Avq 18, 2017 16:53 Asia/Baku
  • General Baqiri İran və Türkiyənin müdafiə əlaqələrinin inkişaf etdirilməsini vurğulayıb

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi İran və Türkiyənin müştərək sərhədlərinə toxunaraq iki ölkənin müdafiə əlaqələrinin genişləndirilməsini vurğulayıb.

General-leytenant Məhəmməd Baqiri Türkiyəyə üç günlük səfərinin sonunda İRİB-ə müsahibəsində Türkiyə rəsmiləri ilə müzakirələrin nəticələrini müsbət qiymətləndirib və müştərək sərhədlərdə təhlükəsizliyin bərpa olunması, terrorçularla mübarizə, Suriya və İraq olaylarını iki tərəfin danışıqlarının əsas mehvəri adlandırıb. 

General Baqiri deyib: İran və Türkiyə İŞİD kimi terror qruplaşmaları və supergüclərin bölgədəki iştirakının mənfi təsirləri ilə mübarizədə eyni mövqeyə malikdir. 

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi çərşənbə axşamı günü yüksək səviyyəli hərbi və siyasi heyətin müşayiəti ilə Türkiyə paytaxtı Ankaraya səfər edib və Türkiyə Ordusu Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akarla görüşərək danışıqlar aparıb. 

General Baqiri bu səfərdə Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan, müdafiə naziri və bu ölkənin bir neçə yüksək səviyyəli hərbi rəsmisi ilə görüşüb. 

Teqlər