Apr 09, 2020 15:11 Asia/Baku
  • Müasir bəşəriyyətin xilaskara ehtiyacı tarix boyu nadir bir məsələdir

İslam İnqilabının Böyük Rəhbəri müasir bəşəriyyətin xilaskara dərin və geniş ehtiyacının hiss olunmasının tarix boyu nadir bir məsələ olduğunu bildiriblər. O həzrət intizarın həqiqi və konstruktiv mənasına, yəni «Açılışa və fərəcə, həmçinin parlaq gələcəyə nail olmaq üçün addım və hərəkətə ümid və inam»a təkid edib və belə söyləyiblər: İran xalqı son xəstəlik sınağında özünü yaxşı göstərdi və onun, tövsiyələrin həyata keçirilməsindəki ümumi nizam-intizamı və rəftarı yaxşıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün, Qaimi Ali-Muhəmməd(əc)-in səadətli mövludunun ildönümü günündə möhtərəm İran xalqına xitab edilən canlı televiziya çıxışında Həzrət Vəliyyi Əsr(əc)-in mövludu münasibətilə İran xalqını, müsəlmanları və dünyadakı bütün azadlıqsevərləri təbrik edərək, elm, ağıl və təcrübəni böyük ilahi nemətlərdən və bir çox problemin həllediciləri adlandırıb, lakin eyni zamanda belə qeyd ediblər: Elm və ağıl indiyədək sübut olunduğu kimi ədalətsizlik düyününü aça bilməz və bəşəriyyətin bu həmişəlik arzusunun həyata keçməsi ilahi qüdrət əlinə ehtiyaclıdır və elə buna görə, Həzrət Bəqiyyətullahuləzəmin böyük tapşırığı, yeri ədalətlə doldurmaqdır.

İslam İnqilabının Böyük Rəhbəri dünyada koronavirus xəstəliyindən irəli gələn vəziyyətə və bu məsələnin hökumətlər və xalqlar üçün qəribə və ümumi bir sınaq olmasına işarə edərək, söyləyiblər: Açılışın intizarı, şiddətdən sonra açılış mənasını da verir. Buna görə, intizar çəkən insan bu hadisədən məyus olub, təlatümə düşmür və öz sakitliyini qoruyaraq, bilir ki, bu vəziyyət şübhəsiz, dəyişəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei Qərb dünyasının koronavirus macərasındakı rəftarı və fəaliyyətini də xatırladıblar.

O həzrət bəzi Avropa ölkələri və Amerika tərəfindən digər ölkələrin maska və əlcəklərinin müsadirə edilməsi, koronavirusdan qorxuya görə, şəxslərin intihar etmələri, yaşlı xəstələrin müalicə olunmamaları, insanların silah almaq üçün növbəyə dayanmaları, satış mərkəzlərinə hücum çəkərək, bir neçə tualet dəsmalı üçün bir-birilərinin canlarına düşmələri və rəfləri boşaltmaları kimi nümunələri sadalayaraq, deyiblər: Bu macərada Qərb mədəniyyəti və sivilizasiyası öz məhsulunu göstərdi ki, bu, fərdiyyətçiliyə, materializmə və ateizmə söykənən Qərb sivilizasiyasına hakim kəsilmiş fəlsəfənin təbii nəticəsidir.

İslam İnqilabının Böyük Rəhbəri 1-ci və 2-ci dünya müharibələri, Vyetnam müharibəsi və Amerikanın Əfqanıstana və İraqa olmuş hücumlarını ötən illərin mühüm və böyük hadisələrindən adlandırıb və belə qeyd ediblər: Koronavirus hadisəsi dünya güclülərinin Fələstin və Yəmən xalqları daxil olmaqla müxtəlif millətlərə qarşı zülm və zalımlıqlarından qəflətə qapılmaya səbəb olmamalıdır. Həmçinin zalım qüvvələrin fitnələri və düşmənçiklərindən qəflətə qapılmaq olmaz. Zira «əgər biz düşmənçilik etməsək, onlar da düşmənçilik etməzlər» deyən bəzilərinin təsəvvürlərinin əksinə olaraq, imperializmin düşmənçiliyi İslam Respublikası və dini demokratiya prinsipi ilədir.

MÜASİR BƏŞƏRİYYƏTİN XİLASKARA EHTİYACI DAHA ÇOX HİSS OLUNUR