Fev 19, 2018 00:50 Asia/Baku
  • "Fatimə Günləri"

İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s) əziz qızı xanım Fatimə Zəhranın(s.ə) şəhadətinin ildönümü günlərini yaşayırıq. "Fatimə Günləri" adlandırılan bu günlər o həzrətin qısa, eyni zamanda son dərəcə zəngin və dəyərli həyatına nəzər salmaq üçün dəyərli fürsət sayılır.

Bu günlər Peyğəmbərimizin pak nəslinin – seyidlər nəslinin qaynağı, dünya və Cənnət qadınlarının xanımı, nübuvvət (peyğəmbərlik) mərkəzində dünyaya gəlib boya-başa çatmış, vəlayət (imamət) evində həyatını davam etdirən, ən yaxşı qız, ən yaxşı həyat yoldaşı, ən yaxşı ana kimi qadının bütün fəaliyyətini əks etdirən əlamətləri özündə toplayan nümunəvi, ideal, məsum qadın – xanım Fatimeyi-Zəhra əleyha salamın şəhadətinin ildönümü günləridir. 

Biz bilirik ki, insanlar insan həyatı ilə bağlı hər hansı bir hadisəyə ad qoyur, onu ənənəyə çevirir, Analar günü, Qadınlar günü və s. kimi müəyyən adlar verirlər. Bu ənənələrdən danışmaq istəsək, müsəlman qadınları üçün seçə biləcəyimiz ən gözəl gün Həzrət Fatimeyi-Zəhranın mübarək doğum günüdür, çünki o, ən yaxşı qız, ən yaxşı ana, ən yaxşı həyat yoldaşı və öz mədəniyyəti və davranışlarında ən üstün müsəlman qadını olmuşdur. Bütün bu insani cizgiləri özündə topladığı üçün biz İmam Xomeyninin təklif etdiyi kimi ay təqvimi ilə cümadəlaxirə ayının 20-ni – xanım Fatimeyi-Zəhranın doğum gününüDünya Müsəlman Qadınlar günü kimi qeyd etməliyik, çünki biz bilirik ki, hər hansı əlamətdar bir gün müəyyən əlamətdar bir hadisə ilə bağlıdır. Ona görə də Qadınlar günü yuxarıda sadaladığımız ən gözəl xüsusiyyətləri özündə toplayan qadına – Həzrət Fatimeyi-Zəhra (ə.s.)-a həsr olunmalıdır.

 

NÜMUNƏVİ QADIN

İslamın qadınların haqq və hüquqlarını qorumaq və onların tərəqqi etmələrini təmin etmək üçün bir çox qanun və proqramları vardır. Nümunəvi İslam qadınını tanımaq, onun gözəl əxlaqından ibrət götürmək üçün vəhy məktəbində təhsil alan İslam qadınlarını kamil bir şəkildə tanımaq və onların həyatının külliyyatını araşdırmaq lazımdır.

Hz. Fatimə (ə.s.), şübhəsiz ki, bütün İslam qadınlarının başında yer almaqdadır, çünki o, atası məsum, həyat yoldaşı məsum və özü də məsum olan yeganə qadındır. Fatimənin tərbiyə və yaşayış mühiti, ismət və məsumluq mühiti idi. Uşaqlıq illərini, İslamın ilk şəxsiyyətinin, yəni aləmlərin Rəbbi Allahın tərbiyəsi altında olan və Allah tərəfindən seçilmiş Peyğəmbərin evində keçirmişdi. Ev işlərini yerinə yetirmə və uşaq tərbiyə etmə dönəmini də İslamın ikinci şəxsiyyətinin, yəni Əli ibn Əbitalibin evində keçirmişdi. Bu qısa müddət içərisində iki məsum şəxsi, yəni Həsən və Hüseyni və iki qız övladı, yəni Zeynəb və Ümmügülsüm kimi şücaətli və fədakar qız övladlarını cəmiyyətə təqdim etmişdir. Belə bir evdə açıq şəkildə islami əxlaq və qanunların parlaq nəticələrini görmək və İslamın ideal və nümunəvi qadınını tapmaq mümkündür.

 

FATİMƏ (Ə.S.)-IN ANASI

Fatimə (ə.s.)-ın anası Xuvəylidin qızı Xədicə adlı bir qadın idi. Xədicə Qüreyşin əsalətli və soylu ailələrindən birində dünyaya gəlmiş və orada tərbiyə alıb böyümüşdür. Ailəsindən olan kişilərin hamısı alim, fədakar, ruhani və Kəbə evini himayə edən şəxslər idi. Yəmən padşahı Tubba Həcərüləsvədi Məscidülhəramdan Yəmənə aparmaq istədikdə Xədicənin atası Xuvəylidin mübarizə və fədakarlığı nəticəsində Yəmən padşahı qərarından dönmüş və artıq o daşı yerindən çıxarmamışdır.

Xədicə gənc yaşlarında Ətiq ibn Aiz ilə evlənmiş, lakin uzun bir müddət keçmədən Ətiq gözlərini dünyaya yummuş və Xədicə böyük bir sərvət və mal ilə tək qalmışdır.

Xədicə bir müddət dul qaldı, daha sonra Bəni-Təmimin böyüklərindən biri olan Hind ibn Bənnas adlı bir şəxslə evləndi, fəqət Hind də gənc ikən vəfat etdi, yenə Xədicə böyük bir sərvətlə yalqız qaldı.

Xədicə birinci və ikinci ərindən miras olaraq aldığı xeyli miqdarda sərvəti eləcə saxlamasa da, o zamanlar adət olan faiz işlərində də istifadə etmədi. O, bu sərvətlə doğru işlə məşğul olan şəxslər vasitəsilə ticarət etməyə başladı.

