May 21, 2018 14:00 Asia/Baku
  • Qasemi: Heç kim İranı hansısa işə məcbur edə bilməz
    Qasemi: Heç kim İranı hansısa işə məcbur edə bilməz

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Suriyadakı iştirakının rəsmi Dəməşqin istəyi əsasında olduğunu bildirərək, deyib: Suriyanı, bu ölkə hökumətinin icazəsi olmadan Suriyaya daxil olanlar tərk etməlidirlər.

Bəhram Qasemi İranın Suriya hökuməti ilə əməkdaşlıqları barədə də deyib: Heç kim İranı hansısa işə məcbur edə bilməz. İran İslam Respublikası müstəqil siyasətlərə malikdir. Bizim Suriyadakı iştirakımız bu ölkə hökumətinin istəyi əsasındadır və bizim məqsədimiz terrorizm ilə mübarizə aparmaqdır. Terrorizm təhlükəsinin olduğu və Suriya hökumətinin istədiyi zamana kimi İran öz yardımlarını davam etdirəcək. Suriyanı, icazəsiz olaraq bu ölkəyə daxil olanlar tərk etməlidirlər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra mübarək Ramazan ayının gəlib çatması və Xorrəmşəhrin azad edilməsinin ildönümü münasibəti ilə təbrik edərək, Fələstin xalqının qırğın edilməsi haqda deyib: Bu addımı məhkum edirik və ümidvaram bir gün bu zülm başa çatacaq və Fələstin xalqı öz azadlığını əldə edəcək.

Qasemi həmçinin İraqı İranın yaxşı qonşusu adlandırıb və Tehranın İraq xalqının istəyinə hörmət etdiyini bildirib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın nüvə anlaşmasından çıxması və bundan sonrakı mərhələdə İran və Avropa arasındakı əməkdaşlıqların formatına dair sualın cavabında isə deyib: ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra yeni şərait yaranıb. Biz Avropa ölkələrinə, fürsətin az olmasını nəzərə alaraq, lazımi qərarlar qəbul etmələrini tövsiyə edirik.

Teqlər