Dek 04, 2019 08:04 Asia/Baku
  • Vaezi və Mustafayev ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini Tehranda keçirdikləri görüşdə ikitərəfli əlaqələrin iqtisadi və siyasi sahələr daxil olmaqla müxtəlif sahələrdə inkişaf etdirilməsini vurğulayıblar.

Mahmud Vaezi dünən axşam Şahin Mustafayev ilə görüşdə deyib: Tehran ilə Bakı arasında güzəştli ticarət razılaşması barədə yaxşı irəliləyişlər əldə olunub və iki ölkə əlaqələrinin inkişafı strateji xarakter daşıyır.

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı əlavə edib: İran və Azərbaycan Respublikası siyasi, iqtisadi, mədəni, regional və beynəlxalq məsələlər sahəsində yaxın əməkdaşlıqlara malikdirlər.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də iki ölkə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O, deyib: Bu gün iki ölkə prezidentlərinin siyasi iradəsi sayəsində Tehran-Bakı əlaqələri strateji mahiyyət kəsb edərək, öz tarixində ən yüksək səviyyədədir.

Azərbaycan Respublikasının baş nazir müavini əlavə edib: Tehran-Bakı əlaqələri siyasi, iqtisadi, mədəni, ticari, nəqliyyat və humanitar məsələlər sahələrində inkişaf etməkdədir və Azərbaycan Respublikası bu əlaqələri daha da genişləndirmək əzmindədir.

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı və Azərbaycan Respublikasının baş nazir müavini həmçinin bu görüşdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi yolları və ortaq razılaşmaların icrası prosesinin sürətləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Onlar mövcud olan bütün imkanlardan İran, Azərbaycan Respublikası və region xalqlarının maraqları istiqamətində istifadə üzrə ikiqat səyin göstərilməsinə təkid ediblər.