Noy 15, 2015 19:11 Asia/Baku
  • ikili standartlar: Bəşəri və qeyri-bəşəri terror?
    ikili standartlar: Bəşəri və qeyri-bəşəri terror?

Noyabr ayının 13-dən 14-nə keçən gecə bütün dünyada əks-sədaya səbəb olan faciəli hadisə baş verdi. Həqiqətdə də çox ağır bir olay yer aldı və bütün vicdan sahibləri kimi, bizləri də çox sarsıtdı.

Amma onu da qeyd edək ki, bu acı hadisə İŞİD terror təşkilatının uzun illərdir müsəlman ölkələrində həyata keçirdiyi insanlığa qarşı terror aktlarından növbətisi kimi idi.

 

Bəli, söhbət dinc vətəndaşlardan gedirsə, deməli bir nəfər də dünyasını dəyişibsə, bu böyük cinayətin səbəbkarları lənətlə qeyd edilməlidir. Son məlumatlara görə 200-ə yaxın insan dünyasını dəyişib və 200-dən çox insan da yaralanıb. Sözsüz ki, böyük faciədir. Nəzərə alsaq ki, uzun illərdir sakit həyat tərzinə alışan avropalılarla bağlı baş verir – xüsusilə şok hadisədir. Necə ki, NATO-nun baş katibi Yens Stoltenberq də bu hadisədən şoka düşdüyünü deyib.

 

Yazıda əsas məqsədimiz avropalıların müsəlman ölkələrindəki terror aktlarına susqunluqla yanaşmasını, öz liderlərinin İraq və Suriyada terrora niyə dəstək verdiklərinə susmağlarını qınamaq deyil, sadəcə bəzi Qərb dövlət liderlərinin bu hadisəyə ikili yanaşmasının nədən qaynaqlandığının səbəbləri haqqında kiçik bir araşdırma aparmaqdır.

 

Bu qanlı Fransa terrorundan sonra NATO rəhbərinin "şoka düşdüm" açıqlaması, ABŞ prezidentinin "Bu hücum təkcə Fransaya qarşı deyil, bütün bəşəriyyətə qarşı baş vermişdir. Hamılıqla birlikdə paylaşdığımız bəşəri dəyərlərə hücum edilmişdir. Fransa xalqının yanında olmaq üçün nə lazımdırsa, edəcəyik" cümlələri çox təsiredici bir hisslər yaradır insanda.

 

Obamanın "Bu hücum təkcə Fransaya qarşı deyil, bütün bəşəriyyətə qarşı baş vermişdir" cümləsi lap təsirlidir.

 

Niyə?

Axı sual oluna bilər ki, neçə illərdir İraq və Suriyada ABŞ-ın əli ilə birbaşa olaraq minlərlə insan qətlə yetirilib və milyonlarla insan öz evlərindən didərgin düşüb – bunlar bəşər deyil, bəs nədir? Hər gün İraqda, Suriyada, Yəməndə ticarət mərkəzində, məktəbdə, xəstəxanada, insanların aktiv hərəkət etdiyi küçələrdə eynilə Fransada baş verən terror aktı kimi neçə-neçə bəşəri dəyərlərin məhv edildiyi göz önündə deyilmi?

 

Bütün dünya mətbuatı belə xəbərləri artıq günün sadə xəbərləri kimi yaymaqda davam edir. Çünki, müsəlman qanının axıdılması bugünkü avropalını o qədər də maraqlandırmır. Amma, bir gün avropalı gənclərin teatırda maraqlı səhnələrə tamaşa edərkən bomba səsi eşitməsi, müsəlman təşkilatlarını maraqlandırır və öz təpkilərini göstərirlər.

 

Obamanın məntiqindən belə anlaşılır ki, Suriyada İŞİD kimi vəhşi terrorçuları təlimləndirib günahsız müsəlman toplumlarını məhv edəndə, bəşəriyyətin inkişafına doğru daha bir addımla irəli gedirmişlər. Sən demə, bu gün Suriya və İraqdan milyonlarla insan mühacirət edərək, Avropa küçələrində sərgərdan həyat sürdükdə, bəşərin inkişafına töhfə verirmiş.

