• Əl-Amiri Çavuşoğlu ilə görüşdə: Türkiyə qüvvələri İraqı tərk etməlidirlər

İraqın Əl-Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri cümə axşamı Bağdadda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Türkiyə hərbçilərinin İraqdan çıxmasını istəyib.

Türkiyə ordusu təqribən 6 ay öncə İraqın şimalında PKK terrorçularına qarşı geniş əməliyyata başlayıb. 

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Hadi Əl-Amiri həmçinin, Ankaranın Dəclə çayından İraqın payına düşən suyun azad edilməsinə dair vədinə əməl edəcəyinə ümidvar olduğunu bildirib. 

Mövlud Çavuşoğlu da bu görüşdə su məsələsinin tezliklə öz həllini tapacağını deyərək, əlavə edib: Ankara öz qüvvələrini İraqdan çıxartmağa dair qərar qəbul edəcək. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hadi Əl-Amiri ilə görüşdən öncə İraq prezidenti Bərhəm Saleh, yeni baş nazir Adil Əbdülmehdi, Parlament sədri Məhəmməd Hələbusi və hazırkı baş nazir Heydər Əl-İbadi ilə də görüşüb, danışıqlar aparıb. 

Türkiyənin xarici işlər naziri cümə axşamı İraq rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Bağdada səfər edib. 

Oct 12, 2018 11:47 Asia/Baku
Şərhlər