Xədicənin həyatının seçkin və parlaq nöqtələrindən biri də onun Peyğəmbər ilə evlənmə məsələsidir. Xədicənin birinci və ikinci əri vəfat etdikdən sonra o şanı uca qadında sərbəstlik və baxımsızlıq halı təcəlli etdi. O artıq evlənmək istəmirdi. Amma maraqlı cəhət budur ki, ərəbin öndə gələn və varlı kişiləri ilə əsla evlənməyə razı olmayan Xədicə tam bir səmimiyyətlə yetim və fəqir olan Mühəmməd kimi bir şəxslə evlənməyə hazır idi.

Bu evlilik Rəsulullah (s) üçün çox dəyərli idi, çünki bir tərəfdən fəqir və yoxsul idi. Bu səbəbə və ya başqa bir səbəbə görədir ki, iyirmi beş yaşına qədər evlənməmişdi. Digər tərəfdən də evsiz-eşiksiz və tənha idi. Yalqızlıq hiss edirdi, bu mübarək evlilik vasitəsi ilə həm ehtiyaclarını aradan qaldırdı, həm də dost, yar, dərd ortağı və gözəl bir müşavir qazandı.

Mühəmməd (s) və Xədicə səfa və səmimiyyətlə dolu bir ailə qurdular. Qadınlardan Peyğəmbərin dəvətini qəbul edən ilk qadın oldu. O uca qadın hədsiz və hesabsız mal və sərvətinin hamısını qeydsiz və şərtsiz Peyğəmbərin ixtiyarına buraxdı.

Peyğəmbər (s) belə buyurmuşdur: "Xədicə bu ümmətin ən xeyirli qadınlarından biridir” [1].

Aişə belə deyir: "Peyğəmbər (s) Xədicəni daim yaxşılıqla xatırladığına görə bir dəfə o Həzrətə: "Ya Rəsuləllah, Xədicə qoca bir qadındı, Allah sənə ondan daha yaxşısını bağışladı”, – deyə ərz etdim. Rəsulullah qəzəblənib belə buyurdu: "And olsun ki, Allah-Taala ondan daha yaxşısını mənə nəsib etməmişdir. Xədicə başqalarının kafir olduğu bir zamanda iman gətirdi. Başqalarının məni inkar etdiyi bir zamanda məni təsdiq etdi. Başqalarının məni hər şeydən məhrum etdiyi bir zamanda malını təmənnasız mənim ixtiyarıma buraxdı və Allah-Taala mənim nəslimi onun övladında qərar verdi” .

Aişə deyir ki: "Artıq mən ondan sonra Xədicəni pisliklə xatırlamamağa qərar verdim”[2].

Rəvayətlərdə söylənilmişdir ki, Cəbrayıl Peyğəmbərə nazil olduğunda hər dəfəsində belə ərz edərdi: "Allahın salamını Xədicəyə çatdır və belə de: "Allah-Taala Cənnətdə sənin üçün bir saray hazırlamışdır ”[3].

 

İLK İSLAMİ MƏRKƏZ

İslamda qurulan ilk islami ailə Mühəmməd (s) və Xədicənin evi idi. Onların sayı üç nəfərdən artıq deyildi: Mühəmməd (s), Xədicə və Əli (ə).

O ev islami inqilabın mərkəzi idi, çox ağır vəzifələri vardı. Küfrə və bütə qarşı mücadilə etmələri və tövhid dinini yaymaları lazım idi. Bütün dünyada sadəcə bir islami ev var idi. O da bu üç şəxsin yaşadığı ev idi və onların başında Həzrət Mühəmməd (s) dururdu. Allah-Taala onun əxlaqı haqqında belə buyurur: "Şübhəsiz, sən çox böyük bir əxlaq üzərindəsən” [4].

Rəsulullah (s) Xədicəni həddindən artıq sevirdi, onun şəxsiyyətinə hörmətlə yanaşırdı, hətta Xədicənin dostlarına belə ehtiram göstərirdi.

Ənəs belə deyir: "Bəzən Peyğəmbərə hədiyyə təqdim edildikdə belə buyurardı: "Filan qadının evinə aparın, çünki o Xədicənin dostu idi”.

Xədicə sıxıntılı anlarında Mühəmməd (s)-ə təsəlli verir, hədəfə çatmaq yolunda onu ümidvar edirdi. Kafirlər işgəncə və əziyyət verdikləri zaman Həzrət evə girər-girməz Xədicənin şəfqət və məhəbbətinə qərq olur və isti ocaqdan güc alırdı. Çətinliklər və qorxulu hadisələr haqqında o bilgili və ağıllı-kamallı qadınla məsləhətləşirdi.

Bəli, Fatimeyi-Zəhra belə bir səfa və səmimiyyətlə dolu ailədə dünyaya gəlmiş, o cür atadan və fədakar anadan tərbiyə almışdır.

 

SƏMAVİ ƏMR

Bir gün Rəsulullah (s) Əbtəh (Məkkə ilə Mina arasında) deyilən yerdə əyləşmişdi, o anda Cəbrayıl nazil olub belə ərz etdi: "Allah-Taala sizə salam göndərdi və buyurdu ki: "Qırx gün, qırx gecə Xədicədən uzaqlaş, namaz və ibadətlə məşğul ol”.

Rəsulullah (s) Əmmar vasitəsilə Xədicəyə belə bir xəbər göndərdi: "Sən elə əziz və dəyərlisən ki, bu işdə aləmlərin Rəbbinin əmrinə itaət edirəm. Allah məsləhətləri daha yaxşı biləndir. Ey Xədicə, sən böyük və əsilzadə bir qadınsan. Allah-Taala mələklərini sənin nazını çəkməyə məmur edir. Gecələri evin qapısını bağla, yatağında istirahət et və aləmlərin Rəbbinin əmrini gözlə. Mən bu müddət ərzində Əsəd qızı Fatimənin evində qalacağam” .

