Fev 21, 2018 20:51 Asia/Baku
  • İranın müdafiə nazirinin Bakı səfərinin xronikası

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri bu gün Bakıda Azərbaycan prezidenti və bir sıra digər rəsmi ilə ayrı-ayrılıqda görüşlər həyata keçirib.

İki günlük rəsmi səfər məqsədi ilə Bakıda olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə Tehranın xarici siyasətinin qonşu ölkələr xüsusilə dost və qardaş Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə əsaslandığını deyərək, əlavə edib: İran ölkələrin ərazi bütövlüyünü himayə edir və problemlərin region ölkələrinin birgə əməkdaşlığı ilə həllinə inanır.

General-mayor Əmir Hatəmi həmçinin deyib: Terrorçuların Suriya və İraqda məğlub olduqdan sonra region ölkələrinə üz tutmaları ehtimalı mövcuddur. Bunu nəzərə alaraq, İran bu xüsusda Azərbaycanlı qardaşları ilə əməkdaşlığa və öz təcrübələrini paylaşmağa hazırdır.

Azərbaycan prezidenti İlham Əliyev də bu görüşdə İran və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə o cümlədən hərbi-müdafiə sahəsində uğurla inkişaf etdiyini deyərək, əlavə edib: İranın müdafiə nazirinin Bakıya səfər etməsi iki ölkənin hərbi-müdafiə sahəsindəki əməkdaşlıqlarının hazırkı durumunu dəyərləndirmək və əməkdaşlıqların perspektivini araşdırmaq üçün münasib fürsət sayılır.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi daha sonra Azərbaycanın baş naziri Artur Rasizadə ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər diqqət mərkəzində olub.

General-mayor Əmir Hatəmi bu görüşdə İran və Azərbaycan arasındakı dərin tarixi və mədəni bağlara işarə edərək, deyib: Hal hazırda iki ölkənin hərbi-müdafiə əməkdaşlıqlarının səviyyəsi çox yaxşıdır və ümidvaram bu əlaqələr strateji əməkdaşlıqlar səviyyəsinə yüksəlsin.

Azərbaycanın baş naziri Artur Rasizadə də bu görüşdə Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsinə təkid edərək, deyib: İki ölkə arasındakı dərin bağları nəzərə alaraq, İran və Azərbaycan əlaqələri bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində inkişaf etdirilməlidir.

Azərbaycanın hərbi sənaye naziri Yavər Camalov ilə görüş İranın müdafiə nazirinin səfər proqramına daxil olan digər görüşlərdən olub.

General-mayor Hatəmi və Yavər Camalov bu görüşdə birgə hərbi təchizatların istehsal edilməsi, texniki-hərbi əməkdaşlıqlar və yeni texnologiyalardan istifadə üzrə danışıqlara malik olublar.

General-mayor Hatəmi bu gün Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə də görüşürb, danışıqlar aparıb.

General-mayor Hatəmi Zakir Həsənov ilə görüşdən sonra birgə mətbat konfransında deyib: İran İslam Respublikasının prinsipial siyasəti beynəlxalq qanun və qaydalar çərçivəsində regionölkələrinin təhlükəsizliyini təmin etmək və beynəlxalq sərhədlərə hörmətlə yanaşmaqdır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da bu mətbuat konfransında Tehran və Bakı arasında əməkdaşlıq imkanlarının geniş olduğuna işarə edərək, deyib: İki tərəf hərbi təlimlərlə bağlı əməkdaşlıqların genişləndirilməsi haqda razılığa gəlib.

İranın müdafiə naziri sabah Azərbaycanın hərbi və müdafiə mərkəzlərinə baxış keçirəcək.