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

اِنَّ الرِّفْقَ لَمْ یُضَعْ عَلى شَیْءٍ اِلّا زانَهُ و لا نُزِعَ مِنْ شَیْءٍ اِلّا شانَهُ

“Dostluq və mehribanlıq hər nəyə qoşulsa, onu zinətləndirər və hər nədən ayrılsa, o şey gözdən düşər.” (“Kafi”, c.2, səh.119, hədis 6.)

Bu hikmətli hədisə əsasən, sülh və dostluq hər şeyə gözəllik bəxş edir, sərtlik isə hər şeyi, hər işi və hər kəsi pis və çirkin göstərir.

Burada mühüm məsələ odur ki, çox vaxt İslam düşmənləri ona sərt don geyindirməyə, onda baş verən müharibələri bəhanə edərək, hər yerdə onu gözdən salmağa çalışırlar. Halbuki Peyğəmbərin (s) təkcə həmin müharibələrdəki onun qanına susayan, dəvəti müqabilində təhlükə yaradan düşmənləri, eləcə də əsirlər, məğlubiyyətə uğrayan qövmlər və müharibə meydanlarında yaralılarla rəftar və davranışı ilə tanış olduqda, İslamın sülh və dostluq münasibətlərindəki parlaq səhifələrinin şahidi olacaq, onun zor və sərtliyə qarşı qəti mövqeyi aydınlaşacaqdır. Bundan da mühüm məsələ odur ki, bəzən ruhaniləri orta əsrin qəddar xristian keşişlərinə bənzətməklə, yaxud ictimai dünyagörüşü aşağı olan bir sıra din xadimlərinin yönsüz fikir və rəftarlarını əldə dəstək etməklə həmin şübhələri daha da qabartmaq istəyənlər az deyildir. Demək, biz müsəlmanlar da sərtliyin tərkinə dair İslamın yetərli göstərişlərinə itaət etməli, cəmiyyət arasında davranışlarımıza diqqət yetirərək, İslamın sülh və dostluğa dair həqiqi simasını nümayiş etdirməli və müxalif qüvvələrin zəhərli təbliğatlarını öz əməllərimizlə beyinlərdən silməliyik. İslam müharibələrinə gəldikdə isə, onların müdafiə və yaxud azadlıq uğrundakı səbəblərini aydınlaşdırmaqla şübhələri aradan qaldırmaq çətin deyildir.

Amma sülh, dostluq, mehribanlıq və ya sərt davranışa əl atmamaq dedikdə, zülmkarların, zor tətbiq edənlərin, inadkar düşmənlərin və istismarçıların müqabilində təslim olmaq nəzərdə tutulmur. Bu məsələ Qurani-Kərimin “Fəth” surəsinin 29-cu ayəsində belə açıqlanır:

{أَشِدَّاء عَلَى الْکُفَّارِ رُحَمَاء بَیْنَهُمْ}

“Onunla birlikdə onlar kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mehribandırlar.”

Beləliklə, müsəlmanlar inadkar və rəhmsiz düşmənləri müqabilində mütləq sərt mövqe seçməli, dostlarına qarşı isə mərhəmətli olmalı və qələbə çaldıqları düşmənləri ilə də onlar tərəfindən yeni hücum ehtimalı verilməyənə qədər mehriban davranmalıdırlar. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 144-148.)