Avq 05, 2017 13:37 Asia/Baku
  • Zərif: Amerikanın yeni dövlətinin hərəkətləri nüvə anlaşması mətnini pozur
    Zərif: Amerikanın yeni dövlətinin hərəkətləri nüvə anlaşması mətnini pozur

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Amerikanın yeni dövləti İranın nüvə anlaşmasının mənfəətlərindən istifadə etməsini əngəlləmək ardıncadır və bu, nüvə anlaşması mətninin pozulması deməkdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İran İslam Respublikasının 12-ci prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşdə Amerikanın nüvə anlaşmasının icrası yolunda yaratdığı problemlərə işarə edərək, deyib: Amerika prezidenti Donald Tramp çalışır ki, İranın xərci ilə nüvə anlaşmasını aradan götürsün və Avropa Birliyinin bu barədə sayıq olması lazımdır.

Zərif həmçinin İranın raket sınaqlarına, eləcə də elmi "Simorğ" süni peyk daşıyıcısının kosmosa buraxılmasına və bu addımların BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsilə təzad təşkil etməməsinə işarə edərək, Amerika ilə müştərək şəkildə verilmiş üç Avropa ölkəsinin son bəyanatını tənqid edib və onu yanlış istiqamətdə atılmış bir addım adlandırıb.

Federika Moqerini də bu görüşdə bildirib ki, dünya ictimaiyyəti nüvə anlaşmasının icrası barədə İranla ortaq maraqlara malikdir. O, deyib: Avropa Birliyi qəti şəkildə nüvə anlaşmasına dəstək verir və bu, bütün Avropa ölkələrinin müştərək mövqeyidir.

Moqerini İranda olmasından və Ruhaninin inauqurasiya mərasimində iştirakdan məmnunluq ifadə edərək, İranın Avropa Birliyi ilə əməkdaşlıqlarının müxtəlif sahələrdə, xüsusən iqtisadi zəminlərdə inkişaf etdirilməsinə təkid edib.

Zərif və Moqerini həmçinin regional məsələlər, Suriya böhranı və bu məsələ ilə bağlı Astana müzakirələri, Fars Körfəzindəki olaylar, Yəmən, Bəhreyn və İraqın vəziyyəti və İŞİD-in təkfirçi terrorizmi ilə mübarizə ətrafında fikir mübadiləsi aparıblar.

İran İslam Respublikasının 12-ci prezidentinin inauqurasiya mərasimi bu gün axşam İranın ölkə və ordu rəsmiləri, həmçinin dünyanın 92 ölkəsindən gəlmiş yüksək vəzifəli rəsmilərin iştirakı ilə İranın İslami Şura Məclisində keçiriləcək. 

Teqlər