Dek 17, 2018 17:47 Asia/Baku
  • Qasemi: İran və İraq arasındakı yaxşı əlaqələr davam edir
    Qasemi: İran və İraq arasındakı yaxşı əlaqələr davam edir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran və İraq ABŞ-ın təxribatçı hərəkətlərinə rəğmən, çox yaxşı ikitərəfli əlaqələrə malikdirlər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bazar ertəsi günü yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransında ABŞ-ın İran ilə iqtisadi əlaqələrini azaltması üçün İraqa təzyiq göstərməsi haqda deyib: İraq yaxşı qonşu və İranın  yaxşı iqtisadi şəriklərindən sayılır. ABŞ-ın iki ölkə əlaqələrində böhran yaratmaq üzrə səyləri bu əlaqələrə heç bir təsir buraxa bilməz. 

Qasemi İranın xarici işlər nazirinin Qətərə olan səfəri və yeni regional diplomatiyanın formalaşması haqda da deyib: İranın regional siyasətləri reallıqlara əsaslanan bir siyasətdir və İran regional məqsədlərini izləyir. 

Qasımi Rusiya və Çinin dövlət şirkətlərinin İranın neft və qaz sektorunun inkişaf etdirilməsində iştirakdan imtina etmələri haqda da deyib: İranın neft layihələrinin inkişaf proqramında iştirak edən ölkələrin rəsmən bəyanat yaymadıqları zamana kimi bu kimi xəbərlərə əhəmiyyət verməmək lazımdır. Bu arada ABŞ iri şirkətlərə İran ilə əməkdaşlıq etməmələri üçün güclü təzyiqlər göstərir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı haqda da deyib: Heç bir ölkə Suriya dövlətinin icazəsi olmadan bu ölkə ərazisində hər hansı bir əməliyyat həyata keçirə bilməz. Bu, İran İslam Respublikasının ümumi siyasətidir. Əgər bu prinsipə riayət olunmazsa, Astana sülh müzakirələrinin gedişində problem yarada bilər. 

Qasımi İranın Yəməndə atəşkəslə bağlı əldə edilən anlaşmanı dəstəkləməsi haqda da deyib: Ərəbistanın Yəmənə təcavüz etdiyi zamandan Tehranın bu məsələ ilə bağlı mövqeyi tam aydın olub. İran İslam Respublikası Yəməndə atəşkəsin bərqərar edilməsinə dair 4 bəndlik layihə təqdim edib. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, ümidvarlıq edib ki, Stokholm iclası Yəmən xalqı üçün yeni başlanğıc olaraq, bu ölkəyə qarşı təcavüzlərin dayandırılmasına kömək etmiş olsun. 

Qasımi amerikalı senatorların Ərəbistana qarşı Qaşıqçı olayı ilə bağlı sərt mövqeləri haqda da deyib: Tramp hər gün düşünülməmiş bir siyasət ilə yeni bir məsələni gündəmə gətirir. Bu adam dünyanın bir çox ölkələri barədə təzadlı rəftara malikdir və insaf və məntiqə malik deyil. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü son Fransa olayları haqda da deyib: Fransa məsələsi daxili bir məsələdir. Amma, bu ölkə hökuməti etiraz aksiyaları qarşısında təmkinli davranmalıdır. 

Teqlər