Noy 30, 2019 08:28 Asia/Baku
  • Ərdoğandan Makrona cavab atəşi
    Ərdoğandan Makrona cavab atəşi

Türkiyə prezidenti Fransa prezidenti Emmanuel Makronun Türkiyə ordusunun Suriyaya hücumu və NATO-nun fəaliyyəti barədəki sözlərinə reaksiya verib.

Rəcəb Tayyıb Ərdoğan Makronun “NATO beyin ölümü vəziyyətindədir” ifadəsinə cavab olaraq deyib ki, Makronun özü beyin ölümünə düçar olubdur.

Türkiyə prezidenti Makronu təcrübəsiz adam adlandırıb. Soruşub ki, Fransa hansı məqsədlə Suriyada iştirak edir?

Ərdoğan qeyd edib ki, Fransa prezidenti bilmir ki, terrorizmlə mübarizə nə deməkdir. Elə buna görədir ki, sarı jiletlilər Fransanı öz əllərinə keçiriblər.

Fransa prezidenti Emmanuel Makron Parisdə NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında demişdi ki, YPG və PYD-yə qarşı əməliyyata başlamış Türkiyə, NATO ölkələrinin Ankara ilə həmrəylik edəcəyini gözləməməlidir. Makron həmçinin noyabrın əvvəllərində Ekonomist nəşri ilə eksklüziv müsahibədə demişdi ki, Türkiyənin birtərəfli şəkildə həyata keçən Suriyanın şimalına qarşı hərbi əməliyyatı belə bir məsələyə bariz nümunədir ki, NATO beyin ölümünə düçar olubdur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin parlament üzvləri qarşısında Fransa prezidentini terrorizmin himayədarı adlandırmış və demişdi ki, Yelisey sarayı davamlı şəkildə terrorçulara ev sahibliyi edir. Çavuşoğlu əlavə edib: Türkiyənin “sülh bulağı” əməliyyatı terror dövlətinin təşkili planını zərərsizləşdirdi. O, sonra qeyd edib: Biz Suriyada YPG bölmələri və PKK terrorizmi ilə mübarizə aparırıq. Yelisey sarayı isə PKK terrorizminə dəstək verir.