Fev 11, 2020 10:14 Asia/Baku
  • Bakıda islam inqilabının qələbəsinin 41-ci ildönümü qeyd olunub

Fevralın 10-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində islam inqilabının qələbəsinin 41-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəni və ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən İİR-nin Bakıdakı səfiri Cavad Cahangirzadə İranın inqilabdan sonrakı 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir.

İran İslam Respublikasının bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istədiyini qeyd edən diplomat birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığının və dostluğunun əbədi olduğunu deyib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan Prezidenti İlham Əliyev adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən Baş Nazirin müavini qeyd edib ki, ölkələr arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb. 

Teqlər