Dek 30, 2015 16:51 Asia/Baku
  • İlham Əliyev imkanı qaçırdı; Sanksiyalardan başqa əlac qalmayıb”
    İlham Əliyev imkanı qaçırdı; Sanksiyalardan başqa əlac qalmayıb”

David Kramer: “İlham Əliyev imkanı qaçırdı; Sanksiyalardan başqa əlac qalmayıb”


David Kramer: “Heç bir siyasi məhbusu azadlığa buraxmamaq Konqresdə sanksiyalar haqda qanun layihəsinə dəstək qazandıracaq”

Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya üzrə baş direktoru David Kramer “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda insan haqlarının vəziyyəti, prezident İlham Əliyevin əfv fərmanına heç bir siyasi məhbusun düşməməsi və bunun ABŞ Konqresinə təqdim olunmuş “Azərbaycan Demokratiya Aktı”nın qəbuluna təsirlərindən danışıb. Onun sözlərinə görə, siyasi məhbusları azadlığa  buraxmamaqla Azərbaycan hökuməti özünün Qərbdəki imicinə zərər vurmaqda davam edir və nə vaxtsa bu kursun fəsadları ilə üzləşməli olacaq. “Freedom House”un sabiq direktoru David Kramerlə müsahibəni təqdim edirik.

 

– Azərbaycanda prezident İlham Əliyev illik əfv sərəncamı imzalayıb. Əfv olunanlar arasında heç bir siyasi məhbusun adı yoxdur. Və elə həmin gün jurnalist Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Sizin münasibətinizi bilmək istərdik.

– Məyusedicidir. Prezident Əliyevin xüsusilə ciddi sağlamlıq problemləri yaşayan məhbuslar da daxil olmaqla, bir çox siyasi məhbusu azadlığa buraxmaqla düzgün addım atmaq şansı var idi. Ancaq o bu imkanı qaçırdı. Bunun əvəzində siyasi məhbusların azad olunmaması ilə yanaşı başqa bir jurnalist 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu gedişlə təəssüf ki, vəziyyət daha da pisə doğru gedir.

 

– Ötən həftələrdə Azərbaycanda bir neçə siyasi məhbusun azadlığa buraxılacağının mümkünlüyünə işarə edilmişdi. Ancaq Azərbaycan Demokratiya Aktının təqdimatı ilə bu, Azərbaycan hökumətinin Qərbin təzyiqləri qarşısında baş əydiyini göstərə bilərdi. Bu, İlham Əliyevin Qərbin təzyiq dilini qəbul etməyəcəyini deməsidirmi?

– Konqresmen Smitin qanun layihəsi Azərbaycada insan haqlarına görə hökumət rəsmilərinə sanksiyaların tətbiqi barədə ilk belə müzakirə deyil. Təəssüf ki, bu, Bakıdakı rəsmilərin bəhanəsinə çevrilib ki, onlar siyasi məhbusları azad etmək istəyirdilər, ancaq təqdim olunan akta görə bunu etməyiblər. Mən buna inanmıram. Leyla və Arif Yunusun həbsxanadan azad edilməsi humanitar səbəblərlə baş verib, ancaq bütün ittihamlar onların üzərində qalıb və onlar hətta əlavə ittihamlarla da üzləşir. Onların vəziyyəti  tam həll edilməyib, belə ki, onlar azadlığa çıxsa da, ehtiyacları olduğu tibbi müalicəni almaq üçün ölkəni tərk edə bilmirlər. Bu vəziyyət həddən artıq uzun müddət davam etməkdədir. Fikrimcə, bu akta istinad etmək sadəcə, Bakıdakı rəsmilər üçün bəhanədir. Əslində onlar bu imkanı əldən verməklə aktın qəbulu istiqamətində öz dəstəklərini nümayiş etdirirlər.

 

– Azərbaycan rəhbərliyinin bu addımı Azərbaycan Demokratiya Aktının qəbulu şanslarını artırırmı?