Qırx gün tamam olanda Allahın mələyi nazil olaraq Cənnətdən bir yemək gətirdi və belə ərz etdi: "Bu gecə bu Cənnət meyvələrindən ye!”

Rəsulullah Cənnət meyvələri ilə iftarını açdı, namaz (təbiidir ki, nafilə namaz, çünki Peyğəmbər vacib namazını iftardan qabaq yerinə yetirmişdi) və ibadətə hazırlaşmaq üçün qalxmaq istədikdə Cəbrayıl nazil olub belə buyurdu: "Ey Allahın dəyərli Peyğəmbəri, bu gecə müstəhəb namazdan vaz keç. Xədicənin evinə get, çünki Allah-Taala sənin sülbündən tərtəmiz övladlar yaratmağı iradə etmişdir”.

Nəhayət, Peyğəmbər (s) qırx gün ayrılıqdan sonra Xədicənin görüşünə getdi.

Xədicə belə deyir: "Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb, pərdələri çəkir və namaz qılırdım. Namazı qurtarandan sonra çırağı söndürüb yatağıma istirahət etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım, qapının döyüldüyünü eşitdim. Mən: "Qapını döyən kimdir ki, Peyğəmbərdən başqa heç kim onu döyməyə layiq deyil” – dedim. Bu vaxt Peyğəmbərin məlahətli səsini eşitdim: "Ey Xədicə, qapını aç! Mənəm, Mühəmmədəm” – dedi.

Sevinclə qapını açdım, gülərüzlə evə daxil oldu”. Və o gecə Fatimənin nuru atasının sülbündən ana rəhminə daxil oldu[5].

Peyğəmbər (s)-in Xədicədən qırx gün müddətində kənarlaşdırılması Fatimə (ə.s.)-ın müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən hazırlıq idi.

Peyğəmbərin Xədicədən bu cür uzaq olması dünya qadınlarının xanımı Həzrət Fatimeyi-Zəhra (ə.s.)-ın məqamının uca, doğma və əziz olmasına bir nümunədir ki, bu fəziləti söz ilə ifadə etməkdə dil belə acizdir.

 

FATİMƏ (Ə.S.)-IN DOĞUMU

Hamiləlik dönəmi sona çatıb, Fatimənin doğum zamanı yaxınlaşdıqda Xədicə bir nəfəri Qüreyş qadınlarının və köhnə dostlarının yanına göndərdi: "Köhnə kinlərinizi unudun, bu təhlükəli anımda köməyimə gəlin. Doğum işində mənə yardım edin”. Çox keçmədi ki, Xədicənin elçisi ağlar gözlə geri döndü və belə dedi: "Kimin qapısını döydümsə, razı olmadı, xahişinizi qəbul etmədi və hər kəs cavab olaraq belə dedi: "Xədicəyə söylə ki, bizim nəsihətimizi qəbul etmədin, bizim uyğun gördüyümüzün ziddinə fəqir bir yetimlə evləndin. Budur, buna görə də sənin evinə gəlməyə və sənə yardımçı olmağa hazır deyilik”.

Xədicə kinli qadınların bu qəlb incidən sözlərini eşidəndə onların yardımından ümidini kəsdi və çox məyus oldu. Maddi aləmdən və kinli qadınlardan üz çevirib aləmlərin Rəbbi olan Allaha və başqa bir aləmə yönəldi. Belə çıxılmaz bir zamanda Allahın mələkləri, Cənnətin huriləri və səmavi qadınlar onun yardımına gəldilər. Əziz Fatimə, yəni nübuvvət səmasının nur saçan ulduzu dünya aləminə ayaq basdı və dünyanın şərqini və qərbini vəlayət nuruna boyadı.

Fatimə (ə.s.)-ın doğum tarixi haqqında İslam alimləri arasında ixtilaflar vardır. Şiə alimlərinə görə o Həzrət besətin 5-ci ilində cümadəlaxirə ayının 20-si, Cümə günü dünyaya gəlmişdir .

 

HZ. FATİMƏNİN EVLƏNMƏSİ

Fatimə evlənəcək yaşa çatanda Peyğəmbərimiz onu Allahın əmri ilə əmioğlusu və ilk müsəlman Həzrət Əli ilə evləndirdi. Peyğəmbərimiz Hz. Əliyə xitab edərək belə buyurmuşdur:"Cəbrayıl nazil olub belə dedi: "Ya Mühəmməd, Allah səni yaratdıqları arasından seçdi və risalət ilə vəzifələndirdi; Əlini də sənə qardaş və canişin olaraq seçdi. Qızın Fatiməni onunla evləndirməlisən; Allah onları yuxarı aləmdə (mələi-əlada) evləndirdi. Allah onlara iki tərtəmiz, nəcib, tahir və gözəl övlad bağışlayacaqdır”. Ya Əli, Cəbrayıl hələ göyə yüksəlməmiş sən qapını döydün” [6].

 

HZ. ZƏHRANIN MEHRİYƏSİ

1. Dörd yüz və ya dörd yüz səksən və yaxud beş yüz dirhəm dəyərində bir zireh.

2. Yəmən qumaşından bir dəst libas.

3. Üstündə oturmaq üçün istifadə olunan aşılanmış tüklü qoyun dərisi.

 

DƏRS VERİCİ BİR ƏMƏL

İslam ağır mehriyəni xalqın məsləhətinə uyğun bilmir; kürəkənin din və əxlaqını bəyənirsinizsə, mehr haqqında sərtlik etməyin və az ilə kifayətlənin, – deyə tövsiyələr verir.

Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: "Ümmətimin ən üstün qadınları gözəl və mehriyəsi az olanlardır” [7].

