Fev 21, 2018 13:09 Asia/Baku
  • İranda təyyarə qəzası nəticəsində həlak olanların cəsədlərinin köçürülməsi əməliyyatının yekun mərhələsinə başlanılıb

İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin xilasetmə təşkilatının sədr müavini qəzaya uğramış sərnişin təyyarəsinin sərnişinlərinin cəsədlərinin tapılması və köçürülməsi üzrə yekun əməliyyatın başlanmasından xəbər verib.

Şahin Fəthi son əməliyyatın bu gün səhər saatlarından Dena dağında başlandığını bildirib və deyib: Hər biri 4 nəfərdən ibarət 20 axtarış qrupu, cəsədlərin aşkar edilməsi və köçürülməsi üçün, piyada olaraq təyyarənin süqut etdiyi əraziyə ezam olunub. 

İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin xilasetmə təşkilatının sədr müavini əlavə edib: Hava şəraitinin əlverişli olmamasına və təyyarənin parçalanaraq, dağılmasına görə, cəsədlərin aşkar edilməsi və toplanılması əməliyyatı çox çətinliklə irəliləyir. 

Dena məntəqəsinin icra başçısı Abbas Beheşti də deyib: İndiyə kimi 32 sərnişinin cəsədi aşkar edilib. 

İran İslam Respublikası ordusu Quru Qoşunları komandanı müavini general Nozər Neməti də xilasedicilərin tapılmış cəsədlərin köçürülməsinə nail ola bilmədiklərini deyərək, əlavə edib: Hava şəraitinin əlverişli olmaması və Dena dağında dəyişkən hava şəraitinin olması, cəsədlərin köçürülməsi əməliyyatına mane olur. 

İranın "Aseman" hava yolları şirkətinə məxsus ATR tipli sərnişin təyyarəsi bazar günü Tehrandan havaya qalxdıqdan sonra Dena dağı ərazisində süqut edib. Yasuc istiqamətində hərəkət edən bu təyyarədə 60 sərnişin və 6 ekipaj üzvü olub. Hadisədən sağ qurtulan olmayıb. 

Teqlər