Fev 18, 2018 20:08 Asia/Baku
  • Fuad Məsum: İranın İraqdakı rolu əminlik yaradandır

İraq prezidenti İranın İraqdakı rolunu əminlik yaradan adlandırıb və bu ölkədə sabitlik yaratdığını deyib.

İRNA-nın məlumatına görə, İraq prezidenti Fuad Məsum bazar günü İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşdən sonra jurnalistlər qarşısında deyib: Bağdad İŞİD terrorizmi ilə savaşda İranın İraqa olan hərbi və humanitar yardımlarını heç vaxt unutmayacaq.

Fuad Məsum əlavə edib: İran və İraq arasındakı əlaqələr qədim köklərə malikdir və hər gün bu əlaqələr daha da genişlənir və möhhkəmlənir.

İraq prezidenti İnqilab Rəhbərinin beynəlxalq məsələlər üzrə müşavirinin Bağdada olan səfəri haqda da deyib: İki ölkə rəsmilərinin istəyi əlaqələrin hər gün daha artıq genişlənməsidir.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də jurnalistlərə verdiyi açıqlamada deyib: Heç şübhəsiz İran İslam Respublikası İraqın ərazi bütövlüyünün daha da möhkəmlənməsini istəyir. İraq Kürdüstanını bu ölkədən ayırmağı planlaşdıran düşmənlərin son fitnəsi zamanı İraq prezidenti Fuad Məsum İraqın ərazi bütövlüyünün qorunmasında mühüm rola malik olub.

Əli Əkbər Vilayəti Bağdadda keçirilən İraq İslam Birliyi Konfransında iştirak etmək üçün bu ölkəyə səfər edib.

Vilayəti Bağdadda səfərdə olduğu iki gün ərzində bir qrup din alimi və təqlid mərcəyi, dövlət rəsmisi və siyasi liderlər ilə görüşüb, danışıqlar aparıb.

İran İslam İnqilabının Böyük Rəhbərinin müşaviri bazar günü İraq rəsmiləri ilə görüşlərində ikitərəfli əlaqələr və regionda cərəyan edən son hadisələr barədə fikir mübadiləsi aparıb.

Teqlər