Okt 31, 2020 23:35 Asia/Baku
  • Həsən Ruhani Türkiyə dövləti və xalqına başsağlığı verib

İran İslam Respublikası prezidenti İzmirdə baş verən zəlzələ ilə əlaqədar Türkiyə xalqı və dövlətinə başsağlığı verərək, Tehranın zəlzələdən zərərçəkənlərə hərtərəfli yardım etməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı bir müraciətdə, Türkiyənin İzmir şəhərində baş verən və insan tələfatı və dağıntılarla nəticələnən dəhşətli zəlzələdən təəssüfləndiyini bildirərək, Allah təaladan həlak olanların ailələrinə səbir, yaralılara isə təcili şəfa diləyib".

Ruhani, həmçinin İran İslam Respublikası hökumətinin zərərçəkmişlərə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirərək, tezliklə təsirlənən bölgələrdə təhlükəsiz şəraitin bərpa edilməsinə ümidvarlıq ifadə edib.

Eyni zamanda İranın Böhranı İdarəetmə Təşkilatının sədri İsmail Nəccar da Türkiyənin Fövqəladə Hallar İdarəsinin sədri Himmət Güloğluna ünvanladığı bir müraciətdə bu ölkə vətəndaşlarından bir qrupunun həlak olması və yaralanması münasibətilə başsağlığı verərək, İranın hadisə yerinə tibbi, xilasedici və mütəxəssis briqadaları göndərməyə hazır olduğunu bildirib.

Bundan əvvəl, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf türkiyəli həmkarlarına ayrı-ayrı müraciətlərdə, bu ölkə xalqına başsağlığı veriblər.

Qeyd edək ki, Türkiyənin qərbində yerləşən İzmir şəhərində dünən 6.6 bal gücündə zəlzələ baş verib, zəlzələ nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.

Verilən məlumata görə, bu hadisədə indiyədək 39 nəfər həyatını itirib, 885 nəfər isə xəsarət alıb.

Teqlər