Avq 21, 2019 11:21 Asia/Baku
  • Təxte Rəvançi: Xarici qüvvələrin Fars Körfəzində iştirakı səbatsızlaşdırıcıdır
    Təxte Rəvançi: Xarici qüvvələrin Fars Körfəzində iştirakı səbatsızlaşdırıcıdır

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən gecə Fars Körfəzinin təhlükəsizliyinin qorunmasını onun sahilindəki ölkələrin vəzifəsi adlandırıb və deyib ki, xarici qüvvələrin bu strateji su yolunda iştirakı və müdaxiləsi səbatsızlaşdırıcı və qəbulediməzdir.

Məcid Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə sülh və təhlükəsizlik problemlərinin araşdırılması barədəki iclasında vurğulayıb ki, Fars Körfəzi bölgəsində naviqasiyanın təhlükəsizliyi üçün süni koalisiyaların yaradılması üzrə hər bir səy məğlubiyyətə uğrayacaq.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bu iclasda Yaxın Şərq bölgəsinin ən əsas və ən uzun qarşıdurmasını Fələstin məsələsi adlandırıb və belə deyib: Bu böhran həll olunmayınca bu bölgədə sülh və təhlükəsizlik qurulmayacaqdır.

Təxte Rəvançi bildirib ki, Fələstin məsələsi bu ölkənin saxta sionist rejim tərəfindən qanunsuz şəkildə işğal edilməsinə görə yaranıbdır. O, qeyd edib ki, bu böhran yalnız işğala son qoymaq yolu ilə həll ediləcək.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi amerikan “əsrin sövdələşməsi” planına da işarə edib və belə deyib: Bu plan Fələstinin qanunsuz işğalı məsələsinə göz yumduğu üçün məğlubiyyətə məhkumdur.

Təxte Rəvançi sonra Amerikanın bölgədəki müdaxilələrinə toxunub və söyləyib: Bu müdaxilələrin nişanələrini asanlıqla İran, Əfqanıstan, İraq, Suriya və Yəməndə görmək olar.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi sonra Amerikanın 1332-ci günəş ili mordadın 28-də, yəni 1953-cü il avqustun 19-da İranın ozamankı baş nazirinə qarşı çevrilişi və 1988-ci ilin iyulunda Fars Körfəzi suları üzərində 66-sı uşaq olmaqla 290 sərnişinə malik İran İslam Respublikasının sərnişin təyyarəsinin vurulması daxil olmaqla Amerikanın İranın daxili işlərinə qarışması və cinayətlərinin siyahısını təqdim edib. Vurğulayıb ki, Amerika Yaxın Şərq problemlərinin əsas amilidir.

Təxte Rəvançi ABŞ-ın İrana qarşı sanksiyaları və təzyiqlərinə də toxunub: Amerikanın təzyiq kampaniyası məğlubiyyətə məhkumdur.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amerika rəsmilərinə xitabən deyib: İran min illər boyu bölgədə olub, min illər bundan sonra da olacaqdır.