Avq 18, 2016 09:59 Asia/Baku
  • Binalı Yıldırım
    Binalı Yıldırım

Türkiyənin baş naziri deyib: Uğursuz 15 iyul çevrilişinin ardınca bu ölkədə 40 mindən çox nəfər həbs olunub, 79 min 900 dövlət işçisi kənarlaşdırılıb.

IRNA-nın məlumatına görə, Binalı Yıldırım dünən gecə Türkiyə dövlət televiziyası ilə müsahibədə əlavə edib: Uğursuz çevriliş gecəsində və səhərədək Türkiyənin vətəndaşları, təhlükəsizlik və hərbi qüvvələrindən 240, qiyamçılardan isə 36 nəfər öldürüldü və 40 mindən çox nəfər həbs olundu ki, onlardan 20 min 355 nəfər zindana salındı.

O, deyib: Terrorçu Gülən qrupu ünsürlərinin, bu qrupun tabeliyində olan şirkətlər və maliyyə mənbələrinin təmizlənməsi istiqamətində dörd mindən çox müəssisə, şirkət, hüquq orqanı, universitet, xəstəxana, məktəb, radio və televiziya kanalları, qəzet və jurnal bağlanıbdır.

Yıldırımın sözlərinə görə, bu müəssisələrdən 15 vəqf universiteti, 19 fəhlə sindikatı, onlarla radio və televiziya kanalı 35 xəstəxana, 1061 tədris müəssisəsi və 1125 cəmiyyət buraxılıbdır.

Türkiyənin baş naziri çərşənbə axşamı günü gecə də bu ölkə medialarının nümayəndələrilə müsahibədə uğursuz çevrilişdən sonra dövlət universitetlərində geniş təmizləmə əməliyyatı barədə deyib: Çalışırıq ki, öz iradəsilə uğursuz çevrilişdə iştirak etmiş şəxslərin hesablarını bu hərəkətlə zəif əlaqədə olmuş və ya bir növ məcburiyyət qarşısında qalmış kəslərdən ayıraq.

Teqlər