Jan 17, 2019 10:57 Asia/Baku
  • Livan Hizbullahı Press TV-nin aparıcısının həbs olunmasını qınadı
    Livan Hizbullahı Press TV-nin aparıcısının həbs olunmasını qınadı

Livan Hizbullahı bir bəyanat yayaraq, ABŞ hökumətinin İranın Press TV informasiya kanalının aparıcısı Mərziyə Haşimini həbs etməsini qınayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullahı öz bəyanatında Mərziyə Haşimi və onun ailəsi ilə həmrəyliyini elan edərək, Press TV-nin aparıcısının dərhal azad edilməsini istəyib.

Livan Hizbullahı həmçinin, dünyanın müstəqil medialarından Vaşinqtonun irqçi rəftarları və insan haqlarına zidd davranışlarını ifşa etmələrini istəyib. 

Əslən amerikalı olan Mərziyə Haşimi İranın PressTV informasiya kanalının tanınmış aparıcılarındandır. 

O, bazar günü Sent Luis hava limanında ABŞ polisi tərəfindən həbs edilib. Heç bir səbəb göstərilmədən saxlanılan Mərziyə Haşimi daha sonra Federal Təhqiqatlar Bürosunun (FBİ) Vaşinqtondakı təcridxanasına köçürülüb. 

Mərziyə Haşimi ailəsinə dəymək üçün ABŞ-a səfər etmişdi. 

Həbs edilməsindən dərhal sonra Mərziyə Haşiminin əlləri və ayaqlarına qandal vurulub. Müsəlman olduğunu bildikləri halda zorla hicabını əlindən alıblar. Həmçinin, ona donuz ətindən hazırlanmış yeməklər verərək, halal yeməklərdən məhrum ediblər. 

Mərziyə Haşiminin həbs edilməsindən 4 gün keçir. Amma, hələ də ona qarşı hansısa ittiham irəli sürülməyib. 

Şərhlər