Avq 25, 2016 07:23 Asia/Baku
  • Zərdüşt Əlizadə
    Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə: “ Türkiyənin hədəfi təbii ki, İŞİD-dir, eyni zamanda bəhanəsidir”

Türkiyənin Suriyaya daxil olması təbii ki, birmənalı qarşılanmır. Suriya hökuməti bu hücumu beynəlxalq hüquqa zidd hesab edir və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Amma Türkiyə bu hücumunda israrlıdır və ehtiyac olarsa şimala doğru da irəliləcəyini istisna etməyib. Ekspertlərin fikrincə Türkiyə uzun zamanlı bir hücum planlaşdıra bilməz.

Politoloq Zərdüşt Əlizadə baş verən prosesləri Deyerler-org-a şərh edərkən deyib ki, Türkiyənin bu hücumu məhdud məqsədli və məhdud zaman kəsiyində həyata keçirilən bir əməliyyatdır: “Terrorla mübarizə adı altında Türkiyə ordusu zman-zaman İraq Kürdüstanına da daxil olurdu. İndi də Türkiyədəki terror dalğasına qarşı mübarizə elan edilib. Türkiyə hökuməti qeyd edir ki, onlar İŞİD-in bazalarını vuracaq. Amma düşünürəm ki, Türkiyə İŞİD-lə eyni zamanda Suriya kürdlərinin də bazalarını vuracaqlar. Bununla da Türkiyəyə qarşı qaldırılan və Qərb və ABŞ tərəfindən dəstəklənən qruplaşmaların da qarşısını almağa çalışacaqlar. Təbii ki, İŞİD hədəfdir, eyni zamanda bəhanədir. Türkiyə Suiya kürdlərini də vuracaq ki, Türkiyə kürdləri ilə sıx əməkdaşlıq edə bilməsin.

Rusiya və Türkiyə münasibətləri normallaşır, amma hər bir dövlətin öz maraqları var. Onlar şəraitə uyğun əməkdaşlıq edirdilər. Amma strategiya baxımından Türkiyə NATO-nun üzvüdür. Təbii ki, ABŞ Türkiyənin Suriya kürdlərini vurmasını bəyənməyəcək. ABŞ Suriya kürdlərinin darmadağın edilməsinə razı olmayacaq. Amma Türkiyənin öz hədəfləri var. Türkiyə istəyir ki, İraqda, Suriyada və Türkiyədə olan kürdəri ümumi bir məcraya salsın. Amma unutmayaq ki, Türkiyənin rəqibləri də çox güclüdür. Kürd dövləti layihəsini dəstəkləyən Qərb, Türkiyə ilə müqayisədə qat-qat güclü siyasi bir oyunçudur”.

Teqlər