Sen 21, 2017 10:32 Asia/Baku
  • İraq, İran və Türkiyə referenduma bir daha qarşı çıxdı
    İraq, İran və Türkiyə referenduma bir daha qarşı çıxdı

İran, İraq və Türkiyə xarici işlər nazirləri Nyu-Yorkda birgə bəyanat verərək İraqın ərazi bütövlüyü və siyasi birliyini vurğulayıb və kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə qarşı olduqlarını açıq-aşkar bəyan ediblər.

İran, İraq və Türkiyə xarici işlər nazirləri çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının kənarında üçtərəfli görüşdə region məsələləri, xüsusilə də kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum məsələsini araşdırıblar. 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İraq xarici işlər naziri İbrahim Cəfəri birgə bəyanatda bildiriblər: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum planı İŞİD terror qruplaşması ilə mübarizədə İraqın bütün nailiyyətlərini təhlükəyə atıb və regionda nəzarətə alınması asanlıqla mümkün olmayacaq yeni münaqişəni alovlandırır. 

İran, Türkiyə və İraq xarici işlər nazirləri referendumun keçirilməsinə qarşı çıxmaq istiqamətində bütün koordinativ addımların atılması haqda anlaşma əldə edərək İraq Kürdüstanı rəsmilərindən referendumun keçirilməsindən çəkinmələrini istəyib və bildiriblər: Referendum kürdlər və kürd muxtariyyətinin yerli idarəçiliyinin xeyrinə olmayacaq. 

İran, Türkiyə və İraq həmçinin İraq konstitusiyası çərçivəsində konstruktiv danışıqları Bağdad-Ərbil arasında məsələlərin yeganə həll yolu adlandırıb və bu məsələnin həll olunması və gərginliklərin azaldılmasında İran və Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayıblar. 

İran, Türkiyə və İraq xarici işlər nazirləri İŞİD qarşısında İraq ordusunun böyük qələbələrini müsbət qarşılayaraq İŞİD-dən sonra İraqda davamlı təhlükəsizlik və stabilliyin yaradılması üçün səylərin əhəmiyyətli olduğunu qeyd ediblər. 

Teqlər