Avq 09, 2016 18:16 Asia/Baku
  • Fikrət Sadıqov: “Rusiya Qarabağ mövzusunda axtarışlarını davam etdirir”
    Fikrət Sadıqov: “Rusiya Qarabağ mövzusunda axtarışlarını davam etdirir”

Fikrət Sadıqov: “Rusiya Qarabağ mövzusunda axtarışlarını davam etdirir”

Azərbaycanda reallaşan Rusiya, İran, Azərbaycan ölkə başçılarının görüşü ilə bağlı müxtәlif fikirlәrin səsləndirilmәsi davam etməkdədir. Belə ki, "Bakıda üçtərəfli görüş: Rusiya, İran və Azərbaycan yeni geosiyası reallıqlarda" adlı mətbuat konfransında çıxış edən tanınmış rusiyalı politoloq, siyasi Araşdırmalar İnstitutunun rəhbəri Serqey Markov bildirib ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tarixi qərar veriləcək: “Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşündə bir sıra vacib məsələlər öz həllini tapıb. Burada söhbət münaqişənin tam həllindən getmir. Bu həll müvəqqəti və güzəştli həll variantıdır. Bu güzəştin məğzi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi müqabilində Ermənistanın blokadadan çıxarılmasından və Dağlıq Qarabağla sərhəd rayonların demilitarizasiyasından ibarətdir”.

Politoloq Fikrət Sadıqov deyib ki, Markovun fikirlərini rəsmi nümayəndələrin fikirləri kimi qəbul etmək düzgün deyil: “Serqey Markov kifayət qədər tanınmış bir politoloqdur. Amma Markov rəsmi strukturların nümayəndəsi deyil. Onun fikirlərini rəsmi nümayəndələrin fikirləri kimi qəbul etmək düzgün deyil. Markovun fikirlərini sadəcə bir siyasətşünasın fikirləri kimi qəbul etməliyik. Amma reallıqlar fərqli prosedurlarla müşahidə edilir. Dağlıq Qarabağ mövzusu beynəlxalq hüquq normasında qeyd edilməlidir. Putin Azərbaycanda qeyd etdi ki, bu mövzuda Azərbaycan və Ermənistan tərəfinin maraqları qeydə alınmalıdır. Amma biz Madrid və Kazan prinsiplərinə əsaslanırıq. Bu isə ondan ibarətdir ki, qeyd şərtsiz torpaqların azad olunması prosesi təcili olaraq başlanmalıdır. Biz bunun müqabilində heç bir qurumu dövlət qurumu səviyyəsində tanımaq fikrində deyilik. Belə bir istiqamətdə addımların atılması müzakirə mövzusu deyil. Biz hәmin danışıqları inkişaf etdirmək istiqamətində addımları davam etdirə bilərik. Dağlıq Qarabağa veriləcək status danışıqların nəticəsində öz məntiqi həllini tapacaq. Əsl reallıq bundan ibarətdir. Hal-hazırda bu mövzular ətrafında axtarışlar gedir. Rusiya regionun aparacı ölkəsi kimi axtarışları davam etdirir. Düşünürəm ki, bu axtarış nəticəsində müəyyən nəticələr əldə edilməlidir. Rusiya anlayır ki, yaranmış kontekstdə Azərbaycan Rusiya üçün strateji əməkdaşa çevrilir. Bu prosesin davamlı olması gələcək addımlardan asılı olacaq”.

 

Deyerler.Org

 

Teqlər