Yan 10, 2019 19:07 Asia/Baku
  • İran - İraq enerji əməkdaşlıqlarının genişləndirilməsinə təkid edildi

İran və İraqın neft nazirləri enerji sektoru başda olmaqla bütün sahələr üzrə əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər.

İRNA-nın məlumatına görə, İraqın neft naziri Samir Əl-Qəzban bu gün cümə axşamı İranın neft naziri Bijən Zəngənə ilə birgə mətbuat konfransında deyib: Bu günkü müzakirələr bir ay öncə OPEK iclasının kənarında baş tutan görüşdə edilən müzakirələrin davamı idi və əsas məqsəd iki ölkə arasında əməkdaşlıq yollarını araşdırmaqdır. 

İran - İraq əlaqələrini yaxşı və möhkəm əlaqələr adlandıran İraqın neft naziri əlavə edib: İki tərəf siyasət və iqtisadiyyat sahəsində olduğu kimi enerji sektorunda da əlaqələrin genişləndirilməsinə çalışır. 

İranın neft naziri Bijən Zəngənə də İraqın baş naziri və elektrik enerjisi naziri ilə olan görüşlərinə işarə edib və deyib: Bu görüşlərdə iki ölkəni maraqlandıran məsələlər müzakirə edildi. 

Zəngənə İran və İraq arasında bir çox tarixi və mədəni bağların olduğunu xatırladıb və deyib: Tehran və Bağdad həm ikitərəfli münasibətlərdə həm də beynəlxalq təşkilatlarda çox yaxşı əməkdaşlığa malikdirlər. 

Zəngənə bu görüşdə həmçinin, bir daha ABŞ-ın İrana qarşı sanksiyalarının qanunsuz olduğunu vurğulayıb. 

İranın neft naziri İraqın baş naziri Adil Əbdülmehdi ilə də görüşüb, danışıqlar aparıb. 

Statistik məlumatlara görə, İran Bəsrə, Diyalə və Əmmarə marşrutları ilə İraqa 1350 meqavat elektrik enerjisi nəql edir. İranın İraqa qaz ixracatı da hazırda təqribən 15 milyon kub metrdir. İki tərəf arasında razılaşdırılmış bütün enerji layihələrinin icra edilməsi ilə bu rəqəmin 40 milyon kub metrə çatacağı gözlənilir. 

Teqlər