– Mən 2012-ci ildə Sergey Maqnitski qanunun qəbulunda iştirak etmişəm. Bu qanun layihəsi ilk dəfə 2010-cu ildə müzakirəyə qoyulub və Obama administrasiyasındakı fikir ayrılıqlarını aradan qaldıraraq yetərli dəstəyin əldə edilməsi 2 il yarım vaxt alıb. Maqnitski qanunu 2012-ci ilin sonunda qəbul olundu. Mən deyərdim ki, biz indi Azərbaycan Demokratiya Aktı üçün 2010-cu ilin vəziyyətindəyik. İlkin mərhələdəyik. Konqresmen Smit dəstəkçilər cəlb etməyə çalışır. Və təəssüf ki, prezident Əliyevin heç bir siyasi məhbusu azadlığa buraxmamaqla bağlı təəssüfedici qərarı çox guman ki, Konqresdə bu qanun layihəsinə dəstək qazandıracaq. Heç birimiz bu qanunun qəbulunu istəmirik. Ancaq çoxumuz hiss edirik ki, biz ikitərəfli təmaslar, özəl siyasət, ictimai siyasət və bəzi ictimai hədələr də daxil olmaqla demək olar, hər şeyi yoxlamağa çalışmışıq, bu qanundan başqa əlac qalmayıb. Əgər siyasi məhbuslar azadlığa buraxılsa, o zaman bu qanun layihəsi kənara qoyulacaq. Bu qədər sadədir. Siyasi məhbusların azadlığa buraxılması həm də Azərbaycanın öz maraqlarına xidmət edir. Belə ki, orada insanlar ifadə, söz və toplaşma azadlığının dadını çıxaracaq və nəsə dedikləri halda hökumətin onları təqib edəcəyini düşünməyəcəklər.

 

– Azərbaycan rəhbərliyi daxilində bəziləri sanksiyaların qəbulunun qarşısını almaq üçün Vaşinqtonda lobbiçilik fəaliyyətlərinin gücləndirilməsinə çağırıb. Amerikadakı Azərbaycan lobbiçiləri nə dərəcədə təsir qabiliyyətinə malikdir?

– Lobbiçilər Azərbaycandakı vəziyyətin effektiv olduğu qədər effektiv ola bilərlər. Amma orada durum həddən artıq ağırdır. Bu, gözdən pərdə asmaq kimi ola bilər və bunun köməyi olmayacaq. Konqres üzvləri Azərbaycanda pisləşən vəziyyət barədə daha çox məlumatlandıqca lobbiçilər kampaniyası əks-effekt verə bilər. Orada Xədicənin həbsi, ABŞ-ın maliyyələşdirdiyi qurum olan Azadlıq Radiosuna təzyiqlər və s. məsələlər problemin həllinə kömək etmir. Lobbiçilər çətin ki, bu məsələləri xalça altına süpürə bilsinlər. Daha artıq məlumatlandırma olduqca qanun layihəsinə dəstək də artacaq. Fikrimcə, lobbiçilərin işə cəlb edilməsi pul itkisindən başqa bir şey deyil.

İndi isə neft qiymətinin düşməsi ilə Azərbaycanın da əvvəlki qədər pulu yoxdur. Hökumətin qat-qat az xərcli addımlar atmaq imkanı var. Buraya xüsusilə siyasi məhbusların azad olunması daxildir. Bu, Vaşinqtonda Azərbaycanın imicinin inkişafına hər şeydən çox xidmət edərdi.

 

– Azərbaycan maliyyə çətinlikləri ilə üzləşir, neft qiymətləri son 11 ildə ən ucuz səviyyədədir. Bu, ABŞ üçün Azərbaycanın geostrateji mühümlüyü barədə nə deyir?

– Hətta neft qiymətlərinin düşməsi ilə də Azərbaycan ABŞ üçün əhəmiyyəti olan ölkə statusuna malikdir. Buraya enerji ilə yanaşı təhlükəsizlik səbəbləri də daxildir. Bu, yalnız Əfqanıstan tranziti ilə məhdudlaşmır. İranla Rusiya arasında yerləşən Azərbaycan terrorizmə qarşı mübarizə üçün mühüm coğrafi məkanda yer alır. Burada hamımız ABŞ-la Azərbaycan arasında əlaqələrin çiçəklənməsini istəyirik. Bu, məni çox xoşbəxt edərdi. Ancaq biz bunu edə bilmərik, çünki Azərbaycan müstəqillik əldə edəndən bəri ölkədə insan haqlarına qarşı ən qəddar təzyiqlərin şahidi oluruq. Biz prinsiplərimizi qurban verə bilmərik. Azərbaycan mühüm olaraq qalır. Ancaq Azərbaycan hökuməti bu yolla davam etsə, mühümlüyünü azalda bilər. Düzgün və lazımlı addımların atılması Bakıdan asılıdır və əgər onlar bunu etməsə, qanun layihəsinə dəstəyin artması ehtimalı böyükdür. (azadliq.info)


Teqlər