Avq 20, 2018 19:22 Asia/Baku
  • Çavuşoğlu ABŞ-ı tənqid atəşinə tutdu
    Çavuşoğlu ABŞ-ı tənqid atəşinə tutdu

Türkiyə xarici işlər naziri deyib: ABŞ hökumətinin Türkiyə əleyhinə təhdid və sanksiya strategiyası sadəcə iki ölkə münasibətlərində siyasi dalana gətirib çıxarır.

Fars Xəbər Agentliyinin Daily Sabah qəzetinə istinadla verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Antaliyada Serbiya xarici işlər naziri İviça Daçiçlə birgə mətbuat konfransında ABŞ-ın Türkiyə əleyhinə sanksiya tətbiq etməsini bir daha tənqid edərək deyib: ABŞ-ın hazırkı strategiyası ilə Ankara və Vaşinqton arasındakı problemləri həll etmək olmaz. 

Türkiyə xarici işlər naziri ABŞ rəsmilərinin bu ölkənin daxili vəziyyətindən nigaran olduğuna toxunaraq deyib: Ağ Ev Türkiyə əleyhinə iqtisadi savaşı yaradaraq Konqresdə dövri seçkilər üçün bu fürsətdən faydalanmaq niyyətindədir. 

Çavuşoğlu ABŞ-ın Türkiyənin ədliyyə strukturunun qərarları və müstəqilliyinə hörmətlə yanaşmasının vacibliyini qeyd edərək deyib: Vaşinqtondan ziddiyyətli açıqlamalar gəlir, bu da Tramp hökumətində iğtişaşın olduğunu göstərir. 

Türkiyə xarici işlər naziri ABŞ prezidenti Donald Trampın Konqresin F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılması məqsədilə qərarını təsdiqləməsinə toxunaraq deyib: ABŞ bu razılaşmanı birtərəfli şəkildə ləğv edə bilməz. 

Türkiyədə amerikalı rahib Endryu Brunsonun həbs olunması, daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq etməklə bağlı Vaşinqton və Ankaranın qarşılıqlı addımları, eləcə də Türkiyədən idxal olunan polad və alüminiuma rüsumun artırılması iki ölkə münasibətlərinin gərginləşməsinə gətirib çıxarıb. 

Teqlər