Fev 18, 2018 14:26 Asia/Baku
  • Tehran-Yasuc sərnişin təyyarəsi süqut edib, sərnişinlər arasında sağ qalan yoxdur

"Aseman" hava yolları şirkətinə aid ATR tipli bir sərnişin təyyarəsi bu gün səhər Tehran hava limanından Yasuc istiqamətində havaya qalxdıqdan 20 dəqiqə sonra Səmirom məntəqəsində, Dena dağlıq ərazisində süqut edib.

İranın Qırmızı Aypara Cəmiyyətinin xilasetmə təşkilatının müdiri Mürtəza Səlimi deyib: Kəhkiluyə və Buyirəhməd, Çaharmahal və Bəxtiyarı və İsfahan ostanlarından 20 əməliyyat qrupu hadisə yerinə göndərilib.

Səliminin dediyinə görə, İranın Qırmızı Apara Cəmiyyətinin xilasetmə təşkilatının helikopterləri də tam hazır vəziyyətə gətiriliblər. Amma, təəssüflər olsun ki, hava şəraitinə görə, uçuş imkanı yoxdur.

Səmirom məntəqəsi qarla örtüldüyü üçün keçilməz olub.

Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd də deyib: Təyyarədə olan 66 sərnişinin hamısı həlak olub.

İran İslam Respublikası prezidenti Həsən Ruhani yol və şəhərsalma naziri Abbas Axundiyə təyyarə qəzasının araşdırılması üçün qərargah təşkil etməsi barədə göstəriş verib.

Ən son məlumatlara görə, təyyarənin qalıqlarını tapmaq üçün havadan və qurudan həyata keçirilən axtarışlar indiyə kimi nəticəsiz qalıb və hər biri 5 alpnistdən ibarət olan 2 axtarış qrupu təyyarənin qalıqlarını tapmaq üçün Dena dağına göndərilib