İmam Sadiq (ə) isə belə söyləmişdir: "Qadının pis olması mehriyəsinin ağır olmasıdır” [8].

İslamın sevgili Rəsulu ağır mehriyənin xalqın ziyanına olduğunu əmələn bütün insanlara başa salmaq üçün əziz qızını qeyd etdiyimiz mehriyə qarşılığında Əli ibn Əbitalib ilə evləndirdi. Hətta ondan borc olaraq bir şey istəmədi.

 

HZ. FATİMƏNİN CEHİZİ

Rəsulullah (s) Hz. Əliyə belə buyurdu: "İndi qalx, Fatiməyə mehriyə olaraq verdiyin zirehi sat, pulunu mənə gətir, onunla bəzi ev əşyaları və lazımlı şeylər alaq”.

Hz. Əli zirehini satdı və pulunu gətirib Peyğəmbərə təqdim etdi. Rəsulullah (s) Əbubəkri, Salmani-Farsi və Bilalı hüzuruna çağırıb onlara belə buyurdu: "Bu pul ilə Fatimə üçün ev əşyası və lazımlı şeylər alın”.

Əbubəkr belə deyir: "Pulu saydığımda 63 dirhəm olduğunu gördüm və o pul ilə bu şeyləri aldım:

1. Bir ağ köynək.

2. Böyük bir baş örtüyü.

3. Xeybər malı qara bir libas.

4. Xurma lifindən hörülən bir yataq taxtı.

5. Qoyun yunu, digəri isə xurma lifi ilə doldurulmuş olan kətandan iki ədəd döşək.

6. İçi əzxər adındakı xoşiyli bitki ilə doldurulmuş olan qoyun dərisindən dörd ədəd yastıq.

7. Bir ədəd Hicr həsri.

8. Bir ədəd əl dəyirmanı.

9. Bir mis ləyən.

10. Dəridən düzəldilmiş bir tuluq.

11. Paltar yumaq üçün bir ləyən.

12. Süd üçün bir ədəd kasa.

13. Bir su qabı.

14. Bir yun pərdə.

15. Bir aftafa.

16. Su götürmək üçün istifadə olunan bir saxsı qab.

17. Bir ədəd dəri süfrə.

18. İki saxsı kuzə.

19. Bir əba[9].

Fatimənin cehizini Peyğəmbərin hüzuruna gətirdikləri zaman Həzrətin gözlərindən yaş axdı, başını göyə doğru qaldırıb belə dedi: "Allahım, bu evliliyi qablarının çoxu saxsıdan olan şəxslərə mübarək eylə!”

 

MÜSƏLMANLAR ÜÇÜN BİR DƏRS

Əli ilə Fatimənin evlənməsi islami evliliklərin ən həssas və ən önəmli örnəklərindən biri idi, çünki qızın atası Ərəb Yarımadasının və İslam Dünyasının ən böyük şəxsiyyəti və Allah tərəfindən seçilmiş Peyğəmbər idi. Qızın özü də İslam qadınlarının ən üstünü, ən ağıllısı, ən tərbiyəlisi, ən kamili və bəşəriyyətin dörd böyük qadınlarından biri sayılırdı. Kürəkən isə əsalət və nəsəb baxımından Ərəblərin ən şərəflisi idi. Elm, kamal, şücaət baxımından bütün İslam şəxsiyyətlərindən üstün idi. Rəsulullahın rəsmi xəlifəsi, vəziri və müşaviri idi. İslamın cəsur əsgəri və İslam ordusunun baş sərkərdəsi idi. Belə bir evlənmə mümkün olduğu qədər xüsusi bir ehtişam və təntənə ilə icra olunmalı idi. Lakin bu evlənmə mərasimi çox sadə bir şəkildə icra olunmuşdu. Nümunəvi İslam qadınının cehizi gördüyünüz kimi, çox sadə bir şəkildə hazırlanmışdı.

Rəsulullah (s) nəyin bahasına olursa-olsun, hətta borc almaqla olsa belə yeganə əziz qızı üçün iftixaredici bir cehiz hazırlaya bilərdi. Mən Allahın elçisiyəm, öz məqamımı qorumağım lazımdır, qızım da dünyanın ən üstün qadınıdır, onun da ehtiram və heysiyyətinə riayət etməliyəm və ona sevindirici şeylər hazırlamalıyam. ...

Amma Rəsulullah (s) mehriyə və cehiz yarışının zərər və ziyanlarını çox gözəl bilirdi. Buna görə də İslamın birinci və ikinci şəxsiyyətinin təşkil etdiyi o nümunəvi evlənmə mərasimi bütün müsəlmanlara və onların qabaqcıllarına əməli və öyrədici bir dərs olsun deyə onu çox sadə bir şəkildə təşkil etdi. ...

 

HZ. FATİMƏ ƏLİNİN EVİNDƏ

Hz. Fatimə (ə.s.) ata evindən ərinin evinə köçdü. Amma yad bir şəxsin evinə getdiyini sanmayın, çünki nübuvvət (peyğəmbərlik) mərkəzindən çıxıb vəlayət (imamət) evinə getdi. Bu yeni mərkəzdə o nümunəvi qadının çiyninə daha böyük bir vəzifə düşdü və rəsmən məsuliyyət sahibi oldu. Bu evdə artıq bütün dünya qadınlarına İslamın həqiqət və nurunu göstərə bilmək üçün ev qadını kimi vəzifəsi, həyat yoldaşı və uşağa baxma, fədakarlıq, doğruluq və məhəbbət haqqında əməli dərslər verməsi lazım idi.

Fatimə evin bir küncünə çəkilib şəxsi həyatı ilə məşğul olan, İslamla bağlı olan hadisələrdən xəbərsiz qalan və onlara diqqət etməyən bir qadın deyildi.

