Mart 27, 2018 20:31 Asia/Baku
  • Sabah İmam Məhəmməd Təqinin(ə) mövlud günüdür
    Sabah İmam Məhəmməd Təqinin(ə) mövlud günüdür

Sabah çərşənbə, 1439-cu hicri qəməri ili Rəcəb ayının 10-u, 28 mart 2018-ci il dünya şiələrinin doqquzuncu imamı həzrət Məhəmməd Təqinin(ə) səadətli mövlud günüdür.

İmam Məhəmməd Təqi(ə) hicrətin 195-ci ilində, Rəcəb ayının 10-unda Mədinə şəhərində dünyaya göz açıb. O, atası İmam Rza(ə)-ın şəhid edilməsindən sonra müsəlmanlara rəhbərliyin məsuliyyətini öz üzərinə götürür.

İmam Məhəmməd Təqinin(ə) məşhur ləqəblərindən biri Cavaddır.

İmam Rza(ə) övladı Məhəmməd Təqi(ə) barəsində buyurub: "Mən, Musa(ə) kimi elm dəryasını yaracaq bir övlada sahib olmuşam".

İmam Cavad(ə) 8 yaşında imamlıq məqamına yüksəlir və 17 il bu ağır məsuliyyətin  yükünü çiyinləri üzərində daşıyır. O həzrətin imamlıq dövrü uşaqlıq dövründə başlayaraq, gənclik dövründə başa çatıbdır.

İmam Cavad(ə)-ın imamlığı dövründə müxtəlif firqələr formalaşır və sürətlə yayılmağa başlayır. Digər xalqların elmi inkişafı da sürətlə artır. Buna görə də İmam Cavad(ə) elmi və əqidəti məsələlərlə bağlı mübahisələrə qatılaraq, müxtəlif dinlərin nümayəndələri ilə dəyərli elmi bəhslər həyata keçirir.

İran İslam Respublikasında müsəlman əhali İmam Məhəmməd Təqinin(ə) səadətli mövludunun axşamında müqəddəs məkanlara xüsusilə də o həzrətin əziz atası İmam Rza(ə)-ın məqbərəsinə üz tutaraq, şənlik mərasimləri təşkil edir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı olaraq biz də İmam Cavad(ə)-ın səadətli mövlud günü münasibəti ilə dünya müsəlmanlarını təbrik edirik.

Teqlər