 

Bəli, Fransada terror qurbanlarının ailələri küçələrdə qalıbsa, bu, bəşəri faciədir, amma ailəsi terror faciəsində məhv edilən suriyalı ana küçədə qalırsa, Obamanın və Avropa liderlərinin məntiqi ilə bu, sıradan bir hadisədir. ABŞ hərbi təyyarələrinin dəfələrlə Əfqanıstan və Pakistanda toy zamanı bir neçə ailəni bütövlükdə məhv etməsi yəqin ki, Obama məntiqi ilə bəşəri faciə deyil, statistik bir xətadır. ABŞ və Avropa liderlərinin indiyə qədər əməli olaraq müsəlmanları aşağılayan addımlarından çox yazmaq olar.

 

Bu ikili düşüncələr bunlarda bəs haradan qaynaqlanır?

Müsəlman ölkələrində insan haqlarından, seçki sistemindəki pozuntulardan ağızucu, “xala xətrin qalmasın” danışan, bir çox müsəlman ölkəsində isə heç bir seçkinin-filanın heç yerli-dibli olmamasına göz yuman Qərb liderlərində bu korazehinlik haradan qaynaqlanır? Az qala müsəlman toplumlarına necə otur, necə dur əmrlərini verməyi də unutmayan ABŞ və Avropa liderlərini yuxarıdan aşağı danışmağa nə vadar edir?

 

Müsəlman ölkələrində yüzminlərlə sadə vətəndaşın terror qurbanına çevrilməsini sıradan bir hadisə kimi vurğulamaq, amma Avropada baş verənləri isə bəşəri faciə hesab etmək – bəşəri dəyərlərə ikili mövqedən baxmaq deyil, bəs nədir?! Buna əsas səbəblərdən biri də Qərb dövlətlərinin müsəlman ölkələrinə, qədim dövrlərdəki kimi, müstəmləkəçi düşüncə prizmasından baxmağa davam etməsidir.

 

Hegemon qüvvələr ömür boyu bir çox manqurtlaşmış müsəlman ölkə başçıları ilə bazarlıqlara girərək, onları eyş-işrətlə ələ alaraq, ölkələrindəki sadə müsəlmanları tapdaq altına almış və öz kölələrinə çevirməklə məşğul olmuşlar. Yeri gəlmişkən qeyd edək ki, bu zəlil duruma səbəb - müsəlmanların Əhli-Beyt (ə) yolundan sapması, bidətlərlə dolu əldəqayırma təlimlərin bataqlığına yuvarlanması olmuşdur.

 

Deməli, indiyə qədər Qərb liderləri müsəlman toplumlarına, onların başında duran manqurtların prizmasından baxmışlar. Yəni təbəələrini əsarətdə saxlayan, onları adam yerinə qoymayan bu manqurtlar, Qərbin qarşısında quyruq bulamışlar. Və Qərb "müsəlman toplumu" dedikdə, məhz belə bir assosiasiyaları rəhbər tutmuşdur. O müsəlman toplumları da ki, azadlıq əldə edərək müstəmləkəçiliyə son qoymuşlar, Qərbin qıcığına səbəb olmuş, müxtəlif vasitələrlə onları yenidən boyunduruğa salmaq cəhdləri önə çıxmışdır. Yaxın Şərqdə yaşanan bütün konfliktlərin mahiyyətində məhz bu amil durur - əsarətdən qurtulmaq istəyən toplumları minbir üsulla idarəedilən duruma salmaq. Və bu işdə həmin toplumlarda yetişdirilən ünsürlərdən bolluca istifadə edilir, daxili qarşıdurma yaradılır.

 

Bu baxımdan Parisdə törədilən terror, yuxarıda toxunulan müddəalar bütün çılpaqlığı ilə bir daha ortaya qoydu. Və ilk olaraq məhz müsəlman toplumları bundan dərs götürməli, daxili ünsürləri tanıyıb zərərsizləşdirmək üçün kifayət edən ictimai vərdişlər əldə etməlidir.

 

Deyerler.org

Teqlər