Fatimə (ə.s.) Əlini heç bir zaman qəzəbləndirmirdi, çünki İslamın belə buyurduğunu bilirdi:"Allah-Taala ərini qəzəbləndirən hər qadının oruc və namazını, ərini özündən razı salmadıqca qəbul etməz” .

Həzrət Əli ilə Həzrət Fatimənin ailə həyatları Peyğəmbərimizin tövsiyələri istiqamətində çox xoşbəxt keçməsinə, bir-birini incitməmələrinə və bir-birinin haqq və hüquqlarına ciddi şəkildə riayət etmələrinə baxmayaraq, İmam Əli ilə onun arasında bəzi nizamsızlıqlar olduğunu hədislərlə isbat etməyə çalışanlar olmuşdur. Guya Əmirülmöminin Əli (ə) Əbucəhlin qızını almaq istəmiş və buna görə Həzrət Fatimə evinə getmişdir. Və Həzrət Peyğəmbər Həzrət Əlini torpağa bulaşmış bir halda tapıb belə demişdir: "Qalx, ey torpaq atası! Fatimə məndəndir; mənim bir parçamdır; onu incidən məni incitmişdir. ...” Sonra Əli Peyğəmbərə belə bir təsəvvürdə olmadığını bildirmiş və birlikdə evə qayıtmışlar. Bu hekayə tamamən uydurmadır və hədisi Əlinin əleyhinə çevirmək istəyənlərin yalanıdır. Əgər belə bir şey olsa belə, yəni Əli əleyhissəlam Əbucəhlin qızı ilə evlənmək istəsəydi də, bu şəri əmrə Həzrət Fatimənin etirazı və Peyğəmbərin belə bir təzyiqi düşünülə bilməz. Əli əleyhissəlamı kim bu şəri haqqından məhrum edə bilər ki?!..

* * *

Peyğəmbərimizin vəfatı Həzrət Fatiməni dərindən kədərləndirdi. Atasının vəfat etdiyinə görə belə bir şeir söylədi:

"Kim Əhmədin (Peyğəmbərin) qəbrinin torpağını iyləyərsə, zaman keçdikcə bir daha heç bir ətri iyləmək istəməz.

Üstümə elə müsibətlər töküldü ki, şayəd onlar gündüzlərin üstünə tökülsəydi, qaralıb gecə olardılar” .

Həzrət Fatimə bu kədərə çox dayana bilmədi. Peyğəmbərimizin vəfatından 95 gün sonra o da vəfat edərək sevimli atasına qovuşdu.

Həzrət Fatimə özü qəbrinin gizli qalmasını vəsiyyət etdiyi üçün Əli ibn Əbitalib onu gecənin qaranlığında torpağa tapşırdı və bilinməsin deyə qəbri yerlə bir etdi. Düşmənləri tamam çaşdırmaq üçün qırx simvolik qəbr düzəltdi. Başda İmam Əli olmaqla Fatimeyi-Zəhranın övladları, bəzi əshabələr və Həzrət Zəhranın yaxın qohumları qəbrin yerini bilirdilərsə də, Həzrət Fatimə ciddi bir şəkildə və qəbrinin gizli qalmasını israr etdiyi üçün bunların heç biri qəbrin yerini kimsəyə bildirmədi. Əhli-Beyt İmamları da, şübhəsiz ki, qəbrin yerini bilirdilər, lakin bəzi şəxslər istisna olmaqla sirri heç kimə açmadılar. Buna görə də Həzrət Zəhranın qəbrinin yeri haqqında bir-birinə zidd olan fikirlər söylənilmiş və bu mövzuda tarixçilər arasında da ixtilaflar vardır. Bəziləri qəbrin Peyğəmbərin "Rövzeyi-Mütəhhərə”sində ("Pak bağça”sında, yəni Peyğəmbərin qəbri ilə minbəri arasında), bəziləri Fatimənin öz evində, bəziləri Bəqi qəbiristanlığında və bəziləri də İmam Əlinin qardaşı Uqeylin evinin yanında olduğunu demişlər. Əllamə Məclisi Mühəmməd ibn Əbinəsrin belə bir fikir söylədiyini demişdir: "Həzrət Əbülhəsəndən (İmam Rzadan) "Fatimənin qəbri haradadır?” – deyə soruşduqda "Öz evində dəfn edildi, lakin məscid genişlədildirildikdən sonra qəbir məscidin içinə daxil oldu” – deyə cavab verdi”.

 

HZ. FATİMƏNİN FƏZİLƏTLƏRİ

Peyğəmbər (s) belə buyurmuşdur: "Dünya qadınlarının ən üstünü dörd qadındır: "İmranın qızı Məryəm, Mühəmmədin qızı Fatimə, Xuvəylidin qızı Xədicə və Fironun xanımı Asiyə” [10].

Peyğəmbər buyurmuşdur: "Fatimə (ə.s.) Cənnət qadınlarının ən üstünlərindəndir” [11].

Peyğəmbər belə buyurmuşdur: "Qiyamət günü olduqda Haqqın münadisi ərşi-ilahidən belə nida edər: "Ey insanlar, gözlərinizi bağlayın, o vaxta qədər ki, Fatimə siratdan keçsin” [12].

İbn Abbas belə deyir: "Rəsulullahdan: "Hz. Adəmin Rəbbindən aldığı və onlar vasitəsilə də tövbəsinin qəbul olduğu kəlmələr hansılardır?” – deyə soruşdum. Həzrət cavab verdi: "Hz. Adəm Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyni vəsilə edərək Allaha dua etdi və bu səbəblə də tövbəsi qəbul oldu” [13].

Peyğəmbər (s) buyurmuşdur: "Əli olmasaydı, Fatiməyə layiq bir ər olmayacaqdı” [14].

