Noy 29, 2017 19:28 Asia/Baku
  • İranın birinci vitse-prezidenti Rusiyaya səfər edəcək

İran İslam Respublikasının birinci vitse-prezidenti Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclasında iştirak məqsədilə sabah Rusiyaya səfər edəcək.

Eshaq Cahangiri Rusiyanın Soçi şəhərində keçiriləcək bu iclasda regional həmkarlıqların inkişafı istiqamətində Şanxay hövzəsinin imkanlarından ən yaxşı istifadə barədə çıxış edəcək və xüsusən nüvə anlaşmasından sonrakı dövrdə İranın müxtəlif sahələrdə, o sıradan iqtisadi, elmi və texniki sahələrdəki imkanlarını bəyan edəcək.

Rusiya baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçiriləcək bu iclasda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərindən əlavə, nəzarətçi ölkələrin və bu təşkilata şərik beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən çoxtərəfli mədəni, iqtisadi və təhlükəsizlik həmkarlıqları məqsədi və ABŞ və NATO-nun nüfuzu qarşısında müvazinəti bərqərar etmək hədəfilə yaradılıb.

İran Şanxay Əməkdaşlıq Təşkilatının nəzarətçi üzvü kimi daimi üzvlük əldə etmək üzrə danışıqlar aparmaqdadır.

Teqlər