Fev 16, 2018 09:57 Asia/Baku
  • ABŞ dövlət katibi Türkiyə prezidenti ilə görüşüb

ABŞ dövlət katibi Vaşinqtonla Ankara arasında münasibətlərin gərginliyinin zirvəsində olduğu vaxtda Türkiyə prezidenti ilə görüşərək danışıqlar aparıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsi ilə Vaşinqton və Ankara arasında yaranan gərginliyi azaltmaq üçün cümə axşamı günü Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

ABŞ prezidenti Donald Tramp hökumətinin yüksək səviyyəli diplomatının əsas vəzifəsi ABŞ-ın Suriya siyasəti ilə bağlı Türkiyənin əsəbiliyini azaltmaqdır. Enerji nəhəngi Exxon Mobilin sabiq rəhbəri Yaxın Şərqə səfəri çərçivəsində Ankaraya daxil olaraq Türkiyə Prezident Sarayında Ərdoğanla görüşüb. 

Tillerson cümə günü səhər isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək danışıqlar aparacaq. 

Ekspertlər bildirirlər ki, ABŞ və Türkiyə arasında gərginlik səviyyəsi 2003-cü ildə olduğu kimidir. Belə ki, həmin vaxt Türkiyə İraq ərazisində əməliyyata görə ABŞ-la əməkdaşlıq etmədi. 

ABŞ dövlət katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən öncə, Beyrutda verdiyi açıqlamada ABŞ-ın Suriyanın şimalında kürd yaraqlılara ağır silahlar göndərməsini inkar edib. 

Teqlər