Sen 08, 2020 01:17 Asia/Baku
  • Gürcüstanda karantin qaydaları sərtləşdirilir

Gürcüstanda qapalı məkanlarda toy və yas mərasimlərinin, eləcə də müxtəlif tipli digər tədbirlərin keçirilməsinə nəzarət gücləndiriləcək.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş nazir Giorgi Qaxariya söyləyib. Baş nazir deyib ki, sosial mərasimlərin və dini ayinlərin keçirilməsinə nəzarəti gücləndirmək lazımdır. Xüsusilə də bu nəzarət qapalı məkanlara aid edilməlidir:

“Biz bunun əyani nümunəsini Acarıstan bölgəsində gördük. Orada bir neçə ay ərzində çox böyük toy mərasimləri keçirildi və hazırda həmin bölgə virusun yayılma mənbəyinə çevrilib. Buna görə də qapalı məkanlarda sosial tədbirlərin həyata keçirilməsinə bütün ölkə miqyasında sərt şəkildə nəzarət artırılacaq. Qaydalara riayət etməyən vətəndaşlara qarşı ağır cəzalar tətbiq olunacaq”.

Səhiyyə naziri Yekaterina Tikaradze bildirib ki, əvvəllər də bu qaydalarla bağlı vətəndaşlara xəbərdarlıq edilirdi və əməl etməyənlər cərimələnirdi. Bu gündən Əmək Müfəttişliyi Xidməti və Daxili İşlər Nazirliyi birlikdə daha ciddi araşdırma aparacaq və nəticədə cəzalar daha sərt olacaq. Artıq 200 nəfərədək insanın bir yerə toplaşması qadağandır.

Xatırladaq ki, daha əvvəl açıq havada 100 nəfərin iştirakı ilə toy, ad günü, nişan və yas mərasimlərinin, 200 nəfərin iştirakı ilə mədəni kütləvi tədbirlərin keçirilməsinə icazə verilirdi.

Teqlər