Mart 30, 2020 08:52 Asia/Baku
  • İranda koronavirusla mübarizə layihəsində 61 milyon nəfərdən çox insan dispanserləşdirilib

İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsi qərargahının katibi ölkədə 61 milyon nəfərdən çox insanın dispanserləşdirildiyini bildirib.

Həmidreza Cəmşidi dünən axşam bildirib ki, koronavirusla bağlı dispanserləşdirmə layihəsinin dünyada tayı yoxdur. O, deyib: Digər ölkələr gigiyena və ictimai məsafəyaratma sahəsində yaxşı əməl ediblər, amma şəxslərin vəziyyətinin təklikdə araşdırılması yalnız İranda həyata keçirilibdir.

Cəmşidi İranda bu layihənin icra olunması ilə xəstəxanalara müraciətin azalmasına işarə edərək, deyib: Dispanserləşdirmə layihəsində indiyədək 17 min xəstə aşkar edilib və xəstəxanaya göndərilibdir ki, onlardan təqribən 5 min nəfər yatırılıbdır.

İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsi qərargahının katibi vurğulayıb ki, dispanserləşdirmə layihəsinin icrası ilə insanların koronavirusdan olan psixoloji iztirabı azalıbdır. O, sonra söyləyib: İranda 140 min xəstəxana çarpayısı və min ədəd xəstəxana mövcuddur ki, bu miqdardan 40 min çarpayı koronavirus xəstələri üçün nəzərdə tutulubdur və hazırda onların çoxusu boşdur.

Cəmşidi həmçinin xəstəxanalara yatırma və ya ayaqüstü müalicə xidmətləri üçün İranda 130 min səhiyyə işçisinin fəaliyyət göstərdiyini bildirib. O, deyib: Hazırda ölkədə 82 laboratoriya fəaliyyət göstərir və ayaqüstü müalicə olunan xəstələrdən də analiz alınır.

İranın səhiyyə nazirliyinin məlumatına görə, indiyədək İranda 38309 nəfər koronavirusa yoluxub. Bu miqdardan iki min nəfərdən çox insan həyatını itirib. Azı 12 min nəfər isə sağalaraq, xəstəxanadan buraxılıbdır.

İRANDA 61 MİLYONDAN ÇOX İNSAN DİSPANSERLƏŞDİRİLİB