Yan 19, 2021 14:31 Asia/Baku
  • İranla Azərbaycan Respublikası arasında tərcihli ticarət haqqında saziş yaxın bir ay ərzində imzalana bilər

İranla Azərbaycan Respublikası arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.

SəhərAzəri xəbər verir, ölkəmizin Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi İranla Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan Respublikasının dövlət komissiyasının həmsədri Şahin Mustafayevlə görüşündə bildirib ki, İranla Azərbaycan Respublikası arasında preferensial (tərcihli) ticarət haqqında sazişin sənədi tam razılaşdırılıb.

İran Administrasiya rəhbəri qeyd edib ki, artıq yaxın 1 ay ərzində bu saziş imzalana bilər. Tərcihli ticarət sazişinin imzalanması ilə Azərbaycan və İran arasında əlaqələr daha da inkişaf edəcək.
M. Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib: "Bu günədək İran Prezidenti Həsən Ruhani ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında 13 görüş keçirilib. Rəsmi Tehran cənab İlham Əliyevin Tehrana növbəti səfərinə ev sahibliyi  etməyə hazırdır. Nazirlər səviyyəsində 100-dən çox nümayəndə gediş-gəliş edib. İki  ölkə arasında 40-dan çox sənəd imzalanıb. Bütün bunlar əlaqələrin inkişafı üçün atılmış addımlardır. Koronavirusun yayılmasına görə məhdudiyyətlərə baxmayaraq İran və Azərbaycan Respublikası arasında əlaqələr davam etdirilir və maneələr aradan qaldırılmaqla əməkdaşlıq artmaqdadır".
İranın hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını deyən M. Vaezi Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edib. O bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib, iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.

İran Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdır.

Öz növbəsində, Ş. Mustafayev bildirib ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.

O əlavə edib ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan Respublikası, İran, Türkiyə, Gürcüstan və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.

Ş. Mustafayev iki ölkə arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini də nəzərə çatdırıb.

İranla Azərbaycan Respublikası arasında preferensial (tərcihli) ticarət haqqında sazişin imzalanması ilə İran və Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin inkişafının daha da artacağını deyən Mustafayev bildirib: "Müştərək layihələrin icrasının tezləşdirilməsi, o cümlədən  Xudafərin bəndi layihəsinin və iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın xüsusilə İran şirkətlərinin azad olmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələlərini ciddi şəkildə diqqətdə saxlayacağıq".

Image Caption

 

Teqlər