Dek 11, 2017 19:35 Asia/Baku
  • Xəzərin hüquqi statusunun həll olunmasına ümid çoxdur
    Xəzərin hüquqi statusunun həll olunmasına ümid çoxdur

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında  deyib.

B. Qasemi xatırladıb ki, ötən həftə 5 xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: “Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə konvensiyanın taleyinin Astana şəhərində keçiriləcək prezidentlərin sammitində həll olunmasına ümid çoxdur. Əlbəttə, iclasdan öncə ekspertlər bir daha texniki məsələləri araşdıracaqlar. Düşünürük ki, Astana sammitində ümumi həmrəylik əldə olunacaq”.

İran XİN-in sözçüsü ABŞ prezidenti Donald Trampın məlum qərarına toxunaraq deyib ki, ABŞ-ın öz səfirliyini Beytulmuqəddəsə köçürməsi regionda gərginliyin artmasına səbəb olan aşkar yanlış hərəkətdir.

B. Qasemi qeyd edib ki, bəzi dövlətlər bu məsələdə İslam dünyasına və Fələstinə xəyanət ediblər: “Ərəb Birliyinin Trampın qərarı ilə bağlı bəyanatı gözlənilən kimi qətiyyətli  deyildi və çox zəif idi”.

 

Teqlər