Apr 01, 2020 22:40 Asia/Baku
  • Azərbaycan Prezidenti: “Azərbaycanda koronavirusa yoluxma çox aşağı səviyyədədir”
    Azərbaycan Prezidenti: “Azərbaycanda koronavirusa yoluxma çox aşağı səviyyədədir”

Azərbaycan Respublikası prezidenti bildirib ki, Azərbaycanda əhalinin sayına görə koronavirusa yoluxma və ölüm çox aşağı səviyyədədir.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib: “Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu gündən etibarən qüvvəyə minmiş qaydalar müsbət dinamikanı gücləndirəcək.

“Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir. Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bax, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır. Ona görə hesab edirəm ki, məruzə etdiyiniz məsələlərin formalaşması artıq tam yekunlaşmalıdır və vaxt itirmədən faktiki ödəmələr də başlanmalıdır və təbii ki, siyahılar da tutulubdur”.

AR-DA COVID-19-A YOLUXMA AŞAĞI SƏVİYYƏDƏDİR

Teqlər