Noy 05, 2018 18:52 Asia/Baku
  • Qasımi: İran - Aİ maliyyə mexanizmi yaxşı irəliləyişə malikdir
    Qasımi: İran - Aİ maliyyə mexanizmi yaxşı irəliləyişə malikdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran və Avropa İttifaqı arasında maliyyə mexanizminin çox yaxşı irəliləyişə malik olduğunu deyib.

İranın XİN sözçüsü Bəhram Qasımi bazar ertəsi yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin icraya qoyulması ilə Avropa İttifaqının bu sanksiyaların önlənilməsi istiqamətindəki tədbirləri və İran ilə ticarət əlaqələrinin davam edə bilməsi üçün maliyyə mexanizminin durumu ilə bağlı deyib: Maliyyə mexanizminin yaradılması mürəkkəb mexanizmdir. Xüsusilə, bir çox Avropa ölkəsinin bu məsələdə öz mövqeyini elan etməsi lazımdır.

Bəhram Qasımi ABŞ-ın nüvə sanksiyalarını bərpa etməsi və bu sanksiyaların zərərsizləşdirilməsi üzrə atılan addımlara gəlincə deyib: Bunun özü bir növ ABŞ-a qarşı sanksiyaların tətbiq edilməsinə bənzəyir. Çünki, bu ölkə bütün beynəlxalq öhdəlikləri pozur və İrana qarşı sanksiyaların bərpa edilməsi Vaşinqtonun beynəlxalq mexanizmlər əsasında işləyə bilmədiyini, dünya səviyyəsində təcridə məruz qaldığını göstərir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Bir çox ölkənin ABŞ-ın sanksiyalarını dəstəkləməməsini nəzərə alaraq, yeni sanksiyalar psixoloji savaşdan başqa bir şey deyil. Və strateji dözümlülük ilə planlaşdırılmış mexanizmlər əsasında habelə, digər ölkələrin əməkdaşlığı ilə bu sanksiyaları zərərsizləşdirmək mümkündür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Suriya böhranı ilə bağlı son İstanbul iclasında İranın iştirak etməməsinə dair sualın cavabında isə deyib: İran İslam Respublikası elə ilk başdan bu iclasın gedişi və onda müzakirəyə çıxarılan məsələlər barədə məlumatlandırılmışdı. Bundan başqa İranın bütün iclaslarda iştirak etməli olduğuna dair bir qərar da  yoxdur.

Qasımi İranın iki şəriki olan Rusiya və Türkiyənin Suriya böhranının həllinə dair İstanbul iclasında iştirak etdiyini deyərək, əlavə edib: Bu iclas Astana müzakirələrinin davamı sayılır.

Qasımi İran xarici işlər nazirinin ötən çərşənbə axşamı Pakistana olan səfəri və bu ölkə rəsmilərinin Yəməndə savaşın sonlandırılması üçün vasitəçiliyə hazır olduqlarını elan etmələri barədə də deyib: Məhəmməd Cavad Zərifin Pakistana olan səfəri terrorçular tərəfindən oğurlanmış iranlı sərhədçilərin azad edilməsi üzrə səylərin davamında baş tutub.

Teqlər