İmam Sadiq (ə) buyurmuşdur: "Fatimə (ə.s.) Allah qatında doqquz adla çağırılır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddisə və Zəhra. Fatimə deyilməsinin səbəbi, şər və pisliklərdən qorunması üçündür. Əgər Əli (ə) olmasaydı, Fatimə üçün layiq bir ər tapılmayacaqdı” [15].

Peyğəmbər (s) buyurmuşdur: "Fatimə bədənimin bir parçasıdır, ona əziyyət verən mənə əziyyət vermişdir, onu razı salan məni razı salmışdır” [16].

 

HZ. FATİMƏNİN İMAN VƏ İBADƏTİ

Rəsulullah (s) Fatimə (ə.s.) haqqında belə söyləmişdir: "Allah-Taala qızım Fatimənin qəlbini və əzalarını imanla elə doldurmuşdur ki, Allahın itaəti üçün özünü bütün məşğuliyyətlərdən uzaq tutmaqdadır” [17].

İmam Həsən (ə) belə buyurmuşdur: "Anam Zəhranın cümə axşamı sabaha qədər aləmlərin Rəbbinə ibadət etdiyini gördüm. Sabah günəş çıxana qədər daima rüku və səcdə halında idi. Möminlərin bir-bir adlarını zikr edib onlar üçün dua edirdi, ancaq özü üçün heç dua etmədi. Bunu görüncə belə dedim: "Anacan, niyə özün üçün dua etmədin?” Cavab verdi: "Əvvəlcə qonşu, sonra ev (yəni insanın özü)” [18].

Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: "Qızım Fatimə aləmdəki qadınların ən üstünüdür, bədənimin bir parçasıdır, gözümün nurudur, qəlbimin meyvəsidir, bədənimdəki ruhumdur, insan şəklində bir huridir. İbadət mehrabında ayağa qalxdığı zaman ulduzlar yer üzündəkilərə nur saçdığı kimi onun nuru da göydəki mələklərə nur saçar. Allah-Taala mələklərinə belə buyurar: "Ey mələklərim, cariyələrimin ən üstünü olan cariyəm Fatiməyə baxın, (baxın görün) qarşımda necə namaz üçün ayağa qalxmışdır, Mənim qorxumdan bədəninin əzaları titrəyir, qəlbi ilə Mənə ibadətə yönəlmişdir. Ey mələklər, şahid olun ki, Fatimənin tərəfdarlarını Cəhənnəm atəşindən amanda saxladım” [19].

İmam Həsən (ə) isə belə söyləmişdir: "Dünyada Fatimədən daha abid bir kimsə yoxdur. Allaha ibadət etməkdə o qədər ayaq üstə durardı ki, ayaqları şişərdi” .

Əlbəttə, Quranın nazil olduğu mərkəzdə doğan, vəhy evində böyüyən, gecə və gündüz Quran səsi ilə həşr-nəşr olan, Mühəmməd kimi bir atanın elmindən faydalanan və Əli kimi bir ərin evində yaşayan bir şəxsin ibadətdə belə böyük bir məqamının olması və ruhuna iman nurunun təcəlli etməsi təbiidir.

 

FATİMƏ VƏ ƏLİNİN ƏZABLI HƏYATI

Əli bir müddət o qədər çətin bir vəziyyətə düşmüşdü ki, Fatimə vəziyyətini atasına demək üçün onun yanına getdi. Qapını döydü. Peyğəmbər (s) Ümmüəymənə belə buyurdu: "Çox güman ki, qızım Fatimədir, qapını aç”. Ümmüəymən qapını açdı. Fatimə evə girib salam verdi və atasının hüzurunda oturdu. Rəsulullah belə buyurdu: "Fatimə, sən heç bir zaman bu vaxt bizim evə gəlməzdin, indi nə olub ki?” Fatimə cavabında: "Ya Rəsuləllah, mələklərin yeməyi nədir?” – deyə ərz etdi.

Həzrət: "Allahın həmdidir!” – buyurdu.

Fatimə: "Atacan, elə isə bizim yeməyimiz nədir?” – dedi.

Həzrət buyurdu: "Allaha and olsun ki, bir ay olar ki, Ali-Mühəmmədin evində ocaq qalanmır. Gözümün nuru, gəl Cəbrayılın mənə öyrətdiyi beş kəlməni sənə öyrədim. De ki:

"Ey əvvəlkilərin və sonrakıların Rəbbi, ey yeganə qüvvət və güc sahibi, ey miskinlərin bağışlayıcısı və ey mərhəmət edənlərin ən mərhəmətlisi” .

Hz. Fatimə duanı öyrənib evinə qayıtdı.

Hz. Əli: "Haradaydın?” – deyə soruşdu.

Fatimə: "Dünya tələb etmək üçün getmişdim, fəqət axirət üçün düstur alıb qayıtdım” – dedi.

Hz. Əli: "Elə isə bu gün günlərinin ən xeyirlisidir” – deyə buyurdu.

Bir gün Peyğəmbər (s) Fatiməni ziyarət edib hal-əhvalını soruşdu. Fatimə cavabında belə dedi: "Atacan, xəstəyəm, bundan daha da pisi yeyiləsi heç nəyin olmamasıdır”.

Həzrət buyurdu: "Əcəba, dünya qadınlarının ən üstünü olmağın sənin üçün yetərli deyilmi?”[20]

 

HZ. ƏLİNİN NƏZƏRİNDƏ FATİMƏ (Ə.S.)

