Avq 03, 2018 14:05 Asia/Baku
  • Zərif Sinqapurda Çin və İndoneziyanın Xİ nazirləri ilə görüşüb
    Zərif Sinqapurda Çin və İndoneziyanın Xİ nazirləri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Sinqapurda Çin və İndoneziyanın XİN başçıları ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, ASEAN-ın xarici işlər nazirləri iclasında iştirak etmək üçün Sinqapura səfər edən Məhəmməd Cavad Zərif bu gün Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə Çini İranın önəmli şəriki adlandırıb və iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsini istəyərək, İranın Hərtərəfli Birgə Təşəbbüs Planından (nüvə anlaşması) faydalana bilməsi üçün innovativ yolların tapılmasına təkid edib.

Çinin xarici işlər naziri Vanq Yi də bu görüşdə Pekin-Tehran münasibətlərinin dostluq, strateji və hərtərəfli əlaqələr olduğunu bildirib və deyib: Hər iki ölkə ikitərəfli, regional və beynəlxalq münasibətlərdəki əməkdaşlıqlarını o cümlədən nüvə anlaşmasının qorunması üzrə səylərini davam etdirəcəklər.

İranın xarici işlər naziri Sinqapurda İndoneziyalı həmkarı Retno Marsudi ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıqlar, nüvə anlaşması habelə, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Zərif çərşənbə günü axşam Şri Lankaya olan iki günlük səfərinin ardınca ASEAN iclasında iştirak etmək üçün Sinqapura səfər edib. Zərif dünən ASEAN iclasında iştirak edərək, İranın ASEAN ilə ikitərəfli əməkdaşlıq sənədini imzalayıb. İranın xarici işlər naziri həmçinin, ASEAN iclasının kənarında Malayziya, Rusiya, Filippin, Türkiyə və Vyetnamın xarici işlər nazirləri habelə, Sinqapurun prezidenti, baş naziri və xarici işlər naziri ilə də görüşüb danışıqlar aparıb.

Teqlər