Noy 20, 2020 13:27 Asia/Baku
  • Qarabağın statusu necə olacaq?-TƏHLİL

Qarabağ ətrafında baş verən hadisələrin hərbi fazası Azərbaycan Respublikasının hərbi uğurları ilə bitdi. Ondan sonra Azərbaycan-Ermənistan sərhədi müəyyənləşdirilməlidir, təhlükəsizlik zolağı yaradılmalıdır. Dağlıq Qarabağın ərazisində yaşayacaq ermənilərin gələcəyi müəyyən edilməlidir.

 SəhərAzəri xəbər verir ki, rəsmi Bakının bildirdiyinə görə, Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verilməyəcək. Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, Dağlıq Qarabağ da eyni statusu daşıyacaq. Xüsusilə də prezident İlham Əliyev 16 noyabrda Cəbrayıl Rayonunda olarkən deyib ki, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq.

Lakin Rusiya dövlət başçısının bir gün sonra verdiyi açıqlama gündəmi qarışdırdı.

Noyabrın 17-də Rusiya 24 telekanalı ilə müsahibədə jurnalistin “Dağlıq Qarabağın statusu problemi varmı” sualına Vladimir Putin belə cavab verib: "Bəli belə bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bu gün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Zənnimcə, əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, adamlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar”.

Müşahidəçilər bu açıqlamadan belə nəticə çıxarırlar ki, Dağlıq Qarabağın hüquqi statusu məsələsi arxa plana keçməyib. Və həmin məsələ ilə əlaqədar Minsk Qrupunun həmsədri olan dövlətlər arasında məsləhətləşməyə start verilib.

Əlbəttə ki, bu məsələdə Putin Rusiyasının maraqları xüsusi əhəmiyyət daşıyır. Belə hesab etmək olar ki, Rusiya Qarabağı nəzarətdə saxlamaqla öz istəklərini Azərbaycana diktə etməyə çalışacaq və əgər onun geopolitik tələbləri tam şəkildə yerinə yetirilərsə, Dağlıq Qarabağın bütövlükdə Azərbaycana qaytarılmasına yol açılacaqdır. Bunun üçün görəsən hansı tərəf birinci addımı atacaq; Rusiya ya Azərbaycan? Bunu əlbəttə ki, gələcək hadisələrin inkişafı göstərəcəkdir. 

Teqlər