Yan 27, 2017 12:28 Asia/Baku
  • İbrahim Rəhimpur
    İbrahim Rəhimpur

Xəzər dənizinin hüquqi rejiminin təyin edilməsi konvensiyasının tənzimlənməsi üzrə işçi qrupunun 48-ci iclası iki gün davam etdikdən sonra bir bəyanatla işinə yekun vurub.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri müavinlərinin iclasında Xəzər dənizinin hüquqi rejimi konvensiyasının tənzimlənməsinə dair bir sıra məsələlər haqda fikir mübadiləsi aparılıb və bu konvensiyanın tənzimlənməsi bir neçə addım irəliləyib. 

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini və İranın bu iclasa ezam etdiyi beş nəfərlik heyətin rəhbəri İbrahim Rəhimpur bu iclasın sonunda həyata keçirilən müzakirələrdən razılıq edib və deyib: İclas yaxşı idi və Xəzəryanı ölkələrindən iştirak edən hər beş heyət keçirilən müzakirədən və onun nəticəsindən razı idi. 

O əlavə edib: Bu iclasda konvensiyanın bir neçə maddəsi üzərində razılıq əldə olundu və qeydə alındı. Həmişə olduğu kimi bir neçə maddə də növbəti iclaslara saxlanıldı. 

Rəhimpur Xəzər dənizinin hüquqi rejimi konvensiyasının tənzimlənməsi üzrə işçi qrupunun 48-ci iclasında əldə olunan məsələləri önəmli adlandırıb və əlavə edib: Bu baxımdan bütün heyətlər sevinir. 

Mülkiyyət, səlahiyyət, təhlükəsizlik, su əraziləri, balıqçılıq ərazisi, başlanğıc xətləri, sualtı sərhədlərin müəyyənləşməsi, hərbi gəmilərin su ərazilərindən keçməsi, kabel və boru xətlərinin keçməsi bu iclasda irəli sürülən əsas mövzular olub. 

Bu iki günlük iclasda həmçinin beş sahilyanı ölkə üçün önəmli sahələr, o cümlədən ətraf mühit, fövqəladə hadisələr, narkotik maddələrin qaçaqçılığı ilə mübarizə sahəsində beştərəfli əməkdaşlıq sahələri də araşdırılıb. 

Xəzər dənizinin hüquqi rejiminin konvensiyasının tənzimlənməsi üzrə işçi qrupunun 48-ci iclasında qərara alınıb ki, işçi qrupunun növbəti iclası tezliklə Türkmənistanın Aşqabad şəhərində keçirilsin. 

Teqlər