Bir qadını tanımanın ən gözəl yolu ərinin onun haqqında dediyi sözdür, çünki ər öz həyat yoldaşını digərlərindən, hətta anasından və atasından da daha yaxşı tanıyır və onun düşüncə, hal və vəziyyətini, yaxşı və ya pis adətlərini daha yaxşı bilir. Buna görə də Hz. Əli (ə) həyat yoldaşı Fatiməni hər kəsdən daha yaxşı tanıyar və onu başqalarından daha yaxşı tərif və vəsf edə bilərdi. Əmirülmöminin Əlinin Hz. Fatimə haqqında çox sözləri vardır, lakin mən burada o Həzrətin sadəcə iki sözünü zikr etməklə kifayətlənirəm: İlk sözü evləndikləri günün ilk sabahı Rəsulullahın sualına cavab olaraq buyurduğu sözdür. Rəsulullah Əlinin evləndiyi günün ilk sabahı zifaf otağına gəlib kürəkənindən: "Həyat yoldaşın haqqında nə deyə bilərsən?” – deyə soruşdu. Hz. Əli cavabında: "Allaha itaət etmək üçün ən yaxşı yardımçıdır” – dedi[21].

İkinci sözü isə Hz. Fatimənin ömrünün ən son saatlarında buyurduğu sözdür. Əmirülmöminin Əli və Fatimə o son saatlarda baş-başa qaldılar. Fatimə vidalaşmanın ən son saatlarında Əliyə belə dedi: "Əmioğlu, səninlə yaşadığım müddətdə qətiyyən sənə yalan danışmadım, xəyanət etmədim və heç bir vaxt sənə qarşı çıxmadım”.

Əli (ə) da cavabında belə buyurdu: "Haşa, sənin Allahı tanıma məqamın, yaxşılığın, təqvan və Allahdan qorxun mənə qarşı gəlib, səni qınamamdan çox-çox ucadır; sənin (bu dünyadan) ayrılmağın mənə çox ağır gəlir”[22].

Hz. Əli evlilik həyatının başlanğıcında Hz. Fatiməni Allaha itaət etmək üçün ən yaxşı yardımçı olaraq vəsf etdi: "Allaha itaət etmək üçün ən yaxşı yardımçıdır”, – cümləsi qısa bir cümlə olmasına baxmayaraq, çox əhatəlidir. Bu cümlədə evlənmənin hədəfinin, insanın həyat yoldaşından Allaha itaət etmək üçün yardım almaq olduğunu bəyan etdi. Həyat yoldaşı Hz. Fatiməni bu işdə daha çox müvəffəq olmaq üçün ən yaxşı bir köməkçi kimi gördü. Fatimənin ən son vida saatlarında da onun ürfan, gözəl iş icra etməkdə, təqva və Allahdan qorxma məqamını öydü və keçmişdəki görüşünü təyid etdi. Başa düşülür ki, Hz. Fatimə evlilik müddəti boyunca Allaha itaət etməkdə və vəlayətin ağır məsuliyyətlərini icra etməkdə o Həzrətə mane olmadığı kimi həyatın bütün yönlərində onun yardımçısı da olmuşdur.

Hz. Əli adi bir müsəlman deyildi. İslamın ikinci seçilmiş şəxsiyyəti, fədakar və güclü bir əsgəri idi. Ədalətli, zahid, səxavətli, yardım edən, bərabərliyə göz qoyan, başqalarını özündən üstün tutan, təqvalı, bir sözlə, müsəlmanların vəlisi və Rəsulullahın xəlifəsi idi. Özü və ailəsi çətinlik içərisində yaşayırdılar və sahib olduqları şeyləri Allah yolunda xərcləyirdilər. Beytülmalı müsəlmanların arasında bərabər olaraq təqsim edirdi; heç kimi başqasından üstün bilmirdi. Hətta özünün, Həsən və Hüseynin payı da başqalarının payından artıq deyildi. Qardaşı Uqeyl Hz. Əliyə ehtiyacını söylədiyi zaman Həzrət digər müsəlmanlara verdiyi paydan bir az artığını ona vermədi.

İmam Sadiq (ə) Hz. Əli (ə) haqqında belə buyurur: "Əli ibn Əbitalib yemək və davranışı baxımından hər kəsdən daha çox Rəsulullaha bənzəyirdi. Özü çörək və zeytun yeyərdi, amma xalqa çörək və ət verərdi. Evin suyunu və odununu hazırlayardı; Fatimə (ə.s.) da un üyüdər, xəmir yoğurar, çörək bişirərdi, paltarlarını yuyar və cırıq paltarlarına yamaq vurardı” [23].

Əmirülmöminin Əli (ə) özü üçün hər cür imkanın mövcud olduğu xilafət zamanında dünyaya müraciət edərək belə buyurdu: "Ey aşağı dünya! Mənəmi yönəldin? Yoxsa, mənəmi meyil etdin? Heyhat! Heyhat! Məndən başqasını aldat, mənim sənə ehtiyacım yoxdur, səni artıq dönüşü olmayan üç talaqla boşadım” [24].

Bəli, belə bir şəxsiyyətə sahib idi Əmirülmöminin Əli (ə). Və belə yaşamaq istəyirdi, belə yaşamaq üçün də uyğun bir həyat yoldaşına möhtac idi. Hz. Fatimədən başqa bir qadının onun həyat yoldaşı olmağa ləyaqəti yox idi. Hz. Əli sadəcə onun haqqında belə deyə bilərdi: "Allaha itaət etmək üçün ən yaxşı yardımçıdır”.

Bəli, burada Hz. Fatimənin üstün cəhətləri ortaya çıxır. Onu Hz. Əlinin tək layiqli həyat yoldaşı olaraq tanıya bilirik. Fatimə Hz. Əlinin evində onun istəyinə uyğun yaşadı, Allaha itaət etməkdə və üzərinə düşən vəzifəni yerinə yetirməkdə həmişə o Həzrətin yardımçısı oldu. Hz. Fatimə özü islami davranışları ilə Peyğəmbərin övladı və Hz. Əlinin həyat yoldaşı olmağa ləyaqətli olduğunu isbat etdi. Budur, bu səbəbdəndir ki, Peyğəmbər (s) tərəfindən dünya qadınlarının ən üstünü olaraq tanıtdırıldı. Fatimə İslamın nümunəvi qadınıdır və müsəlman qadınlar ondan həyat dərsi almalıdırlar .

