• Türkiyə və İranın təhlükəsizlik iclası keçirilib
    Türkiyə və İranın təhlükəsizlik iclası keçirilib

İki ölkənin sərhəd təhlükəsizliyi məsələlərini araşdırmaq üçün Türkiyə və İranın təhlükəsizlik üzrə köməkçi komitəsinin 86-cı iclası Türkiyənin Ağrı vilayətində keçirilib.

Ağrı valiliyi bildirib ki, iclasa Türkiyənin Ağrı vilayətinin valisi Süleyman Əlban və İranın Maku şəhrestanının icra hakimi Şahin Əlizadə sədrlik ediblər.

Türkiyənin İğdır valiliyinin başçısı Kamal Durunun, eləcə də İranın Maku və Çaldıran şəhrestanlarının icra hakimlərinin iki ölkədən olan məsul şəxslərlə yanaşı iştirak etdikləri bu iclasda sərhəd təhlükəsizliyi ilə bağlı məsələlər araşdırılıb.

Ağri valisi İran rəsmilərinin iki ölkə sərhədlərində təhlükəsizliyin bərqərarı üzrə səylərini yüksək dəyərləndirərək, deyib ki, iki ölkənin gördüyü tədbirlər nəticəsində regionda terrorizm təhlükəsi minimuma enəcəkdir.

İran-Türkiyə təhlükəsizlik komitəsi hər üç aydan bir, iki ölkədən birinin ev sahibliyi ilə keçirilir.

Aug 02, 2018 19:35 Asia/Baku
Şərhlər