Apr 10, 2018 22:02 Asia/Baku
  • Türkiyə və Qərb arasında gərginlik davam edir
    Türkiyə və Qərb arasında gərginlik davam edir

Son vaxtlar Türkiyə ilə qərb arasında münasibətlər gərginləşməkdədir. Türkiyə terrorçuları dəstəkləməkdə Qərbi, qərb isə müxtəlif metodlarla Türkiyəni suçlayır.

Sanki Türkiyə və Qərb arasındakı buzun əriməsi mümkün deyil. İki ildir ki, bir tərəfdən qərb, digər tərəfdən isə Türkiyə bir-birinə boy-boy deyir. Bir gün suriyalı miqrantlar məsələsində, başqa bir gün Türkiyədə referendum haqda, başqa bir gün isə insan haqları və ya çevrilişçilərin həbsi üzərində, indi də Fransa və ABŞ-ın Türkiyənin terrorçu adlandırdığı şəxsləri dəstəkləməsi üzərində.

Türkiyə rəsmisi deyib: İŞİD təhlükəsi böyük ölçüdə aradan qaldırılıb. Deməli Fransa və ya hər hansı bir ölkənin Suriyada hərbi iştirakına heç bir səbəb yoxdur. Fransa Suriyanın şimalında hərbi iştirak istiqamətində addım atarsa, beynəlxalq qanunlara zidd və bir növ işğalçılıq olacaqdır.

Ankara və Paris arasında gərginlik Mənbicə hərbçi ezam etməyə və suriyalı kürd qüvvələrin dəstəklənməsinə dair Elisey sarayının qərarı ilə bağlı məlumatların yayılması ilə start götürdü.

Türkiyə prezidenti deyib: Qərb terror virusunu öz əlləri ilə yetişdirir. Deməli terrorçulardan şikayətlənməyə haqqı yoxdur. Fransa bizə nəsihət edir. Halbuki həmin ölkə terrorçu qrupları dəstəkləyir və onları Elisey sarayında qarşılayır. Terrorçuları dəstəklədiyiniz zamana qədər həmin bataqlıqda qalacaqsınız.

Bu günlərdə Vaşinqtonla Ankara arasında münasibətlərin o qədər də tərifi yoxdur. NATO-nun iki müttəfiqi YPG və PYD qruplaşmalarının Mənbicdən çıxması və orada təhlükəsizliyin bərpa olunması üçün birgə əməkdaşlıq üzrə razılığa gəlmişdi. Lakin Vaşinqtonun öhdəlikləri yerinə yetirməməsi, Türkiyə rəsmilərinin narazılığına səbəb olub.

Türkiyə hökumətinin sözçüsü deyib:  ABŞ rəsmilərinin açıqlamaları ziddiyyətlidir. Tramp YPG və PYD-yə 200 milyon dollarlıq yardımı dayandırdığını deyir. Amma amerikalıların özləri deyirlər ki, YPG və PYD bizim Suriyadakı şəriklərimizdir. Bu sahədə amerikalıların düşüncələri qarışıqdır.

Qərblə münaqişə Türkiyə ilə NATO-dakı müttəfiqləri arasında yeni boşluq deyil, Türkiyə və bölgədəki hadisələrdə kökü vardır. Gün-gündən də böyüməkdədir.

Türkiyə rəsmiləri terrorçuları dəstəkləməklə bağlı ittiham barmağını qərb və ABŞ-a doğru tuşlayıblar. Son açıqlamada Türkiyə prezidenti deyir ki, biz Avropa və Amerikanın küçələrində gəzən terrorçuları müşahidə etməkdən yorulmuşuq. Biz həmin terrorçularla İraq və Suriyanın şimalındakı dağlarda mübarizə aparırıq.