 

HZ. FATİMƏNİN QADINLAR HAQQINDA GÖRÜŞÜ

Əli ibn Əbitalib belə buyurur: "Bir gün bir qrup əshabə ilə Peyğəmbərin hüzurunda olduğumuz zaman Həzrət əshabəyə belə buyurdu: "Qadının məsləhəti nədədir?”

Heç kim doğru bir cavab verə bilmədi. Əshabələr dağıldığı vaxt mən də evə getdim. Rəsulullahın sualını Fatiməyə söylədim. Fatimə belə buyurdu: "Mən cavabını bilirəm, qadının məsləhəti onun naməhrəm bir kişini görməməsi və naməhrəm bir kişinin də onu görməməsindədir” .

Rəsulullahın hüzuruna getdiyim zaman Həzrətə: "Fatimə sualınıza belə cavab verdi” – deyə ərz etdim. Həzrət onun sözündən heyrətlənib belə buyurdu: "Fatimə bədənimin bir parçasıdır” [25].

Əgər insan mənasız hisslərini bir kənara qoyub ağıl ilə düşünsə, nəticəni yaxşıca araşdırsa, ağılı Hz. Fatimənin cavabının qadınların mənfəətlərini təmin edəcək və onların dəyər və məqamlarını cəmiyyətdə qoruyacaq ən gözəl cavab olduğunu təsdiq edəcəkdir. Ona görə ki, əgər qadınlar kişilərin onlardan ləzzət ala biləcəkləri və hər yerdə onlar üçün sapqınlıq vəsiləsi ola biləcəkləri bir şəkildə evdən çıxıb kişilərlə münasibətdə olarlarsa, gənclər əsla evlənmə və ailə qurma məsuliyyəti altına girməzlər. Bu mövzu cəmiyyətin zərərinə olub ana və ataları çıxılmaz vəziyyətdə qoya biləcəyi kimi, qadınların da zərərinə olacaqdır. Əgər qadınlar gözəlliklərini yad kişilərə göstərərək, onları özlərinə cəzb edib minlərlə qəlbi ələ alarlarsa, kişilər, ümumiyyətlə, məhrumiyyətlə qarşı-qarşıya olduqları üçün və qeydsiz-şərtsiz istəklərinə çatdıqlarına görə ruhi xəstəliklər, sinir pozğunluğu və ümidsizliklərə düçar olacaqlar. Bu mövzunun nəticəsi də, ümumiyyətlə, qadınların zərərinə olacaqdır. Buna görədir ki, kişilərdən bəziləri hər cür hiylə və kələkbazlıqlardan istifadə edərək günahsız və saf qızları aldadır və onların iffət və heysiyyət sərmayələrini zədələyir və onları fəsad və bədbəxtlik bataqlığına sürükləyirlər.

Ərli qadınlar ərlərinin digər qadınlara baxdığını, ümumi məclis və toplantılarda onlarla ünsiyyətdə olduqlarını gördükləri zaman qısqanclıq duyğuları baş qaldırır və onlarda sui-zənn yaranır və başqa bu kimi səbəblərə görə isti yuvalarını soyudub dağıdırlar.

Əgər kişi naməhrəm qadınlara baxarsa, istər-istəməz onların arasında öz halal həyat yoldaşından daha gözəl və daha cazibədar bəzi qadınlar görəcəkdir. Çox zaman incidici söz və qınamalarla həyat yoldaşını rahatsız etməyə başlayacaqdır. Yersiz tənqid və bəhanələrlə səfalı ailə ocağını yandırıcı cəhənnəmə döndərəcəkdir.

Müstəqil bir düşüncə ilə şəxsi işinə və iqtisadi fəaliyyətinə başlayan bir kişi əgər işə gedib-gələndə və iş yerində açıq-saçıq, bər-bəzəkli qadınlarla qarşılaşarsa, istər-istəməz cinsi hisslərinin təsiri altına düşəcək və qəlbi onlara ram olacaqdır. Artıq belə bir kişi müstəqil bir fikirlə qazanc, iş, təhsil və elmlə məşğul ola bilməyəcək və iqtisadi fəaliyyətindən geri qalacaqdır. Bu zərərə dözməkdə, şübhəsiz ki, qadınlar da şərik olacaqlar.

Lakin əgər qadın örtülü olarsa, öz məqamını və dəyərini kişinin qəlbində daha yaxşı qoruya bilər. Qadınlar cəmiyyətin ümumi mənfəətlərini daha gözəl qoruyub cəmiyyət üçün daha yararlı və müsbət addımlar ata bilərlər .

İslam qadının örtünməyə riayət etməməsi halında, cəmiyyətdə əxlaqi çöküntünün yaşanacağı, hüzur və əmniyyətin yox olacağı, iffət və həya duyğusunun zəifləyəcəyini bildiyinə görə qadından istəmişdir ki, islami örtünməyə riayət etməklə cəmiyyətdəki bu fəsadın və əxlaqsızlığın qarşısını alsın. Millətin tərəqqi və inkişafına kömək edərək fədakarlıq göstərsin.

Budur, buna görədir ki, vəhy evində tərbiyə görən nümunəvi İslam qadını qadınlar haqqında görüşünü belə bəyan etmişdir: "Qadınların məsləhəti onların naməhrəm kişiləri və naməhrəm kişilərin də onları görmədikləri bir şəkildə yaşamalarındadır” .