Noy 18, 2017 20:57 Asia/Baku
  • Kermanşahda zəlzələdən zərərçəkənlərə humanitar yardımlar davam edir
    Kermanşahda zəlzələdən zərərçəkənlərə humanitar yardımlar davam edir

Kermanşahın ostandarı zəlzələdən zərərçəkmiş məntəqələrdə xilasetmə əməliyyatlarının başa çatmasından və dağıntıların təmizlənməsi əməliyyatının sürətlə həyata keçirilməsindən xəbər verərək, zəlzələdən zərərçəkənlərin müvəqqəti sığınacaqlarda məskunlaşdırılması əməliyyatının sürətlə aparıldığını deyib.

İranın Mənzil Fondunun kənd evləri və rekonstruksiya məsələləri üzrə sədr müavini  fondun zəlzələdən zərərçəkənləri tikinti materialları və maliyyə vəsaiti ilə təmin etməyə hazır olmasından xəbər verib. Əzizullah Məhdiyan deyib: Zəlzələ nəticəsində mənzillərə dəyən zərər və ziyanların dəyərləndirilməsi əməliyyatı gələn həftə başa çatacaq və dosyelərin hazırlanması ilə vətəndaşlar yardımların alınmasına başlaya bilərlər. Dövlət banklarının koordinasiya şurasının sədri də deyib: Bu gündən etibarən bütün banklar zəlzələdən zərərçəkənlərə yardımların ödənilməsi məqsədi ilə dosyelərin hazırlanması üzrə çalışmalara başlayıblar. İranın qərbində baş vermiş zəlzələdən 6 gün ötür. Həyat yavaş-yavaş öz axarına qayıdır.

Bu arada Kermanşah hava limanı gələn yardım yüklərini qəbul etməklə məşğuldur.

Boinq 747 yük təyyarəsi İranın Qırmızı Aypara Cəmiyyətinin zəlzələdən zərərçəkənlər üçün ən iri humanitar  yardım yükünü Kermanşah hava limanına çatdırıb.Təyyarədə 100 ton yük var. İndiyə kimi 508 fövqəladə uçuş həyata keçirilib və ümumilikdə 910 ton yardım yükü Kermanşah hava limanına köçürülüb. Daha sonra bu yüklər helikopterlər vasitəsilə zəlzələdən zərərçəkmiş məntəqələrə çatdırılır.

Qırmızı Aypara Cəmiyyəti indiyə kimi zəlzələdən zərəçəkənlərə 55 min çadır çatdırıldığını və sabahdan etibarən 72 saatlıq və bir aylıq ərzaq paketlərinin çatdırılmasına başlanılacağını bildirib.