Dek 16, 2019 17:28 Asia/Baku
  • Livandakı etiraz aksiyası qarşıdurma ilə nəticələndi
    Livandakı etiraz aksiyası qarşıdurma ilə nəticələndi

Beyrutun əsas küçə və prospektlərində xüsusilə də bu şəhərin mərkəzində yerləşən Əl-Mərəz prospektində oturaq aksiya keçirən onlarla gənc polis və təhlükəsizlik qüvvələrinə daş ataraq onlarla toqquşub.

İRNA-nın məlumatına görə, livanlı etirazçıların bir qrupu beton bloklar, zibil qutuları və yandırdıqları təkərlərlə barrikadalar qurub. Bunun ardınca  asayiş keşikçiləri yolları açmaq və etirazçıları dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər.

Livanın Mülki Müdafiə Təşkilatı bazar günü dekabrın 15-də aksiyaçılar və təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada hər iki tərəfdən 60 nəfərin yaralandığını bildirib.

Livanın daxili işlər naziri Raya Əl-Həsən bir bəyanat yayaraq, bu ölkə xalqının dinc aksiyalarını yayındırmaq məqsədilə şübhəli ünsürlərin etirazçılar arasına sızdığını söyləyib. Hökumət rəsmisi vurğulayıb ki, bəzi şübhəli ünsürlər siyasi məqsədlər üçün xalq etirazlarından sui-istifadə edərək təhlükəsizlik və ordu qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaratmaq niyyətindədirlər.

Livanın Daxili Təhlükəsizlik Qüvvələrinin baş direktoru İmad Osman etirazşıları qanuna hörmət etməyə və dinc aksiyalar keçirməyə çağırıb.

Beyrutdan daxil olan başqa məlumata görə, Livanın prezidenti və parlamentarilər arasında baş nazir vəzifəsinə namzədin irəli sürülməsi barədə məsləhətləşmə qərara alınıb. 

 

 

Teqlər

Şərhlər